22 oktyabr 2025 15:18
160

Tədqiqat və inkişaf ilə innovasiya: Bilikdən dəyərə, dəyərdən kapitala

Müasir iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri elmi-tədqiqat və innovasiya proseslərinin qarşılıqlı əlaqəsidir. Rəqəmsallaşma və qlobal rəqabətin artdığı indiki dövrdə ölkələrin iqtisadi dayanıqlığı təbii resurslardan daha çox, bilik və informasiya kapitalının səmərəli idarə olunması ilə müəyyənləşir.

Bu baxımdan “Tədqiqat və inkişaf” (R&D- Research and Development) və “İnnovasiya” anlayışları iqtisadi inkişafın iki bir-birini tamamlayan mərhələsi kimi çıxış edir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov "İki sahil"ə bildirib ki, tədqiqat və inkişaf prosesi əsasən pulu məlumata çevirməyə, yəni yeni bilik, ideya və texnologiya formalaşdırmağa yönəlir. İnnovasiya isə bu bilik və texnologiyaları ifadə edən məlumatı pula çevirmə mərhələsini yaradır. Hər iki mərhələ arasında effektiv əlaqə qurulmadıqda R&D nəticələri kommersiyalaşmır, investor maraqları zəifləyir və ekosistemdə kapital axını dayanıqlı xarakter daşımır.

R&D fəaliyyətinin mahiyyəti elmi biliklərin, texnoloji yeniliklərin və təcrübi modellərin yaradılması ilə bağlıdır. Bu proses iqtisadi baxımdan riskli və uzunmüddətli investisiya kimi qiymətləndirilsə də, onun nəticələri gələcək innovasiyaların əsas təməlinə çevrilir. R&D-nin əsas məhsulu olan MVP (Minimum Viable Product) işlək prototip və ya ilkin texnoloji həll formasıdır. Bu mərhələ bazar üçün hələ birbaşa gəlir gətirməsə də, əlavə dəyər yaradan bilik kapitalı formalaşdırır. Qlobal təcrübə göstərir ki, R&D-yə davamlı investisiya qoyuluşu olan ölkələr (Cənubi Koreya, İsrail, Almaniya və s.) uzunmüddətli iqtisadi artımı təmin edən innovasiya sistemləri qurmağa nail olublar. Lakin R&D-nin nəticələri kommersiya mərhələsinə keçmədikdə, bu biliklər yalnız “laboratoriya məhsulu” olaraq qalır və iqtisadi təsir gücünü itirir. Buna görə də R&D fəaliyyətinin innovasiya mexanizmləri ilə inteqrasiyası strateji zərurət daşıyır.

İnnovasiya mərhələsi R&D nəticəsində formalaşmış ideyaların və texnologiyaların bazar şəraitinə uyğunlaşdırılması, yəni kommersiyalaşma prosesidir. Bu mərhələdə məqsəd artıq yeni məlumat və biliklərin real bazar dəyərinə çevrilməsidir. İnvestor maraqları əsasən bu mərhələdə formalaşır. Çünki innovasiya – kapitalın dövriyyəyə qayıtdığı və gəlir gətirdiyi mərhələdir.

R&D nəticələrinin zəif və ya natamam olduğu ekosistemlərdə investorlar üçün risk səviyyəsi yüksəlir və bu həmin ekosistemdə maliyyə axınını məhdudlaşdırır. Belə şəraitdə investisiya mühiti uzunmüddətli formalaşa bilmir. Yaranan investorlar dayanıqlı davranış nümayiş etdirmir, kapital daha əlverişli və R&D cəhətdən inkişaf etmiş bazarlara axın edir. Bu isə yerli ekosistemlərin passivləşməsinə, innovativ istehsalın azalmasına və istehlak yönümlü iqtisadi strukturun möhkəmlənməsinə gətirib çıxarır.

İsa Qasımovun sözlərinə görə, effektiv innovasiya ekosistemi üçün R&D nəticələri ilə bazar ehtiyacları arasında körpü qurulmalıdır. Bu körpü universitetlərin, elmi-tədqiqat institutlarının və biznes sektorunun sinxron fəaliyyətindən asılıdır. “Bilikdən dəyərə, dəyərdən kapitala” çevrilmə zənciri yalnız o zaman baş verir ki, elmi nəticələr praktiki tətbiq mühitinə daxil olsun. R&D nəticələri kommersiya imkanları ilə birləşdikdə yerli investor marağı artır, yeni startap və texnoloji şirkətlər formalaşır, bazarın idxaldan asılılığı azalır, milli innovasiya potensialı güclənir. Əks halda, elmi potensialın iqtisadi dəyəri reallaşmır, nəticədə ölkə texnologiya idxalçısı və istehlakçı bazara çevrilir.

Azərbaycan bu qlobal formulu öz inkişaf modelinə uyğun şəkildə tətbiq etməyə başlayıb. Son illərdə bu istiqamətdə yaradılmış strukturlar bilik kapitalını iqtisadi dəyərə çevirmək üçün mühüm institusional baza formalaşdırır. Dövlət proqramlarında innovasiya, startap fəaliyyəti və R&D təşviqləri prioritet istiqamət kimi müəyyən edilir. Bununla belə, hələ də əsas çağırış elmi nəticələrin kommersiyalaşdırılması və özəl sektorun R&D proseslərinə dərin inteqrasiyasıdır. Universitet-sənaye əməkdaşlığı sistemli mexanizm halını tam almayıb, texnologiya transfer ofisləri və risk kapitalı bazarı ilkin mərhələdədir.

Davamlı inkişaf üçün əsas vəzifə bilik istehsalını bazar mexanizmlərinə bağlayan zənciri – “tədqiqat-innovasiya-kommersiyalaşma-ixrac” modelini formalaşdırmaqdır. Bu məqsədlə tədqiqat mərkəzlərinin innovasiya yönümlü fəaliyyətini artırmaq, startapların pilot bazarlara çıxışını dəstəkləmək, həmçinin dövlət-özəl tərəfdaşlığı üzərində qurulmuş R&D maliyyə mexanizmlərini inkişaf etdirmək zəruridir. Azərbaycanın intellektual və təbii resurslarını birləşdirən bu model yaxın illərdə ölkənin bilik əsaslı iqtisadiyyata keçidinin əsas hərəkətverici qüvvəsinə çevrilə bilər.

İsa Qasımov əlavə edib ki, R&D və innovasiya mərhələlərinin ahəngdar inteqrasiyası iqtisadi müstəqilliyin və rəqabətqabiliyyətliliyin əsas şərtidir. Güclü R&D infrastrukturu olmayan mühitdə investisiya axını da davamlı ola bilmir. Bu səbəbdən, innovasiya siyasəti yalnız “kapital üçün əlverişli mühit” yaratmaqla deyil, həm də bilik istehsal edən və onun kommersiyalaşmasını təmin edən sistemlər qurmaqla formalaşmalıdır. Qabaqcıl R&D ekosistemləri həm yerli, həm də beynəlxalq investorlar üçün cazibədarlıq yaradır və bilik kapitalını iqtisadi dəyərə çevirərək ölkənin uzunmüddətli inkişafına xidmət edir. Bu, XXI əsr iqtisadiyyatının əsas formulu kimi qəbul oluna bilər: “R&D – pulu məlumata, innovasiya – məlumatı pula çevirir”.