HƏR DƏFƏ XATIRLATMAQDA FAYDA VAR Kİ, BÜTÜN UĞURLARIMIZIN ƏSASI ÜMUMMİLLİ LİDERİN İLK HAKİMİYYƏT DÖVRÜNDƏ QOYULUB
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk hakimiyyətə gəlməsinin növbəti ildönümüdür. 56 il bundan öncə, yəni, 1969-cu ilin məhz 14 iyul tarixində Sovet İttifaqının tərkibində olan respublikamızın taleyi Ona həvalə olundu. Bu tarix ölkəmizin Sovet dövrünün Azərbaycana gətirdiyi azsaylı şərəfli tarixlərinin ona görə ən birincisi hesab olunur ki, həmin tarixə qədər imperiya rəhbərliyi bu Qafqaz respublikasına ancaq fəlakət gətirmişdi. Söz yox ki, bu işdə Heydər Əliyevə qədər rəhbər olmuş Azərbaycanın birinci şəxslərinin zəifliyi də əsas rol oynamışdı. Bir tərəfdən tarixi torpaqlarımızın hissə-hissə qoparılaraq Ermənistana birləşdirilməsi prosesi həyata keçirilirdi, digər tərəfdən intelektual potensialımız represiyaya uğradılaraq məqsədli şəkildə sıradan çıxarılır, üstəlik mövcud potensialı tam tükədilərək, özlərinin iqtisadi qüdrətinin artırılmasına sərf olunurdu. Ona görə birmənalı deyə bilərik ki, elm, təhsil, mədəniyyət, sənaye, ümumiyyətlə, bütün sahələrin məqsədyönlü şəkildə inkişaf edib bu günlərə çatdırılmasında və Azərbaycanın təkcə kənd təssərüfatı kimi deyil, Cənubi Qafqazın unikal bir ölkəsi kimi tanınmasında Ümummilli Lider Heydər Əliyevin rolu və xidmətləri danılmazdır.
Sözün hər bir mənasında müasir Azərbaycan Respublikası Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür. Onun birmənalı olaraq müstəsna liderlik keyfiyyətləri sayəsində xalqımız hələ Sovet dövründə siyasi və iqtisadi müstəqilliyinin möhkəm bünövrəsini qoyub və daha sonra bu bünövrə üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya və inkişaf etdirə bilib. Bu haqda elmi cəhətdən əsaslandırılmış faktlar, konkret nümunələr üzrə saatlarla danışsaq belə yenə bu xidmətləri sayıb qurtara bilmərik. Lakin bəzi məqamları ümumiləşdirmiş formada təkrar qeyd etməyi özümüzə borc bilməliyik.
İlk qeyd etmək istidiyim məqam Ümummilli Liderin Sovet dövründə birinci dəfə respublika rəhbərliyinə gələnə qədər Azərbaycanda iqtisadiyyatın sənaye sahəsinin inkişafında SSRİ rəhbərliyi tərəfindən İttifaq respublikaları arasında bilərəkdən yol verilən ayrı-seçkiliyə son verən siyasət yürüdülməklə, başda nef-kimya olmaqla, digər ağır, yüngül sənaye sahələrinin kompleks və konseptual inkişafına nail olmasını özündə ehtiva edir.
Təsəvvür edin, Nikita Xruşşovun yalançı kimyalaşma devizi altında bütün İttifaq respublikalarında kimya müəssisələri yaradılırdı. BMT-nin tribunasından çıxış edən zaman ayaqqabısını çıxarıb tribunaya döycələyib, SSRİ-ni tənqid edənləri bu üsulla hədələyən bu ağılsız rəhbərin hiyləgər siyasətində Azərbaycana digər respublikalarla müqayisədə fərqli yanaşma ortaya qoyması Ümummilli Liderin rəhbərliyə başladığı ilk günlərdəcə məlum oldu. O dövrün hazırda yaşayan canlı Şahidləri yaxşı xatırlayırlar ki, həmin illərdə sənaye müəssisələrinin istehsal fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə iri zavodlar birbaşa İttifaq nazirliklərinin tabeçiliyində idi. Belə olan halda respublikanın istənilən sənaye sahələrinin inkişafı məsələləri Ümumittifaq mənafeyinə tabe edildiyindən verilən qərarlar tamamilə Azərbaycanın maraqlarının əleyhinə olurdu. Faciə tək bununla bitmirdi. Məsələn, o vaxt tamamilə yarasız texnologiyalar əsasında ölkəmizdə zərərli texnoloji üsullarla superfosfat gübrələrinin istehsal gücü yüksək templərlə artırılırdı. Halbuki həmin gübrənin əsas komponentlərindən biri kimi çox zərərli olan sulfat turşusunun istehsal həcminin həmin dövrdə 2-3 dəfə artırılması respublikamızı ekoloji fəlakətlə qarşı-qarşıya qoyur, nəinki o istehsalı həyata keçirən zavodlarda, ümumiyyətlə, həmin müəssisələrin yerləşdiyi şəhər, Sumqayıt kimi şəhər və rayonlarda yaşayan insanları ölüm-qalım seçimi qarşısında qoyurdu.
Azərbaycanın genefondunun məhvinə xidmət edən bu məqsədli siyasət respublikanın yeni rəhbəri kimi Heydər Əliyevi heç cür qane etmirdi. Necə ola bilərdi ki, yarıtmaz İttifaq nazirlikləri gənclər şəhəri adlandırdığımız Sumqayıtın kimya kompleksini məqsədli şəkildə açıq-aşkar təcrübə meydançasına çevirir, hər yeni texnoloji proses burada sınaqdan keçirilir və yalnız lazımi yüksək nəticə əldə edildikdən sonra həmin əsas istehsal sahələri Rusiya, Ukrayna və ya Belorusiya kimi SSRİ-nin gözünün ağı-qarası olan bu üç respublikanın ərazilərində yaradılırdı.
Məhz uzaqgörən Heydər Əliyevin qətiyyəti və iradəsi hesabına Azərbaycanın sənaye sahələri yenidən quruldu, müasirləşdi və ölkəmizin gələcək inkişafının məhək daşına çevrildi. Heç vaxt unutmaq olmaz ki, tarixi şəxsiyyəti Azərbaycan iqtisadiyyatında sənayenin roluna xüsusi əhəmiyyət verdiyindən özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın böyük potensilaı olan hər bir sənaye sahəsinin əsaslı inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sənaye müəssisələrində iqtisadi nöqteyi-nəzərdən daha səmərəli yeni istiqamətlərinn yaradılmasında, mövcud faydalı istehsal sahələrinin genişləndirilməsində və modernləşdirilməsində xidmətləri çox böyük oldu. O öz sələflərindən fərqli olaraq hakimiyyətdə olduğu illərdə yeraltı sərvətlərə söykənən iqtisadi sahələrinin kortəbii yox, məqsədyönlü və kompleks inkişafına müsbət təsir göstərən mühüm tədbirləri bir-biri ilə əlaqələndirilmiş formada və ardıcıllıqla yerinə yetirdi.
Bəli, dahi şəxsiyyətin Azərbaycanın maraqlarına xidmət edən və ən əsası zamanı qabaqlayan ümummilli siyasəti Onun respublikamızın müstəqillik illərindəki rəhbərliyində də böyük köməyinə çatdı. Böyük liderin şah əsəri olan “Əsrin müqaviləsi” 1994-cü ildə imzalandıqdan sonra Azərbaycanın iqtisadi sahələrinin daha sürətli inkişafı müasir tələblərə uyğun səviyyədə quruldu.
Sağlığında “ölməzlik” statusunu qazanan görkəmli şəxsiyyətin elm, təhsil, iqtisadiyyat sahələrindəki inkişafdakı xidmətlərindən danışarkən toxunmaq istədiyimiz digər bir vacib məqam yüksək ixtisaslı kadr hazırlığına diqqətin yönəldilməsində özünü təcəssüm etdirir. Bu məqamı da heç vaxt unutmaq olmaz
Heydər Əliyev müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft, qaz, kimya sənayesi ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə sənaye sahələrini yüksək ixtisaslı milli kadrlar olmadan inkişaf etdirmək və bütövlükdə güclü, rəqabətə davamlı respublikaya çevirmək olmaz. İndi tez-tez gündəmə gətirdiyimiz elmlə istehsalatın vəhdəti məsələsini Ümumimilli Lider hələ Sovet dövründə reallaşdırmışdı. Onun ideya müəllifliyi və təşkilatçılığı ilə müxtəlif profilli elmi-tədqiqat institutları və respublikanın bu sahədə fəaliyyət göstərən digər elmi mərkəzləri qeyd olunan sahələrdə elmi-tədqiqat işlərini genişləndirib və bir çox uğurlu nəticələrə imza atıblar. Aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.
Onun böyük ustalıqla istər ayrı-ayrı sənaye sahələrini, istərsə də onlara uyğun olan elm sahələrinin paralel və bir-biri ilə əlaqəli inkişafını təmin edən “ən optimal inkişaf konsepsiyasını” yaratması altı cızılmaqla vurğulanmalı xüsusi bir məqamdır. Əlbəttə, o dövrdə də sənayenin inkişafı yeni elmi tədqiqatlar tələb edirdi və eyni zamanda bu tədqiqatları stimullaşdırırdı. Belə bir konsepsiya elmi nəticələrin istehsalata tətbiqinə şərait yaradıb. Çox keçmədən elmə yatırılan vəsaitlər tətbiq sahəsində daha çox büdcə vəsaitinin yaranmasını təmin edib.
Sevindirici hal ondan ibarətdir ki, Ümummilli Liderin min bir əziyyətlə qurub yaratdığı hər bir sahə yeni mərhələdə, yeni reallıqlar konteksində inkişaf etməkdədir. Dövlət başçısı cənab İlham Əliyev işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurun çiçəklənməsinə xidmət edən bütün iqtisadiyyat sahələrində qabaqcıl texnologiyalara və yüksək ixtisaslı kadrlara malik texnologiyalar parkları, sənaye məhələləri, sənaye komplekslərinin inkişaf etdirilməsində Heydər Əliyev strategiyasını, proqramını və qayğıkeşliyini müasir mərhələdə yeni yanaşmalar əsasında ardıcıl davam etdirir.
Ümummilli Liderimizin başladığı missiyanı bu gün Azərbaycanın Prezidenti İlham Əliyev davam etdirir. Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətə çevrilib. Bu məqamı tez-tez xatırlatmaqda fayda görürəm ki, Ümummilli Liderin inkişaf strategiyasının uğurla həyata keçirilməsinin Azərbaycana gətirdiyi siyasi dividend ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılmasına, iqtisadi dividend isə ölkə iqtisadiyyatının güclənməsi, müdafiə qüdrətinin yüksəlməsinə, hər iki amil isə qüdrətli ordunun vasitəsi ilə 30 illik işğala son qoyan 44 günlük müharibədə Zəfəri şərtləndirdi və xalqımıza böyük Qələbə sevinci bəxş etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ardınca 19 sentyabr 2023-cü ildə gerçəkləşən birgünlük antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bütövlükdə böyük güc mərkəzlərinin maraqlarının toqquşduğu bölgəmizdə onların bəhanələrinə rəvac verən 200 illik erməni separatizmi dəfn edildi.
Bir sözlə, dahi şəxsiyyətin qurtuluşdan tərəqqiyə apardığı ölkəmizi cənab İlham Əliyev heç vaxt bu qədər təsəvvür edə bilmədiyimiz davamlı Zəfərə çatdırdı.
Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü, Professor