İqtisadçı: Konsepsiyanın məqsədi enerji istehsalı, ötürülməsi, paylanması və idarəetmə proseslərini vahid zəncir kimi optimallaşdırmaqdır
Azərbaycanın enerji sektorunda süni intellekt əsaslı ilk sistemli konseptin hazırlanması ölkənin iqtisadi və texnoloji inkişaf gündəliyində yeni mərhələnin başlandığını göstərir. Qlobal miqyasda enerji bazarlarının sürətlə dəyişdiyi, yaşıl keçidin prioritetə çevrildiyi və rəqəmsal həllərin strateji üstünlük qazandığı bir dövrdə belə bir sənədin ortaya çıxması təsadüfi deyil. Bu təşəbbüs təkcə texnoloji yenilik kimi deyil, həm də enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.
Məlum olduğu kimi, bu konsept İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən hazırlanıb. Mərkəzin icraçı direktoru Fariz Cəfərov bildirib ki, “Enerjidə süni intellekt həlləri” adlı sənəddə ölkənin enerji sektorunda mövcud vəziyyət və əsas çağırışlar geniş şəkildə təhlil olunub. Bu yanaşma göstərir ki, məsələ yalnız texnoloji tətbiqlə məhdudlaşmır, eyni zamanda, struktur problemlərinin, idarəetmə boşluqlarının və itkilərin sistemli şəkildə qiymətləndirilməsini nəzərdə tutur.
Sənədin əsas xüsusiyyətlərindən biri 40 qlobal həll konsepti əsasında mümkün tətbiq istiqamətlərinin müəyyənləşdirilməsidir. Bu isə o deməkdir ki, yanaşma lokal təcrübə ilə kifayətlənmir, beynəlxalq praktikadan və uğurlu modellərdən faydalanır. Enerji istehsalı, ötürülməsi və idarə olunmasında süni intellekt alətlərinin tətbiqi artıq bir çox inkişaf etmiş ölkələrdə real nəticələr verir. Məsələn, enerji şəbəkələrində proqnozlaşdırıcı analiz vasitəsilə qəza risklərinin əvvəlcədən müəyyən edilməsi, avadanlıqların texniki vəziyyətinin avtomatik monitorinqi və tələbatın daha dəqiq proqnozlaşdırılması mümkün olur. Azərbaycan üçün də bu cür texnologiyalar həm maliyyə itkilərinin azalması, həm də xidmət keyfiyyətinin yüksəlməsi deməkdir.
Qlobal təcrübədən milli modelə

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə dövlət başçısının süni intellektlə bağlı səsləndirdiyi fikirlər ölkədə rəqəmsal transformasiyanın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə dövlət qurumlarının idarə heyətlərində mövcud ştat vahidləri, idarəetmə modelləri və struktur yanaşmalarla bağlı irəli sürülən tezislər süni intellektin artıq alternativ deyil, zəruri inkişaf istiqaməti kimi qəbul edildiyini bir daha təsdiqləyir. Enerji sektorunda bu texnologiyanın sistemli tətbiqinə dair ilk konseptual sənədin hazırlanması isə strateji baxımdan mühüm addım kimi dəyərləndirilir.
İqtisadçının sözlərinə görə, süni intellektin təsir imkanları yalnız enerji sahəsi ilə məhdudlaşmır. Bu texnologiya iqtisadiyyatın və ümumilikdə ictimai həyatın bütün istiqamətlərində məhsuldarlığın artmasına, qərarvermə proseslərinin daha dəqiq və operativ qurulmasına şərait yaradır. Lakin onun real səmərəsi planlı və mərhələli tətbiqdən, həmçinin mövcud institusional mexanizmlərlə düzgün uzlaşdırılmasından asılıdır. Enerji sektorunda bu istiqamətdə atılan addımlar texnoloji modernləşməni sürətləndirməklə yanaşı, idarəetmə keyfiyyətinin yüksəlməsinə və yeni inkişaf mərhələsinin formalaşmasına təkan verə bilər.
Vahid zəncir üzrə optimallaşdırma
Eldəniz Əmirov qeyd etdi ki, konsepsiyanın mahiyyəti göstərir ki, məqsəd ayrı-ayrı texnoloji həllərin tətbiqi ilə kifayətlənmək deyil: Burada enerji istehsalı, ötürülməsi, paylanması və ümumi idarəetmə proseslərinin vahid zəncir kimi optimallaşdırılması nəzərdə tutulur. Süni intellekt əsaslı alətlərin tətbiqi avadanlıqların daha effektiv idarə olunmasına, əməliyyat xərclərinin azaldılmasına, risklərin öncədən qiymətləndirilməsinə və proqnozlaşdırma imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə qərarların daha çox analitik əsaslara söykənməsi deməkdir.
Xüsusilə texniki və kommersiya itkilərinin azaldılması enerji sektorunun ən həssas istiqamətlərindən biri olaraq qalır. Qaz hasilatı və ötürülməsi sahəsində mövcud itkilər həm maliyyə baxımından əlavə yük yaradır, həm də ümumi səmərəliliyi zəiflədir. Süni intellektə əsaslanan monitorinq və analiz sistemləri itkilərin mənbələrini daha dəqiq müəyyən etməyə, operativ müdaxilə imkanlarını genişləndirməyə və nəticə etibarilə itki səviyyəsini minimuma endirməyə imkan verə bilər. Bu yanaşma həm iqtisadi, həm də strateji üstünlüklər formalaşdırır.
Bununla yanaşı, rəqəmsal alətlərin tətbiqi xərclərin optimallaşdırılmasına, resursların daha rasional bölüşdürülməsinə, məhsuldarlığın artmasına və idarəetmədə çevikliyin təmin olunmasına gətirib çıxarır. Səmərəliliyin yüksəlməsi isə sektorun rəqabət qabiliyyətini gücləndirir, onu daxili və xarici təsirlərə qarşı daha dayanıqlı edir".
Texnoloji yenilikdən strateji transformasiyaya
İqtisadçı, həmçinin diqqətə çatdırdı ki, enerji sektorunda süni intellektin tətbiqinə dair hazırlanan konsepsiya yalnız texnoloji yenilik kimi deyil, eyni zamanda, institusional və strateji transformasiya sənədi kimi qiymətləndirilə bilər. Bu təşəbbüs ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyi təqdirdə, Azərbaycanın enerji sektorunun uzunmüddətli, dayanıqlı və rəqabətqabiliyyətli inkişafına mühüm töhfə verəcək.
Nigar Orucova, "İki sahil"