Ermənistanda iqtidar-kilsə qarşıdurması dərinləşir. Əslində Paşinyan hakimiyyəti ilə kilsə arasında gərginlik xeyli müddətdir ki, mövcuddur. Amma bu ilin mayın sonlarından başlayaraq Ermənistanın baş nazirinin Erməni Apostol Kilsəsinin qanunsuz əməlləri ilə bağlı sosial şəbəkələr üzərindən paylaşımları qarşıdurmanı açıq müstəviyə keçirdi. İyunun 9-da isə Paşinyan sosial şəbəkədə bütün ermənilərin katolikosu II Qareginin könüllü olaraq subaylıq andını pozduğunu və övladının olduğunu bildirdi: “Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə cəhd göstərsə, mən bunu lazımi formatda sübut edəcəm. Bununla əlaqədar olaraq, Erməni Apostol Kilsəsinin qaydasına görə, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilər. O, katolikos ola bilməz. Ktriç Nersisyan patriarx iqamətgahını boşaltmalıdır”. Erməni Apostol Kilsəsi artıq hakimiyyəti keşişlərə qarşı açıq düşmənçilikdə ittiham edir. Bu xüsusda kilsənin yaydığı bəyanatada qeyd olunur ki, ölkənin hakimiyyət orqanları ruhaniləri təqib etməklə, səlahiyyətlərindən sui-istifadə edərək, repressiyalar həyata keçirməklə, din xadimlərini və kilsə tərəfdarlarını nüfuzdan salmaqla Erməni Apostol Kilsəsini məhv etmək üçün bədnam plan həyata keçirir.
Bu fonda bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə Erməni Apostol Kilsəsinin yepiskopları və yeparxiya rəhbərlərinin toplantısı keçirilib. Burada Araqatsotn yeparxiyasında baş verən hadisələrə xüsusi diqqət yetirilib. Bu kontekstdə yayılan bəyanatda qeyd olunur ki, baş verən hərəkətlər dindarların dini hisslərini təhqir edir, kilsə qapılarının bağlanmasına və ruhanilərin olmaması səbəbindən planlaşdırılan mərasimlərin (vəftiz, toy, yas mərasimləri) ləğv edilməsinə səbəb olur: “Baş verənlərə görə məsuliyyət uzun müddətdir kilsəyə və ruhanilərə qarşı nifrət və dözümsüzlük səpən, əsrlər boyu mövcud olan kilsə nizamına açıq şəkildə müdaxilə edən hazırkı hökumətin və şəxsən baş nazirin üzərinə düşür”.
Qeyd edək ki, oktyabrın 15-də təhlükəsizlik qüvvələri Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan da daxil olmaqla 13 din xadimini saxlayıb. Yepiskop da daxil olmaqla üç saxlanılan şəxs barəsində cinayət işi başlanıb. Onlara vətəndaşları ictimai toplantılarda iştirak etməyə məcbur etmə ittihamı ilə yanaşı, “Etibardan sui-istifadə etməklə özgənin əmlakını mənimsəmə, külli miqdarda və vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə” və “Vəzifə mövqeyindən istifadə etməklə seçki hüquqlarının həyata keçirilməsinə mane olma” maddələri ilə ittiham irəli sürülüb. Erməni mediası yazır ki, hakimiyyətin ruhanilərə hücumu bütün yeparxiyanı iflic vəziyyətinə salıb. Hazırda Erməni Apostol Kilsəsinin üç yeparxiyasının rəhbərləri dəmir barmaqlıqlar arxasındadır: Araqatsotndan Proşyan, Şirakdan Mikael Ajapaxyan və Tavuşdan Baqrat Qalstanyan. Ajapaxyan dövlət çevrilişinə çağırışa görə 2 il, Qalstanyan isə üsyan hazırlamağa görə 15 ilə qədər həbs cəzası ala bilər. Xatırladaq ki, oliqarx Samvel Karapetyan kilsənin müdafiəsi üçün ilk çıxış edənlərdən olub. Konkret olaraq o bəyan edib ki, parlament müxalifəti Paşinyanı sakitləşdirə bilməsə, başqa üsullara əl atacaq. Buna cavab olaraq Ermənistan hakimiyyəti Karapetyanı dövlət çevrilişinə çağırışda suçlayıb və həbs edib. Onu 5 ilə qədər həbs gözləyir. O, artıq 110 gündən çox dəmir barmaqlıqlar arxasında yatıb və oktyabrın 15-də onun həbs müddəti daha bir ay uzadılıb.
Digər bir məsələ. Bu günlərdə Ermənistan hökumətinin qərarı ilə qondarma “erməni soyqırımı memorialı”nda aparılan təmir-bərpa işləri Qriqoryan kilsəsinin və revanşist qüvvələrin növbəti narazılığına səbəb olub. İndiyə qədər bir neçə təşkilat, siyasilər hökumətə çağırış ediblər ki, həyata keçirdiyi saxtalaşdırma prosesini dayandırsın. Ermənistandakı bəzi kəsimlər iddia edirlər ki, Nikol Paşinyan hökuməti qondarma “erməni soyqırımı kompleksini” bərpa adı ilə əslində tamamilə məhv etmək istəyir. Hazırda da Ermənistan Memarlar Palatası “erməni soyqırımı memorialında” bərpa işlərinin dayandırılmasını tələb edib. Ermənistan Memarlar Palatası bəyanat yayaraq, “erməni soyqırımı memorialında” davam edən bərpa işlərinin dərhal dayandırılmasını və yeni peşəkar qrupun yaradılmasını tələb edib. Memarların bu prosesə qoşulması təsadüfi xarakter daşımır. Heç şübhəsiz ki, onları buna məcbur edən qüvvələr var. Maraqlıdır, hansısa bir kilsədə, yaxud bir yerdə təmir-bərpa işləri başlanan kimi memarlar ayağa qalxır. Görünür, onlar buna vadar edilirlər. Saxta soyqırım abidəsini “əzizləyən” bu bir qrup revanşist bu məsələdən Paşinyana qarşı istifadə etməyə başlayıb. Bir məqamı da qeyd edək ki, son dövrlər bu ölkədə “soyqırımla” bağlı nə varsa hamısına qarşı hökumət tərəfindən fərqli yanaşma sərgilənir. Qondarma erməni qoyqırımı muzeyində, eləcə də saxta tarixi əks etdirən abidədə təmir-bərpa işləri aparılan kimi Paşinyanı istəməyən qüvvələr hərəkətə keçib hay-küy qaldırırlar ki, hökumət “tarixi silir, tarixi saxtalaşdırır”. Əslində, Paşinyan hökuməti bu qondarma nəsnələrə göstərdiyi münasibətlə uydurma tarixi alt-üst edir. Paşinyan dəfələrlə deyib ki, bizə real Ermənistan lazımdır, real tarix gərəkdir. Kilsə isə həmişə olduğu kimi, siyasi proseslərə qarışaraq revanşistlərlə birgə hərəkət edir. Bütün bunların kökündə kilsə-hökumət münaqişəsi dayanır. Kilsə Paşinyanın 2026-cı ildə keçirilən seçkilərdə məğlub olması üçün onu nüfuzdan salmaq məqsədilə cəmiyyətdə geniş kampaniya aparır.
Sevinc Azadi, “İki sahil”