23 oktyabr 2025 18:29
138

Makron pensiya islahatını dayandırır: Hökumət sosial büdcəyə düzəliş təqdim edib

Brüsseldə olan Fransa Prezidenti Emmanuel Makron iki gün ərzində Nazirlər Şurasının ikinci iclasını çağırıb. O, 2026-cı il üçün sosial müdafiə büdcəsinə düzəliş edilməsini təsdiqləyib. Bu düzəlişlə hökumət pensiya yaşının artırılmasını müvəqqəti dayandırır.

“İki sahil” xəbər verir ki, Matinyonun (Baş nazirlik) bəyanatına görə, hökumət bu qərarla pensiya yaşının artırılması trayektoriyasını dayandırır, yəni müvafiq nəsil üçün pensiyaya çıxma yaşı 62 il 9 ay səviyyəsində qalacaq. Eyni zamanda, iş stajının 170 rübə (təxminən 42,5 il) qaldırılması prosesi də dayandırılır.

“Parlament müzakirələri artıq bu yeni baza üzərində aparılacaq”, - deyə Matinyonun açıqlamasında qeyd olunur.

Nazirlər Şurasına təqdim olunan düzəliş sənədinə əsasən, bu tədbirin maliyyə yükü 2026-cı ildə 100 milyon avro, 2027-ci ildə isə 1,4 milyard avro təşkil edəcək. Bu xərclərin qarşılanması üçün hökumət əlavə tibbi sığorta fondlarını cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Milli Assambleyanın maliyyə komissiyası iclasında dövlət büdcəsinin gəlir hissəsini səs çoxluğu ilə rədd edib. Solçu partiyalar, ifrat sağçılar, eləcə də Respublikaçılar Partiyası (LR) bu bölmənin əleyhinə səs veriblər. Bu gərgin müzakirələr fonunda Jean-Luc Melenchon rəhbərlik etdiyi “Əyilməz Fransa” (La France insoumise-LFİ) qrupu 2026-cı il üçün “əks-büdcə” layihəsini təqdim edib. LFI deputatları 168 milyard avroluq investisiyaları maliyyələşdirə biləcəklərini iddia edirlər. Partiya 183 milyard avro gəlir toplamağı planlaşdırır və iqtisadçı Qabriel Zükman tərəfindən təklif olunan iki yeni vergi modelinə əsaslanır. Birinci, 100 milyon avrodan yuxarı sərvətlərə 2 faizlik minimum vergi, illik 20 milyard avro gəlir gətirə bilər. İkinci vergi modeli isə transmilli şirkətlərdən ədalətli vergi yığımı üzərində qurulub. Lakin tənqidçilər bu “Zükman” vergisinin gətirə biləcəyi gəlirin şişirdildiyini düşünürlər.

Beləliklə, Fransa hökuməti bir tərəfdən pensiya böhranını yumşaltmağa, digər tərəfdən isə büdcə tarazlığını qorumağa çalışır. Lakin parlamentdə solçu, sağçı və ifrat sağçı partiyalar arasında fikir ayrılıqları büdcə müzakirələrini daha da kəskinləşdirir. 2026-cı ilin sosial büdcəsi indi həm iqtisadi, həm də siyasi baxımdan Makron hökuməti üçün yeni sınağa çevrilib.