Dövlət başçısı İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün Danimarkaya işgüzar səfəri çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlər, müzakirə olunan məsələlərdə ölkəmizin mövqeyinə verilən önəm bunun bariz nümunəsidir
Xarici siyasətimizin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksələn xətlə inkişafı tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra daha aydın şəkildə nəzərə çarpır. Azərbaycanın beynəlxalq nüfuzi artır, söz sahibliyi diqqətdən kənarda qalmır. Hər bir məsələdə ölkəmizin mövqeyinə verilən önəm də bunun bariz nümunəsidir. Bu mühüm məqam da daim vurğulanır ki, beynəlxalq tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəldilir. Ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atması, hər bir sahədə zəngin təcrübəyə malik olması xüsusi vurğulanır. Prezident İlham Əliyevin oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bunun təsdiqidir.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. “Avropa Siyasi Birliyi” Zirvə toplantısı ilk dəfə 2022-ci ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirildi. Həmin toplantıda 44 ölkənin dövlət və hökumət başçıları iştirak etmişdir. Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirən toplantıda liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər. Həmin Zirvə görüşü şərçivəsində Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının o vaxtkı Prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüş keçirilmişdir. Hər bir beynəlxalq tədbir iştirakçı ölkələrin malik olduğu imkanların, ən əsası həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Cənab İlham Əliyev ilk Zirvə toplantısında Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 2023-cü ilin iyununda Moldovanın paytaxtı Kişineuda “Avropa Siyasi Birliyi”nin sayca ikinci Zirvə toplantısı keçirildi. Həmin Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak etdilər. Qurumun 2023-cü ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçirilmiş 3-cü Zirvə görüşündə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü yenə də gündəmdə oldu. Cənab İlham Əliyev görüşə razılıq verdi. Amma bir şərtlə ki, danışıqlar masasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etsin. Lakin buna etitaz edilməsi fonunda Azərbaycan lideri tədbirə qatılmaqdan imtina etdi. Nəticədə Mişel, Makron, Şolts və Paşinyan Qranadada Azərbaycanın iştirakı olmadan birgə bəyanat qəbul etdilər. 4-cü Zirvə toplantısı 2024-cü ilin iyulunda Oksfordda keçirildi. Qurumun 6-cı və 7-ci Zirvə toplandısı bu il keçirilib. 6-cı Zirvə toplantısı bu ilin mayında Albaniyanın paytaxtı Tirana şəhərində keçirildi.
Azərbaycan Prezidentinin qurumun Zirvə toplantılarında iştirak üçün xüsusi dəvət edilməsi dövlətimizin başçısına göstərilən böyük etimadın, Azərbaycanın artan nüfuzunun nümayişidir. “Avropa Siyasi Birliyi”nin məqsədinə diqqət yetirdikdə Azərbaycana verilən önəm bəlli olur. Ölkəmiz hər zaman cülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı kimi çıxış edir, bunu real addımları ilə təsdiqləyir. Qurumun Zirvə toplantılarının Azərbaycanın tarixi Zəfərindən sonra keçirildiyini nəzərə alsaq, ölkəmizə diqqəti, Prezident İlham Əliyevə böyük etimadı şərtləndirən amillər bəlli olur. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Tarixi Zəfərimizdən dərhal sonra Prezident İlham Əliyevin regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərimizdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Beynəlxalq hüququn beş əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin müəllifi Azərbaycandır. Ölkəmizin sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Regionda yeni əməkdaşlıq formatlarının yaradılması üçün dayanıqlı sülh və təhlükəsizlik əsasdır. Bu ilin avqustunda cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən oldu. Dövlət başçısı İlham Əliyev istər “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı, istərsə də BMT BAş Assamleyasının 80-cı sessiyası çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərdə əsas diqqət göstərilən məsələlərdən biri məhz Vaşinqton razılaşmaları oldu.
Reallıq budur ki, avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.
Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”dur (TRIPP). Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə cənab İlham Əliyev birgə imzaladılar. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Prezident Donald Trampın 1992-ci ildə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi. Ümumilikdə Prezident İlham Əliyevin avqust ayında ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra ilk dəfə çıxış etdiyi BMT tribunasından Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür etdi.
Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev, həmçinin plenar sessiyaya qatıldı. “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak etdilər. Plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olundu.
Dövlətimizin başçısı İlham Əliyev Zirvə toplantısı çərçivəsində Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdü. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə Antonio Koşta və Ursula Fon der Lyayen dövlətimizin başçısını Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik etdilər, bunun regionda davamlı sülhün təmin olunmasına xidmət edəcəyinə ümidvar olduqlarını bildirdilər. Antonio Koşta və Ursula Fon der Lyayen sülhün dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəklərini bildirdilər. Onlar, həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu bildirdilər. Görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rola toxunuldu, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının həcminin artdığı bildirildi. Dövlətimizin başçısı sülh gündəliyi ilə bağlı nailiyyətlərin bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğuladı. Həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqları qeyd edildi və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyi diqqətə çatdırıldı.
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafında enerji amili əhəmiyyətli rol oynayır. Hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazını alır. Bu, Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfədir. Dövlətimizin başçısı keçirilən görüşlərdə Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu qeyd edərək, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı və hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığını bildirdi.
Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti ilə görüşdə də enerji təhlükəsizliyi məsələsi geniş müzakirə olundu. Hər bir səfər görüş əlaqələrin inkişafında əsas faktorlardan biridir. Daxili tələbatını yüksək səviyyədə ödəyən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə davamlı töhfələri ilə diqqətdədir.
Zirvə toplantısı çərçivəsində Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşündə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğuladılar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq etdilər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatını və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə etdilər. Görüşdə, həmçinin tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini bildirdilər.
Qarşı tərəflərin müraciətləri əsasında dövlətimizin başçısı İlham Əliyevin keçirdiyi görüşlərin hər birində səsləndirilən çağırışlara xüsusi diqqət göstərməyimizin səbəbi Azərbaycanın bütün məsələlərə yanaşmalarına verilən dəyəri bir daha diqqətə çatdırmaqdır.
Reallıq budur ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirir. Cənab İlham Əliyevin bu günlərdə BMT BAş Assambleyasının 80-cı sessiyasında iştirakı və çıxışı da özündə bütün məqamları ehtiva etdi. Dövlətimizin bu tribunadan bir daha Azərbaycanın ayrı-ayrı sahələrdə malik olduğu imkanları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynayır. Ölkələrin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib. Dövlət başçısı İlham Əliyevin suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərdən bəhs edərkən səsləndirdiyi bu çağırış daim xatırladılır. “Yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq: “Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar.”
Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra beynəlxalq nüfuzumuz artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərar idi. Bu, beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır.
Yeganə Əliyeva, “İki sahil”