21 oktyabr 2025 14:27
97

BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçirilir

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə ölkəmizin tarixi Zəfərinin beşinci ilinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçirilir.

Tədbir çərçivəsində ölkənin bank sektorunu təmsil edən 12 aparıcı maliyyə qurumu müxtəlif vakansiyalar təqdim edir. Sərgidə 2000-dən artıq tələbə və məzunun iştirakı nəzərdə tutulur.

Sərginin açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, hər bir universitetin ən önəmli reytinq göstəricilərindən biri də onun məzunlarının əmək bazarında özlərinə layiqli yer tapmasıdır. BDU ölkənin aparıcı sənaye-istehsalat müəssisələri  ilə sıx əməkdaşlıq edir. Bu, həm məzunların işlə təmin olunmasında, həm də əmək bazarının tələblərinin tədris prosesinə inteqrasiyasında önəmli rol oynayır: “BDU hər il 100-dən artıq şirkətin iştirakı ilə Karyera festivalları keçirir. Bu festivallarda müxtəlif vakant yerlər və təcrübə proqramları tələbələrə təqdim olunur. Bu tədris ilindən isə ayrı-ayrı ixtisaslar üzrə ixtisaslaşmış Karyera sərgilərinin keçirilməsi qərara alınıb. Bugünkü sərgidə ölkənin ən nüfuzlu 12 bankı iqtisadiyyat istiqamətli ixtisaslar üzrə təcrübə proqramları və vakant yerləri tələbə və məzunlara təqdim edirlər. Bundan sonra BDU-da hər ay ölkənin ən tanınmış işəgötürənlərinin iştirakı ilə ixtisaslaşmış Karyera sərgiləri keçiriləcək”.

Qeyd edək ki, sərgi çərçivəsində tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop" və seminarların keçirilməsi, təlimlərin təşkili nəzərdə tutulub.

Sərginin yekununda şirkət nümayəndələri və Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşlarının iştirakı ilə şəbəkələşmə görüşü təşkil olunacaq, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması istiqamətində müzakirələr aparılacaq. Bu görüş çərçivəsində BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin fəaliyyət portfeli təqdim olunacaq, qarşılıqlı əməkdaşlıq imkanları və gələcək planlar müzakirə ediləcək.