10 sentyabr 2025 10:30
112

Həkim 100-ə yaxın insanı öldürməkdə şübhəli bilinir - Almaniyada

Almaniyada ən azı 15 nəfəri öldürməkdə şübhəli bilinən palliativ baxım həkiminin məhkəmə prosesi başlayıb.

“İki sahil” xəbər verir ki, Berlində palliativ baxım qrupunda və tibb bacısı xidmətində çalışan 40 yaşlı Yohannes M. 15 xəstənin qətlində ittiham olunub. Lakin müstəntiqlər hesab edirlər ki, əslində o, 100-ə yaxın insanı öldürüb.

Palliativ yardım həkiminin vəzifələrinə ağır xəstələrə evdə baş çəkmək daxildir. O, xəstələrin fiziki və mənəvi sıxıntılarını yüngülləşdirməli olub. Amma bunun əvəzində təqsirləndirilən şəxs xəstələrə ağır dərmanların qarışığını verib. Belə bir inyeksiyadan sonra xəstələrin əksəriyyəti nəfəs almağı dayandırıb.

Bundan əlavə, qatil izlərini gizlətmək üçün qurbanların mənzillərini yandırıb. Məhkəmə ən azı 2026-cı ilin yanvar ayının sonuna qədər davam edəcək. Prokurorluq hökmə yenidən baxmaq hüququ olmadan Yohannes M.-yə ömürlük həbs cəzası tələb edib.