Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılması hansı perspektivlər vəd edir?
Rəsmi Bakının regionda sülh quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlərin, regional əməkdaşlıqla bağlı irəli sürdüyü təşəbbüslərin rəsmi İrəvan tərəfindən heç də həmişə adekvat qarşılanmadığı məlumdur. 30 il ərzində Azərbaycan, Gürcüstan və Türkiyə region ölkələrinin iştirakı ilə müxtəlif formatlı əməkdaşlıq təşəbbüsləri irəli sürsələr də, Ermənistan prosesi əngəlləmək mövqeyindən və qərəzli iddialarından əl çəkmirdi. Uzun illər ərzində perspektivə hesablanan bütün “planlarını” işğalçılıq marağı üzərində kökləyən Ermənistan son 30 ildə regionda reallaşdırılan qlobal layihələrdə iştirak imkanlarından məhrum olub, strateji əhəmiyyətli müəssisələrini, dəmir yollarını Rusiyaya satmağa məcbur qalıb. Azərbaycanla münaqişə vəziyyəti yaratması Ermənistanı özünütəcrid vəziyyətinə salıb, mühüm iqtisadi dividendlərdən kənarda saxlayıb. Halbuki, ölkəmizin bu illər ərzində Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi qlobal neft-qaz, nəqliyyat, logistika layihələri təkcə regionun deyil, ümumən Avropa və Asiya dövlətlərinin maraqlarına cavab verir, yeni əməkdaşlıqlara yol açır.
2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, həmçinin Cənubi Qafqazda separatçılığa son qoyması nəticəsində regionda tamamilə yeni reallıq yaranıb. Yeni siyasi qaydaların müəllifi Bakıdır. Bu reallıq regionda sülh və sabitliyin, habelə qarşılıqlı əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir. Azərbaycan bunun üçün öhdəsinə düşənləri edir. Müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış etməsi rəsmi Bakının humanistliyinin ən ciddi təzahürlərindəndir. Bu günlərdə Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri çərçivəsində Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında sözügedən məsələlərlə bağlı mühüm məqama toxunub. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb: "Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".
Göründüyü kimi, artıq Azərbaycan və Ermənistan arasında “postmünaqişə” dövrü başlayıb ki, bu mərhələdə davamlı sülh sazişinin imzalanması əsas hədəfdir. Münaqişənin həll olunması sayəsində bölgədə illərdir mövcud olan ən böyük təhlükəsizlik təhdidi aradan qalxır və regional əməkdaşlıq üçün imkanlar genişlənir. İlk növbədə, iki qonşu ölkə arasında düşmənçiliyin bitməsi regionda hərbi qarşıdurma riskini minimuma endirir. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün sabitlik deməkdir. İkincisi, münaqişə dövründə həyata keçirilməsi mümkünsüz görünən regional layihələrin (nəqliyyat dəhlizləri, enerji xətləri və s.) reallaşması perspektivi yaranır. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra artıq tərəflər kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası mövzularını praktiki müstəvidə müzakirə edirlər. Nəhayət, münaqişənin bitməsi ilə beynəlxalq hüquq prinsiplərinə əsaslanan sülh müqaviləsinin imzalanması imkanı ortaya çıxıb.
Onu da xüsusi vurğulayaq ki, ən nəzərəçarpacaq irəliləyişlər 2025-ci ildə əldə olunmağa başlanıldı. Xüsusilə, avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü sülh prosesində tarixi bir addım oldu. Bu Sammit nəticəsində tərəflər arasında mühüm sənədlər imzalandı və postmünaqişə nizamlanmasına dair prinsipial razılıqlar əldə olundu. Vaşinqton Sammitinin ən mühüm nəticəsi kimi “Sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında” ikitərəfli Saziş mətninin tam razılaşdırılması və xarici işlər nazirləri səviyyəsində paraflanması qeyd oluna bilər. Yəni, tərəflər uzunmüddətli sülh müqaviləsinin mətni üzərində razılığa gəldilər və onun imzalanmasına doğru həlledici addım atdılar. Bununla yanaşı, sammit çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri keçmiş münaqişənin artıq tarixə qovuşduğunu bəyan etdilər, bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqlədilər. Tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə sadiq qalacaqlarını bildirərək sərhədlərin toxunulmazlığını vurğuladılar. Bu kimi siyasi öhdəliklər bölgədə yeni dövrün – qarşılıqlı hörmətə əsaslanan münasibətlər dövrünün başlandığını göstərir.
Vaşinqton görüşündə, həmçinin regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə prinsipial anlaşma təzələndi. Xüsusilə, Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunmasının əhəmiyyəti bir daha təsdiq edildi. Bu qərar Zəngəzur dəhlizinin açılması perspektivinə işarə edirdi. Məlumdur ki, Zəngəzur dəhlizinin (TRİPP) açılması postmünaqişə dövrünün ən çox müzakirə olunan məsələlərindən biridir. Zəngəzur dəhlizi dedikdə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçəcək yeni nəqliyyat-kommunikasiya yolunun açılması nəzərdə tutulur. Bu dəhliz ideyası 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında əksini tapmış və İkinci Qarabağ müharibəsindən sonra regional gündəmin əsas mövzularından birinə çevrilmişdir. Zəngəzur dəhlizinin (TRİPP) reallaşması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edir. İlk növbədə, bu dəhlizin açılması Cənubi Qafqazda illərlə davam edən kommunikasiyanın blokadasına son qoyacaq. Zəngəzur marşrutu Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin tərkib hissəsi kimi çıxış edə bilər və Asiya ilə Avropanı birləşdirən ticarət yollarını qısalda, iqtisadi faydalar gətirə bilər. Bu baxımdan Zəngəzur dəhlizi həm tarixi aspektdən, həm də müasir geosiyasi reallıqlar prizmasından Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Dəhlizin açılması regional əməkdaşlıq qarşısında illərlə dayanan maneələrin aradan qaldırılmasına xidmət edəcək, çünki bu layihə sayəsində iqtisadi-sosial əlaqələr bərpa olunacaq, qarşılıqlı asılılıq artacaq. Nəhayət, Zəngəzur dəhlizinin reallaşması regional sülh və təhlükəsizlik baxımından əhəmiyyətli bir addım olacaq. Bu layihə uzun illər düşmən münasibətlər səbəbindən qapalı qalmış sərhədləri faktiki olaraq açacaq, Cənubi Qafqazda inteqrasiya prosesini sürətləndirəcək. Kommunikasiyaların açılması hərbi riskləri azaldacaq, çünki qarşılıqlı asılılıq və ortaq maraqlar münaqişə ehtimalını azaldır.
Beləliklə, son zamanlar Cənubi Qafqazda sülh prosesində müşahidə olunan müsbət dinamika regionun təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Azərbaycan-Ermənistan münaqişəsinin başa çatması ilə bölgənin ən böyük təhlükəsizlik təhdidi aradan qalxır və yeni əməkdaşlıq səhifəsi açılır.
Sevinc Azadi, “İki sahil”