Elmar Mirsalayev: 2030-cu ilə qədər sığorta xidmətlərindən istifadəni üçqat artırmağı hədəfləyirik
Maliyyə bazarının ən mühüm dayaqlarından biri olan sığorta sektoru son illərdə Azərbaycanda sürətli inkişaf mərhələsinə qədəm qoyub. İslahatlar, rəqəmsal yeniliklər, beynəlxalq əməkdaşlıq və maarifləndirmə tədbirləri sığortanı təkcə iqtisadiyyatın deyil, həm də cəmiyyətin sosial müdafiə mexanizminə çevirib. Bu dinamik inkişafın mərkəzində dayanan əsas qurumlardan biri də Azərbaycan Sığortaçılar Assosiasiyasıdır (ASA). Assosiasiyanın icraçı direktoru, eyni zamanda, Türk Dünyası Sığorta Birliyinin həmtəsisçisi Elmar Mirsalayev “İki sahil” qəzetinə müsahibəsində sığorta bazarının bugünkü reallıqları, həyata keçirilən yeniliklər, istehlakçıların müdafiəsi və qarşıdakı illər üçün hədəflərlə bağlı suallarımızı cavablandırdı.
- Son illərdə sığorta sektorunda hansı yeniliklər və innovasiyalar tətbiq olunub və bunlar istehlakçıların maraqlarını necə qoruyur?
- Bu gün əminliklə deyə bilirik ki, Azərbaycanın sığorta sektoru yeni inkişaf mərhələsindədir və nəticə etibarilə yerli sığorta bazarımız dinamik şəkildə böyüyür. İnkişaf və böyüməni təmin edən başlıca komponentlər isə məqsədyönlü islahatlar və innovativ yeniliklərdir. Yerli sığorta sektoru üzrə həyata keçirilən islahat və yeniliklə bazar həcminin 1 milyard manatı ötməsinə və sığorta sektorunun qeyri-neft sektoru üzrə ümumi daxili məhsulda (ÜDM) payının 2%-ə yaxınlaşmasına səbəb olmuşdur. Təbii ki, bu islahatlar və əldə olunan böyümə ölkəmizdə sığorta bazarı üzrə requlyativ orqan olan Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi uğurlu nəzarət və tənzimləmə siyasətinin məhsuldar nəticəsidir.
Son illər sektorda həyata keçirilən, xüsusilə vətəndaşyönümlü məqama əsaslanan islahatlar sırasında biz sığorta xidmətləri üzrə elektronlaşmanın genişləndirilməsi və təkmilləşdirilməsini misal göstərə bilərik. Azərbaycan Respublikasının Mərkəzi Bankının nəzarətedici orqan olaraq mövcud şərtlər çərçivəsində irəli sürdüyü tələbləri, habelə Azərbaycan Sığortaçılar Assosiasiyası və digər bazar iştirakçılarının bilavasitə iştirakı ilə ötən dövr ərzində sektorda stimullaşdırıcı tədbirlər, məqsədyönlü islahatlar həyata keçirilib.
Bu sırada biz ilk növbədə son dövrlərin ən aktual mövzusu olan həyat sığortalarındakı yeniliyi misal göstərə bilərik. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 16 may tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edildi. Bu qaydalar bu vaxta qədər mövcud olan, lakin yüksək üstünlüklərinə baxmayaraq aktivliyi ürəkaçan olmayan “Kredit həyat sığortası” məhsulunun təminat dairəsini genişləndirdi, məhsula olan əlçatanlıq şərtlərini sadələşdirdi. Hesab edirik ki, artıq istehlakçıların xidmətində olan bu yenilənmiş “Kredit həyat sığortası” məhsulu vətəndaşlarımızın həyat risklərini optimal şərtlərlə təminat altına almaqla yanaşı, ölkəmizdə ümidsiz kredit probleminin tədricən və mərhələli şəkildə aradan qaldırılmasına təkan verəcək.
Ötən 2 ilə nəzər saldıqda isə biz daşınmaz əmlakların sığortası ilə bağlı uzun müddətdir ki, mövcud olan problemin aradan qaldırılması məqsədilə həyata keçirilmiş islahatı qeyd edə bilərik. Belə ki, artıq 2023-cü ilin 1 iyun tarixindən etibarən həm Daşınmaz əmlakın icbari sığortası, həm də Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçirildi. Həmçinin qeyd olunan tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası prosesi yekunlaşdı və nəticədə daşınmaz əmlak sığortaları ilə bağlı nəzarət mexanizmi formalaşdırıldı.
Eyni zamanda, avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin sığortası ilə bağlı ötən dövr ərzində bir sıra islahatlar həyata keçirildi. Belə ki, Mərkəzi Bankın bilavasitə nəzarəti çərçivəsində ölkəmizdə fəaliyyət göstərən və Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün satışı ilə bağlı lisenziyaya malik olan bütün qeyri-həyat sığortası şirkətlərində adı çəkilən növ üzrə elektron satışlar tam təmin olundu. Həmçinin yenə avto-icbari sığorta növü üzrə Azərbaycanda, bəzi inkişaf etmiş ölkələrin sığorta bazarları üçün hələ də arzu olaraq qalan “Zərərlərin Birbaşa Tənzimlənməsi” sisteminə keçid edildi ki, bu da müvafiq sığorta növü üzrə hadisələrin çevik tənzimlənməsinə, nəticə etibarilə sığorta istehlakçılarında müştəri məmnuniyyətinin təmin olunmasına təkan verdi. Avto-icbari növ üzrə həyata keçirilən tədbilərdən biri də bu növə dair baza sığorta haqqı saxlanmaqla yeni risk əmsallarının tətbiqi oldu. Bu yenilik də öz-özlüyündə sığortada ədalətli yanaşmanın bərqərar olmasını təmin etdi.
Təbii ki, həyata keçirilən və davam etdirilən islahatlar bununla bitmir. Qeyd etmək istəyirəm ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən tərtib edilən və sektorun dayanıqlı inkişafını hədəfləyən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sənədi yerli sığorta bazarı üçün strateji inkişaf xəritəsi rolunu oynayır. Hesab edirik və proqnozlaşdırırıq ki, müvafiq strategiyadan irəli gələn və növbəti dövr ərzində həyata keçirilməsi planlaşdırılan məqamlar 2030-cu ilə qədər ölkəmizdə sığorta xidmətlərindən istifadə üzrə penetrasiyanı 3 dəfəyə qədər artıracaq, sığorta yığımlarının qeyri-neft sektoru üzrə ÜDM-dəki payının 4%-i ötməsinə səbəb olacaq.
- İnkişaf və böyümənin davamlılığı üçün maarifləndirmə prosesi də əhəmiyyətli rol oynayır. Azərbaycanın sığorta bazarında istehlakçıların maarifləndirilməsi və məlumatlılığının artırılması üçün ASA hansı təşəbbüsləri həyata keçirir?
- Çox doğru qeyd edirsiniz. Maliyyə xidmətlərinin sürətlə inkişaf etdiyi, təkmilləşdiyi əsrimizdə maliyyə savadlılığının, ələlxüsus da sosial-iqtisadi müdafiə mexanizmi olan sığorta ilə bağlı maarifləndirmənin təşkili təkcə bu gün üçün yox, bütün dövrlər üçün aktual mövzudur. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə də sığorta sektorumuz sistemli tədbirlər həyata keçirir. Belə ki, bununla əlaqədar olaraq, 2020-ci ildə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Artıq 5-ci ildir ki, sığorta sektoru olaraq əhalidə sığorta savadlılığının artırılması üçün “360 dərəcə marketinq” fəlsəfəsi ilə sistemli addımlar atırıq.
Maarifləndirmə tədbirləri çərçivəsində media vatisələri ilə, habelə ictimai məkanlarda sığortaya təşviq və məlumatlandırma işləri görülür, müxtəlif sektor və seqment iştirakçıları üçün silsilə sığorta seminarları təşkil olunur. Ən əsası isə Memorandum çərçivəsində artıq 2 dəfə ölkə ərazisində geniş “Sığorta festivalı” həyata keçirilib ki, bu da əhalinin sığortaya cəlb olunmasında mühüm rol oynayıb. Gördüyümüz bu tədbirlərin nəticəsi dövri sığorta icmallarında da böyümə dinamikası ilə öz əksini tapır.
- Assosiasiya sığortaçıların peşəkarlığını artırmaq və etik standartları qorumaq üçün hansı təlim və sertifikasiya proqramları həyata keçirir?
- Çox önəmli məqama toxunduğunuz üçün sizə təşəkkür edirəm. Bəli, hər bir sahədə olduğu kimi, sığorta sektoru üçün də təlim və tədris işi çox önəmlidir. Bu önəmli istiqamət üçün assosiasiyamızın tərkibində ASA Tədris Mərkəzi fəaliyyət göstərir. Mərkəz sığorta sektorunun təlim ehtiyaclarını mütəmadi olaraq araşdırır və bu ehtiyaclara uyğun mövzu və istiqamətlərdə təlim-tədris layihələri icra edir.
ASA Tədris Mərkəzinin həyata keçirdiyi layihələr sırasında sığorta agenti hazırlıqları kursu, risk idarəetməsi, anderraytinq, aktuari, satış texnikaları, o cümlədən sığorta olimpiadaları, beynəlxalq sığorta trendlərinə dair seminarlar və vebinarlar kimi layihələri misal göstərə bilərəm.
ASA Tədris Mərkəzi sadəcə yerli təlimçiləri yox, həm də beynəlxalq təlimçiləri təlimlərə cəlb edir ki, bu da yerli sığortaçılarımızın öz bilik və bacarıqlarını beynəlxalq trendlərə uyğun bir şəkildə artırmaqlarına imkan yaradır.
- Azərbaycan sığorta bazarının beynəlxalq əlaqələri hansı səviyyədədir və assosiasiya bu istiqamətdə hansı təşəbbüslər göstərir?
- Beynəlxalq əlaqələr dünya təcrübəsinin öyrənilməsi və qloballaşma baxımından ciddi əhəmiyyətə malikdir. Biz də sığorta sektoru olaraq həm dünya sığorta bazarları ilə qarşılıqlı əlaqələrimizi günbəgün inkişaf etdirir, o cümlədən sektor üzrə həyata keçirdiyimiz islahatlarda dünya təcrübəsinə istinad edirik.
Azərbaycan Sığortaçılar Assosiasiyası sektorun beynəlxalq əlaqələrinin formalaşdırılması istiqamətində əsaslı addımlar atır. Belə ki, bu yöndə artıq Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Macarıstan kimi ölkələrlə qarşılıqlı əməkdaşlıq qurmuş, habelə dünya sığortaçılarının təşkilatı olan Sığorta Assosiasiyaları Qlobal Federasiyası və “Insurance Europe”a üzvlüyümüzü təmin etmişik.
Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, Türkiyə ilə olan qarşılıqlı əməkdaşlığımız yalnız iki ölkəni yox, qısa zamanda türk dünyası ölkələrini də əhatə edib. Belə ki, assosiasiyamız ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və bir təşəbbüs çərçivəsində 2022-ci ilin may ayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın sığorta birliklərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis olundu. Sevindirici haldır ki, qurduğumuz bu Birlik qısa zamanda Türk Dövlətləri Təşkilatının da diqqətini çəkdi. Məlum olduğu kimi, bu ilin 13-14 sentyabr tarixlərində Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Azərbaycanın Şuşa şəhərində gerçəkləşdi. Bu təntənəli tədbirdə Birlik olaraq Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinən əsaslanaraq yenidən formalaşdıq. Belə ki, Türk Dünyası Sığorta Birliyinə 5 təsisçi üzvdən əlavə 3 müşahidəçi təşkilat da (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta birlikləri) Birliyə qatılmış oldu.
- İstehlakçı şikayətlərinin araşdırılması və həlli prosesi necə təşkil olunur və assosiasiya bu sahədə şəffaflığı necə təmin edir?
- Bu məqam da çox önəmlidir. İstehlakçıların hüquqlarının qorunması, problemlərin aradan qaldırılması istiqamətində nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankı əsaslı tədbirlər həyata keçrir və ciddi iş aparır. Hətta qeyd edə bilərəm ki, bununla əlaqədar Mərkəzi Bank sığorta bazarı ilə bağlı hər ay şikayət indeksini də açıqlayır ki, bu da istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətli addımdır.
Öz təcrübəmizə əsaslanaraq deyə bilərik ki, daxil olan şikayətlərin böyük əksəriyyəti sığorta hadisəsi üzrə aparılmış qiymətləndirmə ilə bağlı olur və bu da gözlənti ilə reallığın üst-üstə düşməməsi nəticəsində yaranır. Sığortalı vətəndaşlara tövsiyə edirik ki, sığorta müqaviləsini imzalayarkən şərtləri, xüsusilə də təminat verilən risklər bölməsini oxuyaraq imzalasınlar. Hesab edirəm ki, bu zaman şikayətlərin sayında da azalmanı hiss edə biləcəyik.
- Gələcək illərdə Azərbaycan sığorta sektorunun inkişafı üçün ASA-nın əsas strateji hədəfləri və prioritetləri nələrdir?
- Təkcə Assosiasiya olaraq yox, ümumilikdə sektor olaraq başlıca hədəfimiz sığorta bazarımızın davamlı və dayanıqlı böyüməsinin tam təmin olunmasıdır. Bununla əlaqədar da islahatlar, maarifləndirmə və beynəlxalq əlaqələr gücləndirilmiş şəkildə davam etdirilməlidir.
Bildiyiniz kimi, hazırda ölkəmizdə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 100% penetrasiyaya malikdir. Əsas hədəflərimizdən biri digər icbari sığortalarda da, habelə könüllü sığorta məhsullarında da yüksək penetrasiyanın təmin olunmasıdır. O cümlədən, hazırda sığorta bazarımız üzrə illik böyümə minimumu dövri olaraq 10-20% arasında dəyişir. Bu minimumu qoruyub saxlamaq və daha da yüksəltməkdə əsas hədəflərimiz sırasındadır.
Sığortanın inkişafı iqtisadiyyatın sabitliyini və vətəndaşların rifahını təmin edən başlıca komponentdir. Çünki güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü Azərbaycan deməkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”