01 avqust 2025 20:59
513

Prezident təqaüdçüsünün uğur formulu: Hədəfə doğru inamla və əzmlə

Aysu Ağakişiyeva: Dövlət gəncləri təkcə dəstəkləmir, onlarla birlikdə ölkənin gələcəyini qurur

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində bu gün ölkəmizdə savadlı, məqsədyönlü və vətənpərvər gənclər nəsli formalaşır.  Belə gənclərdən biri də  Prezident təqaüdünə layiq görülmüş Azərbaycan Tibb Universitetinin tələbəsi, yüksək nəticə ilə qəbul imtahanlarını uğurla başa vurmuş Aysu Ağakişiyevadır. İnsanlara kömək etmək amalı Aysunu həkimlik sənətinə yönəltmişdir. Bu çətin, məsuliyyətli, lakin bir o qədər də şərəfli peşəyə yiyələnmək üçün o, intizamla və məqsədyönlü şəkildə çalışmışdır. Onun timsalında bugünümüzün gəncinin düşüncəsi, əzmi və məqsədyönlü fəaliyyəti aydın şəkildə görünür.

-Mümkünsə, özünüz haqqında qısa məlumat verin: Aysu Ağakişiyeva kimdir?

-Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbi bitirmişəm. 2024-cü il qəbul imtahanlarında 683.1 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunmuşam. Göstərdiyim nəticəyə görə Prezident təqaüdünə layiq görülmüşəm. Bu uğur mənim üçün yalnız akademik göstərici deyil, həm də məqsədyönlü və intizamlı hazırlığın nəticəsidir.

 -Tibb sahəsini seçməyinizə nə səbəb oldu? Bu ixtisasa marağınız necə formalaşdı?

-Özümə uyğun yol axtarışına başlayandan bəri həmişə insanlara yardım edə biləcəyim bir sahəyə yönəlmək istəmişəm. Valideynlərimin də dəstəyi ilə bu arzumu reallaşdırmağa nail oldum.

-Qəbul imtahanında yüksək nəticə göstərmisiniz.  Bu uğura necə nail oldunuz?

-Həkim olmaq üçün yüksək bal toplamalı idim. Buna görə də məsuliyyətlə və həvəslə çalışmalı idim. Bu uğura gedən bu yolda planla işləmək mənə daha çox kömək oldu. Sosial şəbəkələrdən müəyyən  məhdudiyyətlərlə istifadə etmişəm, beləcə vaxtımın böyük hissəsini dərslərimə ayırmışam.

-Prezident təqaüdçüsü olmaq sizə hansı motivasiyaları qazandırdı?

-Prezident təqaüdçüsü olmaq mənim motivasiya qaynağım oldu. Bununla da dərslərimə olan məsuliyyətim və yuxusuz gecələrimin sayı artdı.

-Hazırda sizi ən çox maraqlandıran fənlər hansılardır və bu maraq haradan qaynaqlanır?

-Məktəb illərində mənə Fizika fənnini sevdirən şəxs sinif rəhbərim Lalə müəllimə oldu. Onun izah tərzi və dəstəyi bu fənnə marağımı artırdı. Hətta bu maraq məni Fizika üzrə fənn olimpiadasına qatılmağa sövq etdi. Təəssüf ki, həmin dövrdə 9-cu sinifdə oxuyurdum və buraxılış imtahanına hazırlaşmalı idim. Eyni zamanda, özümə inamımın az olması səbəbindən olimpiadanı ikinci plana saldım. Uğur qazanmasam da, iki il ərzində bu sahədə ciddi hazırlaşdım və nəticədə ikinci blok imtahanında Fizika fənnindən 100 bal topladım.Hazırda isə tibb sahəsində təhsil alıram və bu istiqamətdə insanı dərindən tanımaq mənim üçün çox önəmlidir. Bu səbəbdən Anatomiya və Histologiya fənləri xüsusi maraq doğurur. Qarşıda tanış olacağım digər fənləri də səbirsizliklə gözləyirəm, çünki hər biri mənə yeni biliklər qazandıracaq.

-Təhsil aldığınız Azərbaycan Tibb Universitetində tələbələr üçün yaradılmış imkanları necə qiymətləndirirsiniz?

-Yaxşı qiymətləndirirəm. Səbəbinə gəlincə isə diqqətə çatdırmaq istəyirəm ki, universitetimizdə tələbələrin təhsili üçün əhəmiyyət təşkil edən təcrübəli müəllim heyəti, praktika imkanları, Tələbə Elmi Cəmiyyəti vardır. Bundan əlavə, idman və teatr sahələrində də tələbələrin iştirakı üçün imkanlar yaradılmışdır.

-Təhsil həyatınızda yaddaqalan maraqlı və ya çətin bir xatirəni bizimlə bölüşə bilərsinizmi?

-Təhsil həyatımdakı ən yaddaqalan xatirə mənim universitetə qəbul olunmağım idi. Cavab çıxanda evimizdə yaşanan xoşbəxtlik mənə bütün əziyyətlərimi bir göz qırpımında unutdurdu.

-Gənclərin mobil telefon və sosial şəbəkələrdən istifadəsinə münasibətiniz necədir? Bu, inkişaf üçün maneədir, yoxsa fürsət?

-Gənclərin mobil telefonlardan və sosial şəbəkələrdən istifadəsinə münasibətim neytraldır.Bu vasitələr həm böyük fürsət, həm də müəyyən hallarda inkişaf üçün ciddi maneə ola bilər. Əsas məsələ onlardan necə və hansı məqsədlə istifadə olumağıdır. Fikrimcə, gənclər, xüsusilə də abituriyentlər mobil telefondan olduqca az istifadə etsələr yaxşıdır.

-Mütaliə sizin gündəlik həyatınızda hansı rolu oynayır? Hansı kitablara maraq göstərirsiniz?

-Boş vaxtlarımda mütaliə edərək öz xəyal dünyamı genişləndirməyi xoşlayıram.Daha çox da dedektiv janrında olan əsərlərin süjet xətti məni özünə cəlb edir.

-Təhsil həyatınızda sizi ən çox dəyişən və ya inkişaf etdirən bir an, hadisə, yaxud müəllim oldumu?

-Məktəb həyatımda tanıdığım, bu günə qədər də mənə daim dəstək olan Rəqsanə müəllimə olmuşdur. Onun varlığı və mənə olan diqqəti sayəsində dərslərə qarşı motivasiyamı heç bir zaman itirməmişəm. Rəqsanə müəllimə hər zaman bütün şagirdlərinin yanında olub,bizi daim ruhlandırıb. Onun səmiyyəti, anlayışı, peşəsinə olan sevgisi bizə də öz məqsədlərimizə doğru inamla irəliləmək gücü verib.

  -Sizcə, uğurlu tələbəni digərlərindən fərqləndirən nədir?

-Uğurlu tələbə sadəcə yüksək qiymət alan deyil, məsuliyyətli və məqsədli insandır. O, öyrənməyi məcburiyyət yox, fürsət kimi görür. Qarşısına məqsəd qoyur və ona çatmaq üçün daim çalışır.Bu tələbə çətinliklərdən qorxmaz,özünü inkişaf etdirməyə çalışar və ətrafındakılara da müsbət təsir edər. Məhz bu xüsusiyyətlər onu digərlərindən fərqləndirir və uğura aparır.

-Dövlətin gənclər siyasəti barədə fikirləriniz? Sizcə, bu siyasət gənclərə yetərli dəstəyi verirmi?

-Dövlətin gənclər siyasətini kifayət qədər perspektivli hesab edirəm. Xüsusilə Gənclər Fondu, xaricdə təhsil imkanları və maarifləndirmə proqramları gənclərin potensialını reallaşdırmağa şərait yaradır. Ümumilikdə, siyasətin hədəfi düzgün və məzmunludur.Dövlət gəncləri təkcə dəstəkləmir, onlarla birlikdə ölkənin gələcəyini qurur.

-Gənclikdə sizi ən çox qane edən, eyni zamanda, narahat edən cəhətlər hansılardır?

-Gənclikdə məni ən çox qane edən cəhət onların əksəriyyətinin yüksək enerjili,motivasiyalı,dəyişikliklərə hazır olmalarıdır.Lakin, eyni zamanda, məni narahat edən cəhətlər də var. Bəzən gənclərin enerjisi düzgün istiqamətə yönəlmir və məqsədsiz sosial media istifadəsi,diqqətsizlik, motivasiya çatışmazlığı ilə nəticələnir. Digər bir narahatlıq isə sosial bərabərsizlikdir. Bütün gənclər eyni imkanlara malik olmur. Bəzi istedadlı gənclər müəyyən səbəblərə görə öz potensiallarını reallaşdıra bilmirlər. Bundan əlavə, bəzi hallarda gənclərin fikirlərinin ciddiyə alınmaması da böyük bir problemdir.

-Gələcəkdə özünüzü hansı ölkədə və necə mütəxəssis kimi görmək istəyirsiniz?

-Gələcəkdə ixtisaslaşmaq üçün xaricə getmək istəyirəm. Ginekologiya və ya cərrahiyə sahələri marağımı cəlb edir. İmkanlar harada yaxşı olarsa, peşəmə də  orada davam etmək arzusundayam.

-Gənclərə və ali məktəbə hazırlaşan abituriyentlərə hansı tövsiyələri vermək istərdiniz?

-Tövsiyəm odur ki, məsuliyyətli və planlı çalışsınlar. Bununla yanaşı, istirahətlərinə və sağlamlıqlarına fikir versinlər. Pozitiv düşünsünlər, özlərinə inamı, əzmlərini itirməsinlər.

Yaqut Ağaşahqızı, “İki sahil”