17 iyul 2025 21:25
94

Milanda şəhərsalma ilə bağlı aparılan araşdırma çərçivəsində 74 nəfər istintaqa cəlb olunub

İtaliyada Milan prokurorluğunun şəhərsalma ilə bağlı apardığı araşdırma çərçivəsində şəhərin bələdiyyə sədri Cüzeppe Sala da daxil olmaqla, 74 nəfər istintaqa cəlb edilib.

“İki sahil” xəbər verir ki, bələdiyyə sədri özünün və ya digərlərinin fəaliyyətləri ilə bağlı yalan məlumat verməkdə, eləcə də, haqsız təşviqdə ittiham olunur.

Hazırda Milan Şəhər Bələdiyyəsinin binasında axtarış davam etdirilir, müvafiq sənədlər prokurorlar tərəfindən araşdırılır.

Xatırladaq ki, İtaliyanın maliyyə polisi ötən gün Milan Şəhər Bələdiyyəsinin binasında və bir neçə ünvanda xüsusi əməliyyat keçirib. Şəhərin bərpası üzrə şuranın üzvü Ciankarlo Tansredi, məşhur memar Stefano Boer və sahibkar Manfredi Katella daxil olmaqla, 6 nəfər saxlanılıb.