Azərbaycanın dəmir yolları əsrdən-əsrə uzanan möhtəşəm səyahətinin 145 illik yubileyini qeyd edir. 1880-ci ildə ilk dəfə dəmir relslər üzərində irəliləyən qatarların səsi təkcə bir sənayenin deyil, bütövlükdə ölkəmizin yeni inkişaf hekayəsinin başlanğıcı olub. O gündən bu günə qədər dəmir yolları Azərbaycanın iqtisadi və sosial həyatının lokomotivlərindən birinə, zamana meydan oxuyan nəqliyyatına çevrilib.
İlk dövrlərdə relslərin adı yalnız neftlə yanaşı çəkilirdisə, bu gün dəmir yolları insanları, regionları və iqtisadiyyatları birləşdirən bir körpüdür. Əsrdən-əsrə uğurla və qürurla uzanan bu şərəfli yolda Ulu Öndər Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövründə həyata keçirdiyi uzaqgörən siyasət dəmir yollarının inkişafında yeni bir eraya qapı açdı. Bu gün isə Prezident İlham Əliyevin strateji baxışı və rəhbərliyi ilə bu ənənə müasir Azərbaycanın dinamik inkişaf ritminə uyğun şəkildə davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu zəngin irsi qoruyur, inkişaf etdirir və gələcəyə daşıyır. Son illərdə ADY-nin sistemlərinin – infrastruktur, yük və sərnişindaşıma – yenilənməsi və rəqəmsallaşma istiqamətində atdığı addımlar dəmir yollarını müasir çağırışlara cavab verən mütərəqqi nəqliyyat sisteminə çevirib.
145 ilə qısa baxış
Azərbaycanda dəmir yollarının əsası 1880-ci ildə Bakı–Sabunçu–Suraxanı xəttinin açılışı ilə qoyulub və bu, ölkənin iqtisadi, sənaye və sosial inkişafında mühüm mərhələ olub. 1883-cü ildə Bakı–Tiflis xəttinin istifadəyə verilməsi Xəzər və Qara dənizləri birləşdirərək Azərbaycan neftinin beynəlxalq bazarlara çıxışını təmin edib. XX əsrin əvvəllərində Bakı–Dərbənd–Port Petrovsk (indiki Mahaçqala) xətti ölkəni Rusiya dəmir yolu şəbəkəsinə bağlayıb. 1926-cı ildə isə keçmiş SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu Bakıda istifadəyə verilib.
1941–1945-ci illərdə, müharibə dövründə dəmir yolları strateji əhəmiyyət daşıyaraq ön cəbhəyə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqonun göndərilməsini təmin edib.
II Dünya müharibəsindən sonrakı illərdə yeni istiqamətlərə dəmiryol xətlərinin çəkilişi davam etdirilib.
1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Ağdam–Xankəndi dəmir yolu inşa olunub. Bu layihə Qarabağ bölgəsinin Bakı ilə nəqliyyat əlaqələrini möhkəmləndirərək sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfə verib.
Lakin Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının 240 km-dən artıq hissəsi, o cümlədən Culfa–Mincivan–Horadiz və Ağdam–Xankəndi xətləri dağıdılmışdı. Bu, ölkənin nəqliyyat infrastrukturuna və iqtisadiyyatına böyük zərbə vurmuşdu.
Müstəqillik dövründə, xüsusilə 2009-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılmasından sonra modernləşmə mərhələsi başladı. Son illər ərzində infrastrukturun əsaslı təmiri, vaqon parkının yenilənməsi, Bakı–Tbilisi–Qars xəttinin, Abşeron dairəvi dəmir yolu və yeni ölkədaxili marşrutların istifadəyə verilməsi, rəqəmsal transformasiya, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və s. dəmir yollarını yeni mərhələyə daşıdı.
Qitələri birləşdirən tranzit qovşağı
Son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr Azərbaycanı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevirib. Ölkəmizin əlverişli coğrafi mövqeyi – Şərq-Qərb və Şimal-Cənub ticarət yollarının kəsişməsində yerləşməsi – bu sahənin inkişafına təkan versə də, strateji investisiyalar və çoxtərəfli əməkdaşlıq da əsas amillərdən olub.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat sistemində mühüm hadisə 2017-ci ildə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin açılışı olub. Bu layihə sayəsində Orta Dəhliz üzərindən birbaşa Avropa istiqamətinə çıxış təmin edilib və ölkənin tranzit potensialı kəskin şəkildə artıb. 2024-cü ildə xəttin Gürcüstan hissəsində modernləşmə işləri başa çatdırılaraq illik yükdaşıma qabiliyyəti 5 milyon tona çatdırılıb. Bu il Çin, həmçinin Türkiyə və Gürcüstandan olan tərəfdaşlarla BTQ-nin səmərəliliyinin arıtırılması, yükdaşıma potensialının və rəqabətqabiliyyətinin gücləndirilməsi üçün Anlaşma memorandumları imzalanıb.
Səmərəli tərəfdaşlıqlar nəticəsində ADY 2024-cü ildə 18,5 milyon ton yük daşıyaraq əvvəlki illə müqayisədə nəzərəçarpan artım əldə edib.
Orta Dəhliz çərçivəsində Çinlə əməkdaşlıq daha da güclənib – 2024-cü ildə Azərbaycana göndərilən konteyner qatarlarının sayı 25 dəfədən çox artıb. 2025-ci ilin 9 ayında Orta Dəhlizlə 300-ə yaxın blok-qatar qəbul olunub və 103 min TEU-dan çox yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricilərini müvafiq olaraq 40 və 20 faizə yaxın üstələyib.
ADY bu il dəmir yollarının tarixində ilk dəfə olaraq Çinin Sian quru limanında daimi nümayəndə təyin edib və illik yükaşırma gücü 20 min TEU olan konteyner meydançası açıb.
Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin fevralında Bakı Beynəlxalq Dəniz Limanı ADY-yə birləşdirilib. Bununla da Orta Dəhliz üzrə nəqliyyat əməliyyatları və logistika proseslərinin daha səmərəli və operativ icrası, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun qarşılanması üçün geniş imkanlar açılıb. Birləşmədən sonrakı müddət ərzində Bakı Limanında əməliyyat səmərəliliyində nəzərəçarpan fərqlər müşahidə edilməkdədir – gömrüklə olan olan emal prosesi 1,5-2 dəfə sürətlənib, konteyner aşırma qabiliyyəti illik 100 min TEU-dan 150 min TEU-ya çatdırılıb. 2025-ci ilin 9 ayında yükaşırma həcmində son 22 ilin rekordu qeydə alınıb: ümumi yükaşırma 6 milyon tonu keçərək ötən illə müqayisədə təxminən 7 faiz artıb. Konteyner aşırması isə 77 mini ötüb və keçən ilin göstəricisini 40 faiz üstələyib. Yaxın illərdə limanın yükaşırma gücü illik 25 milyon tona çatdırılacaq.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində də mühüm işlər görülür. Bu dəhlizin vacib seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin tikintisi işlərinin 2025-ci ildə, Ələt–Osmanlı–Astara dəmir yolunun yenidənqurma işlərinin isə 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.
Bundan başqa, Astara Terminalının (İran İslam Respublikasının ərazisində) tikintisi üzrə əsaslı işlər görüb. Terminalın layihələndirmə işlərinin 92,5%-i, tikinti-quraşdırma işlərinin isə 80%-i başa çatdırılıb. Layihə çərçivəsində 1 körpü tikilib, 5 körpünün tikintisi başa çatmaq üzrədir, digərinin tikinti işlərinin 76 faizi yekunlaşıb. Terminalın inşası tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 4 milyon tona çatdırılması nəzərdə tutulur.
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ilə yükdaşımalar Zəngəzur dəhlizinin açılışı ilə daha da genişlənəcək. Bu ilin avqust ayında Prezident İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı regionumuzda dayanıqlı sülhün yaradılması üçün mühüm sənədlər imzalanıb, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat xəttinin çəkilməsi barədə razılıq əldə edilib. “Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan bu nəqliyyat xətti Azərbaycan–Ermənistan sərhədində Horadiz–Ağbənd dəmir yoluna birləşəcək və Naxçıvana qədər uzanacaq. Oradan isə Türkiyə və Avropaya çıxışı təmin edəcək. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub bağlantılarının mühüm seqmenti olacaq, Bakı–Tbilisi–Qars dəhlizi ilə birgə regionun tranzit imkanlarını artıracaq.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması, modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihələndirmə işləri davam etdirilir. Layihələndirmə mərhələsi yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq.
Daha müasir, daha rəqabətli infrastruktur
Son dövrlərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, nəqliyyat sahəsində əməkdaşlıqların genişlənməsi, geosiyasi dəyişikliklər, sənaye liderlərinin alternativ marşrutlar axtarışı bu çağırışlara cavab verəcək dəmiryol infrastrukturunu labüd edir.
ADY son illərdə bir sıra mühüm infrastruktur layihələri icra edib:
- “Azərbaycan Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı–Böyük Kəsik dəmir yolu xətti əsaslı təmir olunub;
- 2015–2017-ci illərdə magistral dəmir yolu xətlərinin 200 kilometrlik hissəsi əsaslı təmir olunub;
- 2017-ci ildə 8,3 kilometrlik Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti və Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi tamamlanıb;
- Zirə Limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub;
- 2023–2024-cü illərdə Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən sonra ilk dəfə bərpa edilib;
- 2023-cü ildə Asiya İnkişaf Bankı ilə Şimal-Cənub dəhlizinin bir hissəsi olan Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb;
- 2024-cü ildə Azərbaycanın Astara rayonu ərazisində illik buraxılış gücü 0,5 milyon ton olan Astara Terminalı istifadəyə verilib;
- 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin illik yükburaxma gücü 1 milyon tondan 5 milyon tona çatdırılıb;
- 2025-ci ildə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tamamlanıb, rabitə və işarəvermə sistemləri yenidən qurulub. 2026–2027-ci illərdə isə layihənin sonuncu mərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) dəyişən cərəyana keçid üzrə işlər həyata keçiriləcək. Bununla da Bakı–Böyük Kəsik xətti tamamilə bu sistemlə işləyəcək və Azərbaycanın dəmiryol infrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyə çevriləcək;
- Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 67%-i tamamlanıb. İki tuneldən birinin inşası başa çatdırılıb, ölkənin ən uzun dəmiryol tuneli olan digərində isə qazma işləri yekunlaşıb. Ümumilikdə Horadiz–Ağbənd layihəsi çərçivəsində 500-dən çox süni mühəndis qurğusunun tikintisi planlaşdırılır;
- 2025-ci ildə Bərdə–Ağdam dəmiryol xəttinin inşası başa çatdırılıb.
Sərnişinlərin etibarlı yol yoldaşı
1880-ci ildə neftçiləri iş sahələrinə daşımaq üçün fəaliyyətə başlamış dəmir yolları bu gün gündəlik 40 mindən çox sərnişinin rahat və təhlükəsiz nəqliyyat seçimidir. ADY-nin sərnişindaşıma xidmətinin xəritəsi müntəzəm olaraq genişləndirilir, ölkə daxilində yeni istiqamətlər üzrə daşımalar təşkil edilir. Bununla yanaşı, daha çox müasir qatar xəttə buraxılır ki, bu da xidmət keyfiyyətini daha da yüksəldir.
Sərnişindaşımada son on ildə görülmüş işlərə qısaca nəzər salsaq:
- 2015-ci ildən etibarən Bakı–Sumqayıt–Bakı xətti üzrə müasir qatarlar istifadəyə verilib;
- 2017-ci ildə Bakı Dəmiryol Vağzalı yenidənqurmadan sonra tam yeni xidmət infrastrukturu ilə sərnişinlərin istifadəsinə verilib;
- Həmin ildə Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmətini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı–Sabunçu–Pirşağı–Sumqayıt–Xırdalan–Biləcəri–Bakı xətti inşa olunub. Xətt boyunca iki ayrı marşrut üzrə sərnişinlərə ümumilikdə 14 məntəqəyə səyahət imkanı yaradılıb;
- 2018–2020-ci illərdə Sumqayıt Dəmiryol Vağzalı, Sabunçu Dəmiryol Vağzalı, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyaları əsaslı təmir olunub;
- 2020-ci ildə Abşeron dairəvi dəmir yolu xəttinin Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı olub;
- 2021-ci ildə Qəbələ Dəmiryol Vağzalını Ləki stansiyası ilə birləşdirən 43 kilometrlik Ləki–Qəbələ dəmir yolu xəttinin açılışı baş tutub;
- 2023-cü ildə Azərbaycan dəmir yolları tarixində ilk dəfə olaraq Bakı–Qəbələ–Bakı istiqamətində sərnişin daşımalarına başlanılıb;
- Müştəri məmnuniyyətinin yüksəldilməsi məqsədilə 23 sentyabr 2024-cü il tarixindən loyallıq proqramının tətbiqinə başlanılıb. Bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır;
- 23 sentyabr 2024-cü il tarixindən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsi qurulub. Artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa, Ağdam və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilirlər;
- 1 noyabr 2024-cü il tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasəti tətbiq olunub. Dinamik qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə bilir. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlanırlar.
- 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu bərpa olunub;
- Ölkədaxili səyahət coğrafiyasını genişləndirmək məqsədilə 15 iyundan etibarən Bakı-Ağstafa xətti Qazaxa qədər uzadılıb və bu xətlə ilk dəfə müasir qatarlar hərəkətə başlayıb;
- 2025-ci il il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub, avqustun 30-da Bakı–Ağdam–Bakı marşrutu üzrə 32 ildən sonra sərnişin daşımalarına başlanılıb;
- 28 sentyabr 2025-ci il tarixindən etibarən xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb. Müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir;
- Abşeron dairəvi dəmiryol marşrutu ilə də səyahət imkanları təkmilləşdirilib. Sentyabrın 15-dən qatarların hərəkət qrafiki optimallaşdırılıb, iş günləri reyslərin sayı 92-dən 104-ə çatdırılb. Hazırda Abşeron dairəvidə günlük sərnişin daşıma 42 min nəfəri ötüb. Ötən il bu göstərici 36 min nəfər idi;
- Bu ilin sonunadək Dərnəgül dayanacağının inşasının başa çatdırılması planlaşdırılır.
Müasirləşən qatar parkı
2015–2018-ci illərdə “Stadler Rail Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutlarında istismar üçün öz sinfində ən müasir “KISS” elektrik qatarları alınıb. Bundan əlavə, “Stadler” istehsalı olan “FLIRT” markalı 10 ədəd müasir qatar parka daxil edilib. Hazırda bu qatarlardan həm ölkədaxili, həm də şəhərətrafı marşrutlarda istifadə edilir.
Bununla yanaşı, 2023-cü ildə “Stadler Rail Group” ilə Regional Servis Mərkəzinin yaradılması barədə razılaşma əldə olunub. Bu mərkəzdə hazırda ölkənin dəmir yollarında istifadə edilən “Stadler” markalı nəqliyyat vasitələrinin texniki xidməti və təmiri həyata keçiriləcək. Eyni zamanda, mərkəzin xidmətlərindən regionda bu növ qatarlardan istifadə edən digər dəmir yolu operatorları da faydalana biləcək.
2025-ci ildə ADY-nin qatar parkı ümumilikdə 300 yeni vaqonla genişləndirilib. Bu il həm də Çin şirkəti ilə 7 yeni lokomotivin və ehtiyat hissələrinin alınması üçün müqavilə bağlanıb, növbəti mərhələdə isə daha 14 magistral lokomotiv parka daxil ediləcək.
Rəqəmsallaşma – kağız-qələmdən toxunuşlara
ADY təkcə infrastruktur layihələrinin genişləndirilməsi ilə deyil, həm də rəqəmsal transformasiya ilə nəqliyyat sisteminin inkişafını sürətləndirir.
ADY tərəfindən yaradılan “ADY Smart” platforması yük sahiblərinə yüklərin qeydiyyatını, elektron naryadların alınmasını, sənədləşmə və izləmə proseslərini real vaxt rejimində onlayn həyata keçirməyə imkan verir. Bu yanaşma sənəd dövriyyəsini sadələşdirir və vaxt itkisinin qarşısını alır.
İnnovativ həllərdən biri də CIM/SMGS vahid elektron yük qaiməsi sistemidir. Beynəlxalq səviyyədə tanınan bu sənəd müxtəlif daşıma sənədlərini birləşdirərək gömrük prosedurlarını sürətləndirir, məlumatların avtomatik mübadiləsini təmin edir və tranzit yüklərin fasiləsiz hərəkətinə şərait yaradır. Nəticədə logistika zəncirində gecikmələr, risklər və əməliyyat xərcləri minimuma endirilir.
Rəqəmsallaşma prosesləri ADY-nin sərnişin daşımalarında da uğurla tətbiq olunur. 2023-cü ildə sərnişindaşımada rəqəmsal həllər təklif edən “ADY Mobile” tətbiqi istifadəyə verilib. ADY-nin rəqəmsal məhsulu olan bu tətbiq üzərindən bilet alışı daha sürətli, növbəsiz həyata keçirilir. Mobil tətbiq vasitəsilə sərnişinlər xidmətlər və yeniliklər haqqında bildirişlərlə məlumatlandırılır. Artıq “ADY Mobile” istifadəçilərinin sayı 300 mini ötüb. Eyni zamanda, 2024-cü ilin iyul ayından ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsini təqdim etmək (“My.gov.az” portalından şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edərək) imkanı yaradılıb. Bununla yanaşı, ölkədaxili marşrut və stansiyalarda “Wi-Fi” xidmətinin istifadəyə verilməsi də sərnişin məmnuniyyətini artıran vacib sosial-texnoloji addımlardandır.
ADY-də yeni yaradılmış müasir İT ofisi gənc mütəxəssislər üçün inkişaf mühiti formalaşdırmaqla yanaşı, innovativ həllərin davamlı şəkildə tətbiqini dəstəkləyir.
Bu ilin birinci yarısında yeni elektron xidmət portalı (Digital ADY) istifadəyə verilib. Bu innovativ platforma sayəsində müraciətlər, sorğuların izlənməsi və cavabların əldə edilməsi kimi ənənəvi kağız əsaslı proseslər indi onlayn həyata keçirilir.
Rəqəmsal imzanın tətbiqi sənədlərin rəsmiləşdirilməsini asanlaşdırıb. Artıq yük ekspeditorları sənədləri birbaşa yerində tez bir zamanda və təhlükəsiz şəkildə imzalaya, müştərilər isə şəxsi iştiraka ehtiyac olmadan yüklərin qəbulunu məsafədən təsdiq edə bilirlər.
Kağızdan istifadəni minimuma endirmək, ətraf mühitə mənfi təsiri azaltmaq üçün onlayn bilet alışının təşviqi istiqamətində görülən işlər də öz nəticəsini verir. Hazırda rayonlararası istiqamətlərə onlayn bilet alışı ənənəvi bilet alışını üstələyir. Sərnişinlərin 80 faizi biletləri vaxt itirmədən, kassalarda növbədə dayanmadan, rahat şəkildə ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi vasitəsilə alır.
Ətraf mühitlə əl-ələ gələcəyə
Dəmir yollarının ətraf mühitə təsirinin və karbon izinin azaldılması üçün dayanıqlı layihələr icra edilir. Bu baxımdan ADY-nin ekoloji məsuliyyət prinsiplərinə sadiq qalaraq həyata keçirdiyi rəqəmsallaşma və dayanıqlılıq siyasəti çərçivəsində 2023-cü ildən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə kağız biletlərin satışı dayandırılıb. Bu addım resursların səmərəli istifadəsinə, kağız tullantılarının azalmasına və müasir ekoloji idarəetmə prinsiplərinin dəmir yolu sistemində tətbiqinə xidmət edir.
Təmiz enerjidən istifadə nəticəsində dəmir yollarının karbon izinin azaldılmasına mühüm töhfə verilir. ADY-nin 2021-ci ildə açılışı olmuş yeni Biləcəri lokomotiv deposunda 307, 2022-ci ildə istifadəyə verilmiş yeni Gəncə lokomotiv deposunda isə 350 panel quraşdırılıb. Günəş panelləri 2024-cü ildə 90 min kilovat-saat “yaşıl” elektrik enerjisi istehsal edib. Əldə edilmiş təmiz enerjidən istifadə nəticəsində 8 min kubmetrdən çox təbii qaza qənaət edilib və 20 min kiloqram karbon emissiyasının qarşısı alınıb.
ADY kağız tullantıları təkrar emala göndərir, eyni zamanda, sənaye sularını təmizləyərək təkrar istifadəyə cəlb edir. Bundan başqa, müntəzəm ağacəkmə və iməcilik aksiyaları təşkil edilir, tikinti işləri zamanı flora və faunanın müvafiq tələb və standartlara uyğun mühafizəsi təmin edilir.
Ətraf mühitin mühafizəsi, dəmir yollarının dayanıqlı inkişafı üçün görülmüş işlər Azərbaycan dəmir yollarının və ümumilikdə ölkə nəqliyyatının tarixində ilk dəfə ötən il dərc olunmuş Dayanıqlılıq Hesabatı 2023-də ətraflı şəkildə təqdim olunub. Bu il isə 2024-cü ili əhatə edən hesabat dərc edilərək ictimaiyyətə təqdim ediləcək.
Hədəflər
Prezident İlham Əliyevin rəhbərliyi, birbaşa diqqət və qayğısı ilə son illərdə nəqliyyat sektorunda, o cümlədən dəmir yolu sahəsində əldə olunan uğurlar Azərbaycanın gələcək inkişafı üçün geniş perspektivlər açır. Bu uğurlar sayəsində ADY regional və beynəlxalq nəqliyyat sistemində öz mövqelərini möhkəmləndirib.
Bu istiqamətdə ADY tərəfindən 2030-cu ilədək Strateji İnkişaf Sənədi hazırlanıb. Sənəd şirkətin uzunmüddətli fəaliyyət istiqamətlərini, prioritet məqsədlərini və bu məqsədlərə çatmaq üçün həyata keçiriləcək kompleks proqram və layihələri özündə birləşdirir. Bu strategiyanın reallaşması Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri ilə uzlaşaraq ölkənin nəqliyyat infrastrukturunu daha rəqabətədavamlı, ekoloji və innovativ müstəviyə daşıyacaq.
ADY 145 illik zəngin tarixə və formalaşmış ənənələrə malik bir dövlət şirkətidir. Lakin öz inkişafının hər bir mərhələsində dövrün çağırışlarına cavab verərək yenilənir və dəyişir. Son illərdə dövlət sektorunda, o cümlədən ADY-də müasir idarəetmə metodları, innovasiyalar və yaradıcı insan amilinə əsaslanan böyük transformasiya prosesləri gedir.
Bir neçə il əvvəl ADY qarşısında şirkətin daha səmərəli fəaliyyət göstərməsi və müasir metodlarla çalışan təsisata çevrilməsi hədəfi qoyulmuşdu və bu hədəfə çatmaq məqsədilə ötən müddət ərzində “Boston Consulting Group” kimi nüfuzlu beynəlxalq məsləhətçi şirkətin də yaxından iştirakı və dəstəyi ilə ADY-də üç mərhələdən ibarət Transformasiya Proqramı həyata keçirildi. Hazırda ADY-də transformasiya prosesi bitib və şirkət öz gündəlik fəaliyyətini AZCON Holding tərəfindən qarşısına qoyulmuş strateji hədəflərə çatmaq istiqamətində davam etdirir. Bu hədəflər ölkədə dəmir yolu sahəsinin stabil inkişafını təmin etməklə yanaşı, Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində daha aktiv rol oynamaqla bu dəhlizlərin inkişafı və tranzit yüklərin davamlı və dayanıqlı artımına töhfə vermək, Azərbaycanı beynəlxalq tranzit-nəqliyyat qovşaqlarından birinə çevirməklə bağlıdır.
Beləliklə, ADY qarşıdakı illərdə yalnız ölkədaxili deyil, həm də beynəlxalq səviyyədə etibarlı və dayanıqlı tərəfdaş imicini daha da möhkəmləndirməyi hədəfləyir.