10 sentyabr 2025 11:25
113

Maya Sandu seçkilər ərəfəsində Avropa Parlamentinin tribunasından vətəndaşlara müraciət edib

Moldova Respublikasının Prezidenti Maya Sandu ölkənin gələcəyi üçün həlledici hesab etdiyi seçkilər ərəfəsində Avropa Parlamentinin tribunasından vətəndaşlara müraciət edib.

“İki sahil” xəbər verir ki, “MOLDPRES”ə istinadla xəbər verir ki, prezident moldovalılara son onilliklərdə ölkənin demokratiya uğrunda mübarizəsini xatırladıb.

“Gəlin fəxr edək ki, biz canlı bir demokratiya qurduq və hətta bəziləri onu boğmaq və ya dağıtmaq istədiyi zamanlarda belə onu üç onillik ərzində qoruyub saxladıq. Biz çoxlu sayda sınaqlardan keçdik və tab gətirdik. Hər dəfə isə daha da gücləndik”, – deyə M. Sandu bildirib.

Dövlət başçısı hazırda Moldova Respublikasının müstəqilliyinə və sabitliyinə təhdid yaradan təhlükələrə diqqət çəkib.

“Bu gün də müstəqilliyimiz və sülhümüz yenidən sınaq qarşısındadır. Seçkilərimizə müdaxilə, qanunsuz xarici maliyyələşdirmə, yalan kampaniyaları, kiberhücumlar, pulla təşkil olunan etirazlar, insanları bir-birinə qarşı qızışdırmaq taktikaları. Məhz bu üsullarla Moldovanın Avropaya yolunu kəsməyə çalışırlar”, – deyə Prezident vurğulayıb.

Prezident vətəndaşları ölkənin Avropaya doğru gələcəyi naminə həlledici seçim etməyə çağırıb.

“İndi biz həlledici addım atmalı, Moldovanı Avropa İttifaqına aparacaq parlamenti seçməliyik. Bu, bizim məsuliyyətimizdir. Moldovanın gələcəyi seçkilərə necə birlik və cəsarətlə gedəcəyimizdən asılıdır”, – deyə dövlət başçısı vurğulayıb.

Çıxışının sonunda M. Sandu Avropa Parlamentinin deputatlarına göstərdikləri dəstəyə görə, təşəkkür edib.

Moldova Prezidentinin çıxışından əvvəl Avropa Parlamentinin sədri Roberta Metsola Avropa İttifaqına inteqrasiya prosesinə dəstəklə bağlı qəti bəyanatla çıxış edib.