24 oktyabr 2025 00:58
153

Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü təsdiqləyib

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri zamanı əsas diqqət göstərilən məsələlərdən biri energetika sahəsində əməkdaşlıq, investisiya layihələrinin uğurlu icrası oldu

Regionun iqtisadi mərkəzinə çevrilən Azərbaycanın malik olduğu təbii resurslar, yerləşdiyi coğrafi məkan, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji laihələri, tranzit imkanlar, bunların fonunda ictimai-siyasi sabitlik ölkəmizin investisiya cəlbediciliyini daha da artırır. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan 1994-cü ildən Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasını uğurla həyata keçirməklə qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olan dövlətlərin və şirkətlərin sayı günbəgün artmağa başladı. “Əsrin müqaviləsi” dünya iqtisadi sisteminə inteqrasiyanın əsasını qoydu. Bu sazişin imzalanması ilə ölkəmizin bugününə və gələcəyinə inam artdı. Azərbaycan etibarlı və arzuolunan tərəfdaşa çevrildi. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə dünyanın enerji xəritəsini yenidən tərtib edib. Bu layihələr həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu beynəlxalq səviyyədə təqdir edilir.

Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri zamanı keçirdiyi görüşlərdə, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında da ölkəmizin iqtisadi qüdrətindən, investisiya cəlbediciliyindən, aparılan təkmil islahatlardan geniş bəhs edildi. Azərbaycanın nəqliyyat imkanları xüsusi vurğulandı.

Qazaxıstan Prezidenti bildirdi ki, hər iki tərəf müştərək müəssisələrin yaradılmasına marağı ifadə etdi və bu məsələdə əhəmiyyətli irəliləyişlər var. Transformatorların birgə istehsalını təşkil etmək planlaşdırılıb. Mənzil və infrastruktur obyektlərinin tikintisi aparılır, gəmiqayırma sahəsində birgə layihələr hazırlanır. Hökumətlərə bu istiqamətləri nəzarətdə saxlamaq və ən qısa müddətdə sənaye əməkdaşlığının inkişafı üzrə plan və ya yol xəritəsi qəbul etmək tapşırılıb. Perspektivli, qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan birbaşa investisiyalar fondunun fəaliyyətinin aktivləşdirilməsi qərara alınıb. İki ölkənin işgüzar dairələri arasında təmasların gələcəkdə də genişləndirilməsinin zəruriliyi qeyd olunub. Bununla bağlı səfər çərçivəsində keçirilən Qazaxıstan-Azərbaycan biznesforumu böyük əhəmiyyətə malikdir. Danışıqlar zamanı infrastruktur layihələrinin, xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) kimi mühüm strateji dəhlizin reallaşdırılması gedişi nəzərdən keçirilib. Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir. Belə ki, artım 2 faiz təşkil edib. Xarici tərəfdaşlarla “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi üzərində işləyirik. Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək.

Energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqli üzrə birgə işimiz məmnunluqla qeyd edildi. Bu rəqəm açıqlandı ki, keçən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti təxminən 1,5 milyon ton təşkil edib. Yaxın vaxtlarda bu həcmi xeyli artırmaq nəzərdə tutulur. Milli enerji sistemlərinin inkişafına impuls olacaq daha bir layihə dərin su altında elektrik kabelinin çəkilməsidir. Bu, yaşıl enerji ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək. Azərbaycan ərazisindən xarici bazarlara Qazaxıstanın uran məhsullarının tədarükü çərçivəsində böyük iş aparılır.

Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinun təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Hazırkı dövrün əsas çağırışı olan yaşıl enerjiyə keçid uğurla həyata keçirilir. Bərpaolunan enerji mənbələrinə yatırılan investisiyalatın həcmi artırılır. Bu istiqamətdə birgə layihələrin icrası istiqamətində mühüm addımlar atılır. Azərbaycanın enerji diplomatiyasının uğurları bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində omzalanan sənədlər arasında energetika sahəsinə xüsusi önəmin verildiyi də diqqətdən kənarda qalmadı. Belə ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” və “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalandı.

Onu da qeyd edək ki, bugünədək Azərbaycan iqtisadiyyatına 350 milyard dollar investisiyanın yatırılması özündə mühüm məqamları ehtiva edir. Bu rəqəmin 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda Azərbaycan investisiya yatırılan ölkə olmaqla yanaşı, investisiya yatıran qüdrətli dövlətə çevrilib. Əlbəttə ki, bütün bunlar həyata keçirilən düşülmüş siyasətin, təkmil islahatların nəticəsidir.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda investisiyaların həcmində artım diqqətdən kənarda qalmır. Qalib, yeni dövrün Azərbaycanı dayanıqlı iqtisadi inkişafı ilə diqqətdədir. Bu fikir beynəlxalq maliyyə qurumlarının hesabatlarında da qeyd edilir ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb olunmasına çalışır. Biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər səmərə verir. Prezident İlham Əliyevin əsas hədəflərindən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirməkdir. Bu səbəbdən də ölkədə iqtisadi müstəqillik əsas prioritet olub və siyasi müstəqillik üçün əsas rolunu oynayır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misli görünməmiş yenidənqurma, tikinti-quruculuq işlərinin heç kimdən yardım almadan dövlətin öz gücünə həyata keçirməsində bir daha özünü təsdiqləyir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın investisiya cəlbediciliyini şərtləndirən əsas amil ölkəmizdəki sabitlik və normal investisiya mühitinin yaradılmasıdır. Bu fakt inkaredilməzdir ki, hər bir dövlət, şirkət bu və ya digər ölkənin iqtisadiyyatına investisiya yatırarkən ilk növbədə demokratik inkişafın əsas göstəricilərindən olan sabitliyə xüsusi diqqət yetirir. Qoyulan investisiyanın təhlükəsizliyinin təminatı bütün dövrlər üçün aktul hesab edilir. Azərbaycana investisiya yatırmaq istəyən ölkələrin sayı getdikcə artırır. İnvestisiya imkanlarının genişlənməsi ölkə iqtisadiyyatına, həmçinin Azərbaycanın digər ölkələrin iqtisadiyyatına qoyduğu sərmayələrin həcminin artmasından da aydın görünür. Əsas hədəf Azərbaycanın bütün sahələrdə təcrübəsinin nümunə olduğunu dünyaya nümayiş etdirməkdir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında ölkəmizin reytinq göstəriciləri bu hədəfin reallıq olduğunu təsdiqləyir.

Onu da qeyd edək ki, hazırkı dövrün prioritetləri sırasında yer alan süni intellektin sürətli inkişafını nəzərə alaraq, informasiya texnologiyaları (IT) sektorunda geniş imkanlar açılır. Dövlətimizin başçısının Qazaxıstan səfəri zamanı müzakirələrdə, imzalanan sənədlərdə də bu məsələyə xüsusi önəm verildi. Qazaxıstan Prezidenti vurğuladı ki, ölkəsi dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında, IT texnologiyalarının inkişafında təcrübə qazanıb və biz bu sahədə müştərək layihələrin həyata keçirilməsinə hazırıq. Danışıqların gedişində Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi üzrə layihələrin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub. Hökumətlərə onun hazır olmasını qısa müddətdə təmin etmək tapşırılıb.

Azərbaycanın nəqliyyat imkanlarına diqqəti yönəldən cənab İlham Əliyev bildirdi ki, bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq: “Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər. Bildiyiniz kimi, avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri TRIPP (The Trump route for international peace and prosperity) layihəsidir. Prezident Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi.”

Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir. Azərbaycanın enerji və nəqliyyat imkanları ona yeni dostlar qazandırmaqla yanaşı, ənənəvi tərəfdaşları ilə əlaqələrinin yeni prioritetlər üzrə inkişaf etdirməsinə geniş imkanlar açır. Qazaxıstanlı ekspertlər bildirirlər ki, Orta Dəhliz ilkin mərhələdə Çinlə Avropa arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi məqsədi daşısa da, hazırda bu marşrut qlobal iqtisadi və geosiyasi əhəmiyyət qazanıb. Bu il Zəngəzur dəhlizi (TRIPP) layihəsi ilə bağlı baş verən mühüm hadisələr Orta Dəhlizin inkişafında yeni mərhələ açır. ABŞ şirkətlərinin bu istiqamətdə fəal iştirakı region üçün əlavə investisiya və texnoloji imkanlar yaradır. Həm Qazaxıstan, həm də Azərbaycan bu dəhlizin inkişafına ardıcıl şəkildə sərmayə yatırır, bu isə yalnız logistika infrastrukturunun deyil, bütövlükdə regional iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu mühüm məqam da xüsusi qeyd olunur ki, bütün bu təşəbbüslər iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsini təmin edəcək. Yaxın illərdə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağı, qarşılıqlı sərmayələrin və inteqrasiya layihələrinin miqyasının daha da genişlənəcəyi gözlənilir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələrin, xalqların bir araya gəlməsində körpü rolunu oynayır. Azərbaycan hər zaman yeni körpülərin qurulmasında maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin çağırışlarında “Biz yeni körpülər qurduq” fikirlərinin xüsusi yer alması da ölkəmizin əməkdaşlığa, birgə səylərin göstərilməsinə nə qədər maraq göstərdiyini nümayiş etdirir.

Prezident İlham Əliyev bu fikri də xüsusi qeyd etdir ki, təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq. Çünki bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsan. Beləliklə, Xəzərin şərq sahilində yerləşən ölkələrlə, bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Gürcüstan, Türkiyə və bir çox Avropa ölkələri ilə güclü əlaqələrimiz var.

Azərbaycanın tranzit imkanları əməkdaşlıq əlaqələrinin dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. O da məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır.

Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Başqa sözlə deyilsə, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer aldığı təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Qazaxıstan səfəri zamanı qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə birgə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatında iştirak etdilər. Bildirildi ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü təsdiqləyib.

Yeganə Əliyeva, “İki sahil”