22 dekabr 2025 14:40
120

“Şəhərsalma və Memarlıq İli” Azərbaycanın müasir, dayanıqlı inkişaf modelinin daha da möhkəmlənməsinə xidmət edəcək

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə imzaladığı sərəncam dövlətimizin uzunmüddətli inkişaf strategiyasının məntiqi və ardıcıl davamıdır. Bu mühüm sərəncam Azərbaycanın şəhər mühitinin keyfiyyətcə yeni mərhələyə keçidini, müasir memarlıq yanaşmaları ilə milli-mədəni irsin vəhdətini təmin etməyə yönəlmiş strateji çağırışdır.

Bu sözləri "İki sahil"ə Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla icra olunur: “Xüsusilə paytaxt Bakı ilə yanaşı, bölgələrdə müasir şəhərsalma standartlarına uyğun infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məkanlarının yenilənməsi və ictimai mühitin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu proseslərin daha sistemli, planlı və konseptual şəkildə davam etdirilməsinə xidmət edəcək”.

Deputat bildirib ki, dövlət başçısının Sərəncamın xüsusi əhəmiyyəti işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri fonunda daha aydın görünür: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilən layihələr müasir şəhərsalma təfəkkürünün, ekoloji tarazlığın və innovativ texnologiyaların tətbiqinin bariz nümunəsidir. Bu ərazilərdə yeni şəhər və kəndlərin salınması, tarixi-memarlıq abidələrinin bərpası Azərbaycanın gələcəyə baxışını və dayanıqlı inkişaf modelini əks etdirir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində memarlıq irsinin qorunması, milli memarlıq məktəbinin təşviqi, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi xüsusi önəm kəsb edəcək. Şəhər mühitində insan amilinin ön plana çəkilməsi, rahat, təhlükəsiz və estetik yaşayış məkanlarının yaradılması sosial rifahın yüksəldilməsinə xidmət edəcək əsas hədəflərdən biridir. Bu baxımdan, müasir şəhərsalma yalnız tikinti prosesi deyil, həm də sosial, mədəni və ekoloji dəyərlərin harmoniyasını təmin edən kompleks yanaşmadır”.

S.Salmanova onu da qeyd edib ki, Prezident İlham Əliyevin bu Sərəncamı dövlət qurumları ilə yanaşı, memarlar, mühəndislər və vətəndaş cəmiyyəti institutları üçün də yeni məsuliyyət və imkanlar yaradır: “Elmi-praktik konfransların, ictimai müzakirələrin, memarlıq müsabiqələrinin təşkili, gənc mütəxəssislərin təşviqi və peşəkar potensialın gücləndirilməsi şəhərsalma sahəsində innovativ ideyaların reallaşmasına təkan verəcək. Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın müasir, dayanıqlı və insan yönümlü inkişaf modelinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu təşəbbüs milli kimliyimizi əks etdirən memarlıq dəyərlərinin qorunması ilə yanaşı, gələcək nəsillər üçün rahat və estetik şəhər mühitinin formalaşdırılmasında mühüm rol oynayacaq və ölkəmizin inkişaf salnaməsində əlamətdar bir mərhələ kimi yadda qalacaq”.