21 oktyabr 2025 14:44
129

BDU-da şəhid məzun Ataməli Musaoğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşkilatçılığı ilə “Zəfər tarixi lektoriyası”nda şəhid məzun Ataməli Musaoğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə fakültə dekanı Rövşən Cavadov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, şəhidin ailə üzvləri – anası Leyla Musayeva, həyat yoldaşı Firuzə Musayeva və qızı Gül Musayeva, eləcə də fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Fakültə dekanı Rövşən Cavadov qeyd edib ki, Vətən müharibəsində BDU-nun 22 məzunu şəhidlik zirvəsinə ucalıb. Onlardan dördü Sosial elmlər və psixologiya fakültəsinin məzunudur. Fakültədə şəhid məzunların xatirəsinə həsr olunmuş mütəmadi tədbirlər keçirilir, onların ailə üzvləri ilə görüşlər təşkil olunur: “Ataməli nümunəvi tələbə idi, daim biliklərini artırmağa çalışırdı, qrup yoldaşlarına qarşı səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə seçilirdi. Şəhidlərimizin həyatı gənclərə nümunədir”.

Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva bildirib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim uca tutulması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Hər il kafedra əməkdaşları şəhid məzunların ailələrini ziyarət edir, onların xatirəsinə həsr edilmiş anım tədbirləri təşkil olunur: “Bu cür tədbirlərdə tələbələrin iştirakı bizim üçün xüsusi önəm daşıyır. Çünki bu, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayır”.

Digər çıxışçılar da şəhid Ataməli Musaoğlunun və bütün şəhidlərin xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını, onların gələcək nəsillər tərəfindən sevgi və hörmətlə anılacağını bildiriblər.

Tədbirin sonunda şəhidin anası Leyla Musayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, BDU-nun rektoru Elçin Babayevə və fakültə rəhbərliyinə minnətdarlığını ifadə edib: “Müharibədən beş il keçməsinə baxmayaraq, dövlətimiz tərəfindən şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Bu, bizim üçün həm qürur, həm də təsəlli mənbəyidir”.

Leyla Musayeva “Driftwood” incəsənət növünün Azərbaycandakı yaradıcılarından biri kimi “Zəfər tarixi lektoriyası”na oğlu Ataməli Musaoğlunun köynəyindən parça ilə hazırladığı “Yelkənli gəmi” adlı sənət əsərini hədiyyə edib.

Leyla Musayeva bildirib ki, övladının şəhadətindən sonra bu sənət növü ilə məşğul olmaq onun üçün mənəvi təsəlli mənbəyinə çevrilib.