24 oktyabr 2025 10:25
136

Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala, biri yarımfinala yüksəlib

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasından “İki sahil”ə verilən məlumata görə, mərhələnin son günündə oğlanlardan ibarət milli komandamızın daha bir üzvü yarımfinala vəsiqə əldə edib.

66 kiloqramda Nurlan Müseyibli Vladimir Versesjanla (Estoniya) üz-üzə gəlib. O, döyüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qələbə qazanan və özü üçün azı bürünc medalı təmin edən Müseyibli yarımfinalda Arda Fidanla (Türkiyə) gücünü yoxlayacaq.

Qız boksçularının mübarizəsində isə millimizin iki üzvü finala yüksəlib. Nəsrin Abdullazadə (40 kq) yarımfinalda Elliemay Feterstonu (İrlandiya) 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. Təmsilçimiz həlledici görüşdə Madlin Laverik-Arnotla (İngiltərə) qarşılaşacaq.

Xumar Cəfərli (75 kiloqram) isə Alina Papaşvili (Ukrayna) ilə dueli aktivinə yazıb. İlk raundda tam üstünlüklə qalib gələn boksçumuz finalda Yağmur Eryurtlə (Türkiyə) qüvvəsini sınayacaq.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq.