Müasir dövrdə sənayenin, texnologiyaların sürətli inkişafı təbiətə mənfi təsirlər göstərərək ətraf mühitin çirklənməsi kimi problemlər yaratmaqla insanlığın gələcəyini təhlükə altına salır. Dünyanın müxtəlif regionlarında sürətlə gedən sənayeləşmə, urbanizasiya və texnoloji inkişaf bəşəriyyətə yeni imkanlar qazandırmaqla yanaşı, təbii resursların tükənməsi, ekoloji tarazlığın pozulması və iqlim dəyişikliyi kimi problemləri də gündəmə gətirmişdir. Bu səbəbdən, ətraf mühitin qorunması həm yerli, həm də qlobal səviyyədə ən vacib məsələlərdən birinə çevrilmişdir. Ətraf mühitin qorunması yalnız ekoloji məsələ deyil, həm də sosial, iqtisadi və mədəni inkişafla sıx bağlıdır. Sağlam ekoloji mühit insanların sağlam həyat sürməsini təmin edir, təbiət sərvətlərinin gələcək nəsillərə ötürülməsinə şərait yaradır, iqlim dəyişikliyinin mənfi təsirlərini azaldır və dayanıqlı iqtisadi inkişaf üçün zəruri təməl yaradır.
Ətraf mühitin qorunması üçün hər bir fərdin və dövlətin üzərinə müəyyən vəzifələr düşür. Ətraf mühitin mühafizəsi qlobal miqyasda da mühüm əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi, su ehtiyatlarının azalması, biomüxtəlifliyin məhv olması kimi problemlər yalnız beynəlxalq əməkdaşlıq və ekoloji siyasətin gücləndirilməsi ilə aradan qaldırıla bilər. Azərbaycanda son illərdə ətraf mühitin, meşə fondunun, su ehtiyatlarının qorunması, havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, ağacəkmə aksiyaları keçirilərək on minlərlə ağac əkilmiş, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq gücləndirilmişdir. Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkəmizin iqlim diplomatiyasında rolunu artırmaqla beynəlxalq ekoloji gündəmdə aktiv rol almasını bir daha sübut etmişdir.
Ətraf mühitin mühafizəsinin təmin edilməsi Azərbaycan Respublikasının əsas prioritet hədəflərindən biridir. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövqeyi və təşəbbüsləri xüsusi rol oynayır. Onun çıxışları və qərarları ölkədə ekoloji tarazlığın qorunmasını, təbii sərvətlərin dayanıqlı idarə edilməsini və yaşıl enerji keçidini dövlət siyasətinin əsas komponentinə çevirmişdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ətraf mühitin qorunmasının vacibliyinə toxunaraq təbitəi qorumağın bizim borcumuz olduğunu vurğulamış, ətraf mühitin qorunması, meşələrin qırılmasının qarşısının alınması ilə sərt göstərişlər vermişdir. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi ilə bağlı layihələrin, həmçinin bərpa olunan enerji resurslarının inkişafı istiqamətində bir çox tədbirlərin həyata keçirilməsi, günəş və külək enerjisi stansiyalarının tikintisi, bununla bağlı xarici investorlarla müqavilələrin bağlanması onun bu sahəyə verdiyi önəm və əhmiyyətin təzahürüdür. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezindentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamında da “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Azərbaycanın 2030-ci ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi müəyyən edilmişdir. Belə ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ekoloji təhlükəsizlik xüsusi yer tutur. Qeyd edilən Milli Prioritetlər çərçivəsində iqlim dəyişmələri, alternativ enerji, tullantıların idarə olunması və biomüxtəlifliyin qorunması üzrə “Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə olunmasına dair Milli Strategiya” (2018–2030, “Azərbaycan Respublikasının meşə fondu torpaqlarında meşələrin bərpası və artırılması üzrə Dövlət Proqramı” (2020–2040), “Azərbaycan Respublikasının su ehtiyatlarının idarə olunması üzrə 2020–2030-cu illər üçün Dövlət Proqramı”, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları (2021) kimi Dövlət proqramları qəbul olunmuşdur. Bu prioritet Azərbaycanın ekoloji təhlükəsizliyini təmin etmək və iqtisadi inkişafı “yaşıl” prinsiplər əsasında qurmaq məqsədi daşımaqla əsas hədəfləri bərpa olunan enerji mənbələrinin yaradılması, enerji səmərəliliyinin arıtırılması, su ehtiyatlarının qorunması, məişət və sənaye tullantılarının idarə olunması, biomüxtəlifliyin və ekosistemlərin qorunmasıdır.
Azərbaycanın ekoloji təhlükəsizliyinin təmin olunması, təbii sərvətlərin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər arasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyevin Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Hərəmiz bir ağac əkək!”, “Yaşıl dünya naminə həmrəylik!” kimi genişmiqyaslı proqramlar sayəsində ölkənin müxtəlif regionalarında milyonlarla ağac əkilmiş, şəhər və kəndlərdə yeni yaşıllıq zonaları salınmış, bu layihələr ekoloji mühtiin yaxşılaşdırılmasına, iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına mühüm töhfə vermişdir.
Azərbaycanda son illərdə ətraf mühitin qorunması sahəsində qanunvericilik təkmilləşdirilmiş, nəzarət mexanizmləri və qanun pozuntularına qarşı mübarizə gücləndirilmişdir.
Azərbaycan Respublikasının ən yüksək hüquqi qüvvəyə malik qanunvericilik aktı olan Konstitusiya və digər bir çox qanunvericilik aktları ilə ətraf mühitin qorunması hüquqi baxımdan təmin edilir. Azərbaycan Respublikası Kontitusiyasının 39-cu maddəsində insan və vətəndaşların əsas hüquqlarından biri kimi hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnun olması, ətraf mühitin, ekoloji tarazlığın saxlanılmasının dövlət tərəfindən təmin edilməsi göstərilmişdir. Bu hüquqi baza ətraf mühitin qorunmasını dövlət siyasətinin prioriteti kimi göstərir və vətəndaşları da ekoloji məsuliyyət daşımağa təşviq edir. Bundan başqa “Ətraf mühitin mühafizəsi haqqında” Qanunla ətraf mühitin mühafizəsi üzrə dövlət siyasəti və prinsipləri, təbii ehtiyatların qorunması, hüquqpozmaların qarşısının alınması və məsuliyyət tədbirləri, “Ekoloji təhlükəsizlik haqqında” Qanunla ətraf mühitə və insan sağlamlığına təhlükə törədən fəaliyyətlərin qarşısının alınması və risklərin azaldılması, “Atmosfer havasının mühafizəsi haqqında” Qanunla havanın çirkləndirilməsinin qarşısının alınması, istehsalat tullantılarının normalaşdırılması və nəzarət tədbirləri tənzimlənir. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması inzibati və cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətalar müəyyən edilmiş, Cinayət Məcəlləsində isə ekoloji cinayətlər cəza təhdidi altında qadağan edilmişdir.
Həmçinin Azərbaycan Respublikası bir sıra beynəlxalq ekoloji konvensiyalara qoşulmuşdur. Bunlara BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, “Biomüxtəliflik haqqında” Konvensiya, “Sərhədlərarası su axınlarının və beynəlxalq göllərin qorunması və istifadəsi haqqında” Konvensiya və digər sənədlər daxildir. Bu konvensiyalarla Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklər milli qanunvericiliklə uzlaşdırılaraq effektiv şəkildə tətbiq edilir.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu il yalnız dövlət müstəqilliyinin və hüquqi sistemin möhkəmləndirilməsi ilə bağlı deyil, həm də vətəndaşların hüquq və vəzifələrini, o cümlədən ətraf mühitin qorunması sahəsində məsuliyyətlərini təbliğ etmək baxımından əhəmiyyət kəsb edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu hüquqların təbliği daha geniş auditoriyaya çatdırılır. Dövlətin suverenliyi yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də ekoloji sahədə özünü göstərir. Suveren bir dövlət ərazilərində təbii resursların qorunmasını və ətraf mühitin dayanıqlı istifadəsini təmin etməlidir. Bu məqədlə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ətraf mühitin qorunması sahəsində müxtəlif tədbirlər, maarifləndirmə kampaniyaları, hüquqi tədbirlər, aksiyalar, beynəlxalq əməkdaşlıq həyata keçirilir. “Konstitusiya və Suverenlik İli” milli dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, ətraf mühitin qorunması sahəsində vətəndaşların hüquq və vəzifələrinin önəmini vurğulayır. Konstitusiya hüquqları və dövlət suverenliyi ekoloji təhlükəsizliyin təmin edilməsində bir-birini tamamlayır. Bu il çərçivəsində həyata keçirilən tədbirlər həm hüquqi, həm də ekoloji mədəniyyətin artırılmasına xidmət edir, vətəndaşların sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququnun qorunmasını təmin edir.
Ətraf mühitin qorunması üzrə qanunvericilik Azərbaycanda kifayət qədər geniş və müasir beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Əsas məsələ bu qanunların icrası, nəzarətin gücləndirilməsi və ictimai iştirakçılığın təmin olunmasıdır. Qanunların effektiv tətbiqi həm təbiəti, həm də insanın sağlam gələcəyini qorumağa xidmət edir.
Ətraf mühitin qorunması dövlətin prioritet istiqamətlərindən biri olmaqla yanaşı, hüquq-mühafizə orqanlarının da fəaliyyətində mühüm yer tutur. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə prokurorluq orqanlarının rolu xüsusilə diqqətəlayiqdir. Azərbaycan Respublikasının Prokurorluq orqanları ekoloji hüquqpozmalara qarşı mübarizədə mühüm rol oynayır və bu sahədə qanunçuluğun təmin olunması üçün zəruri tədbirlər həyata keçirir.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Tədbirlər Planı hazırlanaraq , Azərbaycan Respublikasının Konstitusiyası və “Prokurorluq haqqında” Qanunla verilmiş səlahiyyətlər çərçivəsində prokurorluq orqanları tərəfindən ekoloji qanunvericiliyin pozulması halları ilə bağlı digər səlahiyyətli dövlət orqanları ilə birlikdə çoxsaylı yoxlamalar təşkil olunmuş, xüsusilə sənaye müəssisələrinin fəaliyyətində ətraf mühitə təsir edən faktorlar araşdırılmış, meşə fonduna daxil olan ağacların qanunsuz kəsilməsi, su ehtiyatlarının çirkləndirilməsi və təbii sərvətlərin icazəsiz istismarı ilə bağlı bir neçə cinayət işləri başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin edilmiş, həmçinin aidiyyəti icra hakimiyyəti və dövlət qurumlarına təqdimatlar verilərək hüquq pozuntularının qarşısının alınması tələb edilməklə qanun pozuntularına şərait yaradan məsul şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına nail olunmuşdur.
Ümumilikdə 2020-ci ildən bugünədək ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktları ilə əlaqədar çox sayda inzibati xəta haqqında iş üzrə icraat və cinayət işləri başlanmaqla təqsirli şəxslər barəsində zəruri məsuliyyət tədbirləri görülmüş, həmçinin ətraf mühitə vurulmuş milyonlarla ziyanın ödənilməsi təmin edilmişdir.
Ekoloji hüquqpozmalara qarşı mübarizə və bu qəbildən pozuntuların qarşısının alınması sahəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Cinayət təqibindən kənar icraatlar idarəsi və yerlərdə həmin sahəyə cavabdeh olan prokurorluq əməkdaşları tərəfindən digər dövlət qurumlarından və vətəndaşlardan ekoloji hüquqpozmalarla bağlı daxil olmuş müraciətlər həssaslıqla araşdırılaraq təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi, ətraf mühitə vurulmuş zərərin bərpa edilməsi təmin edilmişdir. Bundan başqa, İdarə tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təşkilatlara və yaxud vəzifəli şəxslərə təqdimatlar göndərilmiş, həmçinin qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıqlar edilmişdir.
Son illərdə rəqəmsal nəzarət sistemləri və peyk müşahidələri ilə bağlı məlumatlardan istifadə olunaraq, prokurorluq bəzi hallarda çevik müdaxilə imkanlarına malik olub. Bu yanaşma meşə qırıntılarının və qeyri-qanuni tikintilərin aşkara çıxarılmasında effektiv olmuşdur.
Ətraf mühitin qorunmasının əsas üsullarından biri kimi maarifləndirmə və profilaktika işinin aparılması mühüm əhəmiyyət malikdir. Prokurorluq orqanları yalnız cəza tədbirləri ilə kifayətlənməmiş, cəmiyyətdə ətraf mühitin qorunması ilə bağlı maarifləndirməsi sahəsində bir çox addımlar atmışdır. Bu sahədə işin təşkili ilə əlaqədar prokurorluq orqanları tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlər, seminarlar təşkil edilməklə vətəndaşlar ətraf mühitin mühafizəsinin vacibliyi, ekoloji qanunvericilik və məsuliyyət barədə məlumatlandırılmışlar. Belə ki, 2024-cü il ərzində bir çox ərazi prokurorluqları tərəfindən media və qeyri-hökümət təşkilatlarının əməkdaşlarının iştirakı ilə “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbirlər təşkil edilməklə ekoloji hüquqpozmalara qarşı mübarizə, tullantıların idarə olunması, təbiət resurslarının qorunması kimi mövzular üzrə maarifləndirmə aparılmışdır. Bundan başqa, prokurorluq orqanları tərəfindən “Yaşıl dünya aksiyaları” çərçivəsində bir çox ağacəkmə aksiyaları keçirilməklə 1500-dən çox ağac əkilmişdir.
Həmçinin ətraf mühitin qorunması sahəsində prokurorluq digər dövlət qurumları, xüsusən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq edir. Eyni zamanda, beynəlxalq təşkilatlarla birgə layihələr icra olunur, qabaqcıl təcrübələr öyrənilir və tətbiq edilir.
2024-cü ilin noyabr ayında BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasında işgüzar səfərdə olan bir çox xarici dövlətlərin prokurorluq orqanlarının rəhbərləri ilə görüşlər keçirilərək ətraf mühitin mühafizəsi sahəsində həmin dövlətlərin hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür.
Prokurorluq orqanlarının ətraf mühitin mühafizəsinə verdiyi əhəmiyyətin təzahürüdür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə “COP 29”-un Blue Zone (Mavi Zona) bölməsində 200-dən çox xarici və yerli nümayəndənin iştirakı ilə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli tədbir keçirilmiş, bu tədbir “COP 29”-un ekoloji-siyasi aspektləri ilə yanaşı hüquqi müstəvinin də gücləndirilməsinə mühüm töhfə vermişdir. Tədbirdə Azərbaycan Respubliaksının Baş prokuroru Kamran Əliyev çıxış edərək ekoloji cinayətlərin qlobal təhlükəsizlik müstəvisində artan roluna diqqət çəkərək ətraf mühitin çirklənməsi, su ehtiyatlarının zəhərlənməsi, qanunsuz utilizasiya və digər ekoloji hüquqpozmalara qarşı mübarizənin yalnız milli yox, həm də beynəlxalq səviyyədə koordinasiyalı yanaşma tələb etdiyini qeyd etdmişdir.
Prokurorluq orqanları tərəfindən ətraf mühitin mühafizəsi tədbirləri və beynəlxalq əməkdaşlıq davamlı olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev “COP 30” çərçivəsində Braziliyanın Belem şəhərində təşkil edilmiş “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” adlı beynəlxalq plenar iclasda iştirak edərək çıxışında ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi və bu prosesdə prokurorluq orqanlarının fəal iştirakı barədə ətraflı məlumat vermişdir.
Prokurorluq orqanlarının və digər dövlət qurumlarının fəaliyyəti nəticəsində ekoloji hüquqpozmalarla bağlı mübarizə daha sistemli və məqsədyönlü şəkildə aparılsa da, bu sahədə daha böyük uğurlar əldə etmək üçün yalnız dövlət orqanlarının deyil, vətəndaş cəmiyyətinin də aktiv iştirakı vacibdir. Ətraf mühitin qorunması – yalnız dövlətin deyil, hər bir insanın vəzifəsidir. Təmiz və sağlam bir gələcək üçün hər birimiz təbiətə qarşı məsuliyyətli yanaşmalı, onu qorumağı həyat tərzinə çevirməliyik. Hər birimiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Təbiəti qorumaq hər bir insanın borcudur. Ətraf mühitin mühafizəi həm bugünkü nəsil, həm də gələcək nəsillər qarşısında bizim müqəddəs vəzifəmizdir” çağırışını rəhbər tutaraq təbiəti qorumalı, bugünkü və gələcək nəsillərin təmiz ətraf mühitdə yaşaması üçün öz üzərimizə düşən vəzifələri layiqli şəkildə yerinə yetirməliyik.
Kərim İsmayılbəyli,
Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri