"Bir Kəmər və Bir Yol" təşəbbüsünə daxil olan ölkələrdə Çin şirkətlərinin yeni investisiya və tikinti müqavilələrinin dəyəri rekord həddə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" Avstraliya Qriffit Universiteti və Çin Yaşıl Maliyyə və İnkişaf Mərkəzinin araşdırmasına istinadla məlumat yayıb.
Ən böyük sərmayə Qazaxıstanda olub.
Ekspertlərin fikrincə, “Bir kəmər, Bir Yol” çərçivəsində əməliyyatların və investisiyaların ümumi dəyəri artıq 1,3 trilyon dolları ötüb. Bu məbləğə 775 milyard dollarlıq tikinti müqavilələri və 533 milyard dollarlıq qeyri-maliyyə investisiyaları daxildir. 2025-ci ilin birinci yarısında layihəyə investisiyalar 124 milyard dollar təşkil edib, 176 əqd bağlanıb (bütün 2024-cü il üçün investisiyalar 122 milyard dollar təşkil edib).
2025-ci ildə Qazaxıstana bütün tərəfdaşları arasında ən çox investisiya yatırılıb – 23 milyard dollar. Regionlar üzrə investisiya və tikinti müqavilələrinin ümumi dəyəri ən yüksək Afrika (39 milyard dollar) və Mərkəzi Asiyada (25 milyard dollar) olub.
Çinin “Bir kəmər və yol” təşəbbüsü logistika, infrastruktur və ticarətin inkişafı strategiyasıdır. Onu 2013-cü ilin sentyabrında Çin sədri Si Cinpin təqdim edib. Təşəbbüsə 150-dən çox ölkə qoşulub. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2018-2023-cü illərdə Çinin xaricdəki aktivləri 50%-dən çox artıb. Müqayisə üçün qeyd edək ki, ABŞ üçün artım cəmi 21% təşkil edib.