Özbəkistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında, eləcə də Ələt Azaq İqtisadi Zonasında fəaliyyəti üçün böyük potensial var.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bright Uzbekistan" beynəlxalq jurnalına müsahibəsində bildirib.
Nazir Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyəti və Türk Dövlətləri Təşkilatının iki ölkə arasında iqtisadi ələqələrin dərinləşdirilməsində oynadığı mühüm rolu vurğulayıb, birgə layihələrin reallaşdırılması, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımları və gələcək perspektivləri nəzərə çatdırıb.
M.Cabbarov Mərkəzi Asiyadan Avropaya uzanan, Azərbaycan üzərindən keçən "yaşıl enerji körpüsü" təşəbbüsünü, bu konteksdə ölkəmizin nəqliyyat və logistika sahəsindəki strateji potensialı qeyd edib, Orta Dəhlizin imkanlarının genişlənməsi fonunda tranzit-logistika sahəsində əməkdaşlıq perspektivlərini, Bakı Beynəlxalq Dəniz Limanının bu dəhlizdə oynadığı rolu, birgə investisiya təşəbbüslərini, təcrübə və innovasiya mübadiləsini, rəqəmsallaşma sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını diqqətə çatdırıb.
Azərbaycan rəsmisi iki ölkə iqtisadi əməkdaşlığın prioritet sahələri barədə fikirlərini bölüşüb: "Azərbaycan Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir, nəqliyyat, sənaye kooperasiyası, enerji, tekstil, dağ-mədən, kimya sənayesi, elektrik avadanlıqları kimi sahələrdə əməkdaşlığa böyük maraq göstərir. Bu gün iki ölkə nəqliyyat, mədəniyyət və digər sahələr üzrə bir çox istiqamətlərdə əməkdaşlıq edirlər, çoxlu sayda birgə layihələr reallaşdırırlar".