13 sentyabr 2025 18:12
115

Ayyüce Türkeş: TDT-nin Azərbaycandakı sammiti Türk dünyasının gələcəyi üçün dönüş nöqtəsi olacaq

Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycanda keçiriləcək növbəti zirvə toplantısı təkcə diplomatik tədbir deyil, həm də Türk dünyasının gələcəyini formalaşdırmaqda, strateji qərarların qəbul edilməsində bir dönüş nöqtəsi olacaq. 

“İki sahil” xəbər verir ki, bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Adana millət vəkili Ayyüce Türkeş TDT-nin oktyabr ayında Azərbaycanda keçiriləcək 12-ci Zirvə Görüşünü şərh edərkən bildirib.

Sammitin gündəliyində Zəngəzur dəhlizinin həyata keçirilməsi, ABŞ-nin regionda artan iştirakı və Azərbaycanın strateji rolunun vurğulandığına diqqət çəkən millət vəkili deyib ki, bütün bu mövzular birbaşa Türkiyə və Azərbaycanın milli maraqları ilə bağlıdır:

"Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kirplə bağlı açıq bəyanatı Bakının milli mövqeyini və Kipr türk xalqını dəstəkləmək əzmini nümayiş etdirir. Ona görə də bu və digər məsələlərin 12-ci Zirvədə Türk dünyasının birliyini güclü şəkildə simvolizə edəcəyinə inanıram".

Zirvənin gündəmindəki ən vacib məsələnin Zəngəzur dəhlizi olduğunu qeyd edək A.Türkeş Naxçıvan üzərindən Azərbaycan ilə Türkiyə arasında fasiləsiz əlaqəni təmin edəcək bu dəhlizin təkcə nəqliyyat məsələsi deyil, həm də milli strategiya olduğunu vurğulayıb.

"Türk dünyası üçün Zəngəzur coğrafi boşluqları bağlayan, iqtisadi və siyasi bütövlüyü təmin edən bir damardır. Zəngəzur dəhlizinin açılması təkcə iqtisadi qazanc deyil, həm də Türk dünyasının geosiyasi gücünü qüdrətləndirəcək bir addımdır", - o qeyd edib. 

TBMM üzvünün fikrincə, TDT-nin 12-ci Zirvə toplantısı həm də kənar imperial qüvvələrin bölgədə nüfuz yaratmaq cəhdlərini Türk dünyasının öz müqəddəratını idarə etmək istəyi ilə puça çıxaracaq:

"Azərbaycanda keçiriləcək sammit türk millətinin birliyini, həmrəyliyini, milli iradəsini dünyaya nümayiş etdirəcək tarixi bir toplantı olacaq. Bu baxımdan, ümid edirəm ki, 12-ci Zirvə bölgəmizə kənardan müdaxilə etmək istəyən güclərə  imkan yaratmayan, əksinə bütün dünyanın xeyrinə həlledici qərarlar verən nadir nümunəvi toplantı olacaq".

Qeyd edək ki, cari il 6-7 oktyabr tarixində Azərbaycanda TDT-nin 12-ci Zirvə Görüşü keçiriləcək.