Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaradan, Cənubi Qafqazda etimad mühiti və dayanıqlı sülhün bərəqərar olması üçün ciddi addımlar atan, Ermənistanla münasibətlərin normallaşdırılması prosesində əsas amil olan sülh müqaviləsinin əsasını təşkil edən beş prinsipləri, eləcə də sənədin mətnini tərtib edərək rəsmi İrəvana təqdim edən Azərbaycan daim regionda sülh təşəbbüslərinin müəllifi olub. Prezident İlham Əliyevin oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etməsini bir daha vurğulaması bunun əyani təsdiqidir. Dövlət başçısı həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd edib, ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb. Antonio Koşta “Avropa Siyasi Birliyi”nin sammitindəki çıxışında İlham Əliyevi və Nikol Paşinyanı tarixi sülhə nail olduqlarına görə təbrik edib: “Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbrik etmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh Avropamız üçün əhəmiyyətli andır. Bu, onu göstərir ki, sülh qurmaq mümkündür və sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”.
Kopenhagendə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə hər iki ölkənin lideri sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq edərək ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton sammitinin əhəmiyyətini vurğulayıblar. Həmçinin regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayan liderlər infrastruktur istiqamətində görülən işlərlə bağlı bir-birilərinə məlumat veriblər. Ermənistan Baş nazirinin mətbuat xidmətinin görüşlə bağlı verdiyi açıqlamada da bildirilib ki, tərəflər avqustun 8-də Vaşinqton sülh sammitində əldə olunan razılaşmanın əhəmiyətini vurğulayıblar: “Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti davam etdirməyə sadiq olduqlarını bir daha təsdiq etdilər. Ermənistan Baş naziri və Azərbaycan Prezidenti regionda nəqliyyat əlaqələrinin üstünlüklərini qeyd ediblər, Azərbaycanda infrastrukturun inkişafının gedişatını və Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsini müzakirə edərək Vaşinqton Bəyannaməsi ilə bağlı fikir mübadiləsi aparıblar”. Məlumatda o da bildirilir ki, tərəflər bu kontekstdə ATƏT-in Minsk prosesinin və bütün əlaqədar strukturların dayandırılması barədə yekdil qərarı alqışlayıbalr: “Tərəflər etimad quruculuğu tədbirlərinin daha çox həyata keçirilməsinin zəruriliyini vurğuladılar və təmasları davam etdirmək barədə razılığa gəldilər”.
Sülh quruculuğunun daimi proses olduğunu nəzərə alsaq Ermənistan və Azərbaycan liderləri arasında aparılan fikir mübadiləsinin davam etdirilməsi baxımdan Kopernhagen görüşünün mühüm əhəmiyyət kəsb etdiyini deyə bilərik. Bu görüş regionda davamlı sülhün, əməkdaşlığın və sabitliyin təmin olunması, eləcə də sülh müqaviləsinin imzalanması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Onu da xüsusilə vurğulmaq lazımdır ki, Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünün “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində keçirilməsi Avropanın sülh prosesinə verdiyi dəstəyin bariz nümunəsidir. Belə ki, Avropa İttifaqına daxil olan ölkələrin liderləri iki ölkə arasında dialoqun genişlənməsində, normal münasibətlərin qurulmasında maraqlı olduqlarını dəfələrlə vurğulayıblar. Çünki Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın bərqərar olması Avropa İttifaqının maraqlarına da uyğundur.
Azərbaycan ötən müddətdə sülh quruculuğu prosesinin irəli aparılması, regionda əməkdaşlığın və təhlükəsizliyin bərəqərar olması, dayanıqlı və dönməz sülhün əldə olunması üçün ciddi səy göstərib. Nəhayət, rəsmi İrəvan da xarici təsirlərdən asılılığını bütünlüklə aradan qaldıraraq rəsmi Bakı ilə sülh müqaviləsinin imzalanmasına ciddi maneə olan Konstitusiyaya dəyişikliklər etmək üçün real addımlar atmalıdır. Çünki bu Azərbaycanın əsas şərtidir.
Zahid Rza, “İki sahil”