Dövlət başçısı İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsi bunun bir daha təsdiqidir
Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil xarici siyasəti ilə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib, dünya birliyində etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb. Bu gün böyük əminliklə qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra ölkəmizin artan beynəlxalq nüfuzu diqqətdən kənarda qalmır. Bunu Azərbaycanın müxtəlif dövlətlərlə istər iki tərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əməkdaşlıqda qazandığı uğurlar, qlobal çağırışların yerinə yetirilməsinə verdiyi töhfələr təsdiqləyir. Ölkəmiz hər zaman sülh, təhlükəsizlik, əməkdaşlıq, qarşılıqlı dəstək çağırışları ilə diqqətdədir. Xarici siyasətimizin dəyişməz prinsipləri bunlardır: bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulmalı, qarşılıqlı etimad mühiti yüksək səviyyədə qorunmalıdır. Digər mühüm məqam heç bir dövlət başqa ölkənin daxili işinə müdaxilə etməməlidir. Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır.
Azərbaycanın xarici siyasət uğurları davamlıdır. Dövlət başçısı İlham Əliyevin oktyabrın 12-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfəri də bunun bariz nümunəsidir. Dövlətimizin başçısı oktyabrın 13-də Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını salamladı.
Təbii ki, Misirdə yalnız Yaxın Şərqin deyil, dünyanın gələcək taleyinin həll olunacağı Sammit keçirilir. Şarm-əl-Şeyxdə Qəzza bölgəsinin gələcəyi ilə əlaqədar təşkil olunan Sammitdə qlobal siyasətdə söz sahibi olan dövlətlərin başçıları iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyevin də bu Sammitə dəvət olunması Azərbaycanın qlobal problemlərə verdiyi töhfələrin, söz sahibliyinin, Prezident İlham Əliyevin böyük nüfuzunun, hər bir məsələyə ədalətli yanaşmasının bir daha təsdiqidir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və Misir Prezidenti Abdülfəttah əs-Sisinin təşkilatçılığı ilə keçirilən yüksəksəviyyəli siyasi tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliya Nazirlər Şurasının Sədri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Yaponiya, Hindistan, Kanada, Yunanıstan, Bəhreyn, Əl-Küveytin, Qətər və İordaniyanın xarici işlər nazirləri, eləcə də BMT və Avropa İttifaqının təmsilçiləri iştirak edirlər. Sammitdə İsrail-Fələstin münaqişəsinə son qoyulması, Qəzza bölgəsinin müharibədən sonra bərpası, dayanıqlı sülhün əldə olunması kimi məsələlər əsas müzakirə mövzularıdır. Son onillikdə Yaxın Şərqdə baş verən geosiyasi proseslər Suriya, İraq, Liviya kimi dövlətlərdə vətəndaş müharibələrinin başlamasına, hakimiyyətlərin zorla devrilməsinə və bunların nəticəsində milyonlarla insanın qaçqın düşməsinə səbəb oldu. İsrail ilə Fələstin arasındakı münaqişə artıq dünyanı narahat edən bir vəziyyətə çatıb ki, bunu da ABŞ Prezidenti Donald Tramp həll edərək regionda sülhə nail olmaq qərarına gəlib. Rəsmi Vaşinqtonun təklif etdiyi plana əsasən, Qəzza bölgəsi HƏMAS ilə əlaqəsi olmayan mülki administrasiyanın rəhbərliyinə veriləcək. Bu administrasiya Fələstin muxtariyyətinə sadiq olacaq və beynəlxalq nəzarət altında, Körfəz ölkələrinin maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək.
Sammitdə, həmçinin beynəlxalq nəzarət mexanizmi, terror təşkilatlarının hakimiyyətə buraxılmaması, dağıdılan infrastrukturun bərpası və bunların həyata keçirilməsi üçün xüsusi fondun yaradılması məsələləri müzakirə olunur. Qəzza, Misir və İsrail arasındakı sərhəd-keçid məntəqələrinin nəzarətdə saxlanılması, Misir, İordaniya və ABŞ arasında əlaqələndirici strukturun yaradılması tədbirlərinə də diqqət yönəldilir. Ağ Evin tədbirlə bağlı bəyanatında bildirilmişdir ki, bu Sammit dönüş nöqtəsi olaraq, regional sabitlik epoxasının əsasını yaradacaq. Misir isə Sammit vasitəsilə ərəb dünyası ilə beynəlxalq birlik arasında əlaqələndirici olduğunu nümayiş etdirəcək.
Bu tədbir, eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı inkişaf səviyysinin təqdimatında da əhəmiyyətli rol oynayır. Belə ki, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sammitə şəxsən dəvət olunması isə artıq Azərbaycanın qlobal siyasətdə özünəməxsus yer tutduğunu göstərir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə dünyada baş verən münaqişələrə son qoymaqda qərarlı olan Donald Tramp Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətini təqdir edir. Avqustun 8-də Prezident Donald Trampın təşəbbüsü və iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi, iki dövlət arasında sülhə nail olmaq istiqamətində sənədin imzalanması da özündə mühüm məqamları ehtiva etdi. Həmin görüşdə ABŞ rəhbəri Prezident İlham Əliyevlə birbaşa ünsiyyətdə olaraq onun praqmatik və sülh istiqamətində addımlarını təqdir etdi. Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazanması rəsmi Bakının hərbi əməliyyatlar apararaq yalnız işğal altında olan torpaqlarını geri qaytarmasını deyil, ədalətin bərpası üçün həyata keçirdiyi tədbirlərin zəruriliyini göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin Prezident Donald Tramp tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət alması təsadüfi xarakter daşımır. Azərbaycan Suriyaya yardım məqsədilə onun enerji təminatına dəstəyi də diqqətdən kənarda qalmadı. Ölkəmizin qardaş Türkiyənin ərazisindən Suriyaya qaz ixrac etməsi Prezident İlham Əliyevin humanist baxışlarını göstərməklə yanaşı, sülhə doğru addım atan siyasi liderlik qabiliyyətində olduğunu da nümayiş etdirdi. Bütün bunlar Azərbaycan Prezidentinin dünya liderləri arasında sülhsevər dövlət başçısı kimi nüfuzunu möhkəmləndirir.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də İsrail parlamentində (Knesset) çıxış edərkən yenidən Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından bəhs edib. Tramp ABŞ-ın əməkdaşlıq, dostluq və ticarət əlaqələrinə əsaslanan gələcək və irs qurmağa çalışacağını vurğulayıb. ABŞ Prezidenti bildirib: “Təl-Əvivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə və Ermənistandan Azərbaycana - daha bir müharibəni dayandırdım.”
Hər zaman olduğu kimi, Yaxın Şərq Sülh Sammiti çərçivəsində də dövlət başçısı İlham Əliyevin çoxsaylı görüşləri oldu. Belə ki, cənab İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərif, İordaniya Kralı II Abdullah, Fələstin Prezident Mahmud Abbas, Macarıstanın Baş naziri Viktor Orban və Niderland Krallığının Baş naziri Dik Sxof ilə ayaqüstü görüşlər keçirdi. Ölkə Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla da ayaqüstü görüşü oldu.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirir ki, Prezident İlham Əliyevin Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür. Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır.
Reallıq budur ki, Azərbaycan özünün praqmatik siyasi xətti və iqtisadi inkişafı ilə dünya birliyində layiqli yerini tutub. Dünya iqtisadiyyatına inteqrasiya siyasətinin həyata keçirilməsində böyük rola malik olan “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində ölkəmizin enerji sektorunda qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regional oyunçu statusundan çıxaraq, qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilməkdədir. Bunu şərtləndirən əsas amil isə Azərbaycan Qarabağı işğaldan azad edərək beynəlxalq təşkilatların da həll edə bilmədiyi problemi necə aradan qaldırmaq lazım olduğunu göstərməsidir.
Azərbaycanın qlobal liderliyindın bəhs edərkən BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik müddətinin üç ildən dörd ilə uzadılmasını xüsusi qeyd etməliyik. Bu, ölkə Prezidentinin qlobal liderlik səylərinə verilən yüksək qiymət, ölkəmizə olan etimadın, inamın növbəti təzahürü kimi dəyərləndirilmişdir. Bu mühüm addım, eyni zamanda, QH-yə sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün göstərdiyi səylərin yüksək qiymətləndirilməsi, pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycanın vəziyyətə çevik və adekvat reaksiya verərək sədrliyini müvəffəqiyyətlə həyata keçirməsinin nəticəsi kimi də qəbul edildi.
Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri də Azərbaycanın qlobal problemlərin həllinə necə yanaşdığını ortaya qoydu. Mübarizə tədbirlərinin başlandığı gündən cənab İlham Əliyev «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır» söyləyərək birgə addımların atılmasını əsas amil kimi önə çəkdi. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi bunun bariz nümunəsi oldu. BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı da Azərbaycan idi. Cənab İlham Əliyev çətin dövrdə bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə çağırmışdır. Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla demək olar ki, pandemiya ilə mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. Bu prosesdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da böyük rol oynadı. Qoşulmama Hərəkatının üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü ilk gündən dəstəklədilər.
Azərbaycan hər zaman sülh, əməkdaşlıq çağırışları edir. Sentyabrın 25-də Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam” söyləyən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın sülh, təhlükəsizlik tərəfdarı olmaqla yanaşı, bütün münaqişəli məsələlərin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini bəyan etdi. Prezident İlham Əliyev 30 illik işğal dövründə bu məkandan daim bu prinsiplərin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırış etdi, dünyanın ikili siyasətinin ədalətsizlik olduğunu bəyan etdi. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Cənab İlham Əliyev tarixi Zəfərimizdən sonra ilk dəfə BMT tribunasından çıxışında bu reallıqlara da diqqəti yönəltdi ki, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumu imzalandı. Bu sənədi Prezident Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev birgə imzaladılar. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Dövlətimizin başçısı BMT tribunasından Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür etdi.
Azərbaycan bir çox təşəbbüslərlə dayanıqlı həll variantlarının təşviqinə aydın sadiqliyini göstərir. Ölkəmiz ötən il COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə töhfələrinin davamlılığını təsdiqlədi. COP29-da qəbul edilmiş, Bakı Maliyyə Hədəfi kimi də tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qlobal iqlim maliyyəsində tarixi mərhələdir. Bu öhdəlik 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin dövlət mənbələrindən inkişaf etməkdə olan ölkələrə illik 100 milyard ABŞ dolları məbləğində ilkin iqlim maliyyələşdirmə hədəfini hər il ən azı 300 milyard ABŞ dollarına çatdırmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, karbon bazarları üçün uzun müddətdir gözlənilən çərçivəni uğurla yekunlaşdıraraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun tam fəaliyyətə başlamasını təmin etdi. İqlim dəyişikliyinə məruz qalan həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyət göstərməsi üçün COP29-da bir neçə əsas saziş imzalandı.
Ümumilikdə enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayır.
Bu günlərdə türk dövlətlərinin Qəbələ şəhərində bir araya gələrək Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə “Regional sülh və təhlükəsizlik” mövzusunu müzakirə etməsi də Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində nə qədər maraqlı olduğunu, bunun üçün birgə səylərin göstərilməsinə böyük zərurətin duyulduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında bildirdi ki, dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.
Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının keçirilməsi də hazırkı dövrün çağırışlarının təqdimatında öz sözünü dedi. “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Yaxın Şərq Sülh Sammiti Misir ilə Azərbaycanın münasibətlərinə, ümumilikdə Azərbaycan-Ərəb dünyası əlaqələrinə də diqqət yetirməyi bir zərurətə çevirir. Azərbaycanın xarici siyasətində ərəb dövlətləri ilə əlaqələr xüsusi yer tutur. Azərbaycan ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Ötən il dövlət başçısı İlham Əliyev Misirə rəsmi səfər etdi. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdı. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək idi. Prezidentlərin mətbuata bəyanatında cənab İlham Əliyev Fələstin-İsrail münasibətlərinə diqqəti yönəldərək bildirmişdir ki, bu münasibətlərin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir. Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycanın Misirin bu istiqamətlərdəki səylərini dəstəklədiyi vurğulandı və bu çağırış edildi ki, Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır.
Azərbaycan-Misir əlaqələri qədim tarixə malikdir. Hələ Sovetıər birliyi dövründə Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Misir Ərəb Respublikası 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.
Yeganə Əliyeva, “İki sahil”