Yaxın zamanlarda Cəbrayılda 50 MVt gücündə "Şəms" və 50 MVt gücündə "Üfüq" günəş elektrik stansiyalarının (GES) təməlinin qoyulması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.
Bildirilib ki, qarşıdakı iki il ərzində Azərbaycanda "yaşıl enerji"nin inkişafının birinci mərhələsi - 10 günəş və külək elektrik stansiyasının inşası - planlaşdırıldığı kimi uğurla başa çatdırılacaq: "Bu çərçivədə 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ilin sonunadək tam istismara veriləcək: "Stansiyanın Abşeron və Xızı sahələrində ümumilikdə 37 turbindən 35-i (227,5 MVt gücündə) artıq quraşdırılıb, qalan 2 turbinin quraşdırılması isə oktyabr ayı ərzində tamamlanacaq. İki 220/33 kV-luq yarımstansiyadan biri inşa edilərək istismara tam hazır vəziyyətə gətirilib, digər yarımstansiyanın tikintisi isə gələn ay yekunlaşacaq".
Nazir qeyd edib ki, bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt gücündə "Biləsuvar" Günəş Elektrik Stansiyasının tikintisinə də start verilib: "943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük günəş enerji layihələrindən biridir. Həm bu stansiya, həm də 315 MVt gücə malik "Neftçala" Günəş Elektrik Stansiyasının gələn il, 240 MVt gücündə "Abşeron-Qaradağ" Külək Elektrik Stansiyası və qoyuluş gücü 240 MVt olan "Şəfəq" Günəş Elektrik Stansiyasının isə 2027-ci ildə istismara verilməsi planlarına uyğun işlər ardıcıl şəkildə davam etdirilir".
P. Şahbazov vurğulayıb ki, Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş enerjisi layihəsi üzrə də intensiv işlər görülür: "Bu layihələrin reallaşması sayəsində 2027-ci ilə qədər quraşdırılmış gücdə bərpa olunan enerjinin payı 33,7 faizə çatacaq. Stansiyalardan əldə olunacaq illik 5 milyard kVt·saat elektrik enerjisi hesabına 1 milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək emissiya azalması təmin ediləcək".