15 iyul 2025 02:18
109

Daha intensiv danışıqlar üçün  etibarlı platforma - TƏHLİL

Əbu-Dabidən erməni havadarlarına mesaj: Azərbaycanın rəyi ilə hasablaşmaq lazımdır

44 gün davam edən İkinci Qarabağ  müharibəsinin  xalqımıza qazandırdığı uğurlardan biri də   Naxçıvan  Muxtar Respublikası ilə respublikamızın digər  bölgələri arasında əlaqələrin bərpasına imkan yaradacaq  Zəngəzur dəhlizinin bərpası istiqamətində işlərin sürətlənməsidir. Prezident İlham Əliyev  bu yolun açılmanın  vacibliyini  «Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı» sözləri ilə  diqqətə  çatdırıb.  Dövlət başçımız bu ilin  yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Zəngəzur dəhlizinin region  üçün müstəsna əhəmiyyət daşıdığını bildirməklə bu infrastrukturu obrazlı deyilsə, beynəlxalq  nəqliyyat  layihələrinin  vizit kartı adlandırıb.

Ermənistan  müxtəlif bəhanələr gətirməklə , qeyri-real və cəfəng layihələr ortaya atmaqla  dəhlizlə bağlı beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq naminə  manipulyasiyalara əl atsa da  Cənubi Qafqazda sülh mühitinin formalaşmasının başlıca amili olan bu infrastrukturun  açılması beynəlxalq dəstək qazanıb. İrəvanın irəli sürdüyü «sülh kəsişməsi”» kimi  sərsəm  ideyanın məqsədi  Cənubi Qafqazda erməni avantürizmini qorumaqdır.  Ermənistanın havadarlarının  təşəbbüsləri ilə irəli atılan bu sərsəm  ideyanın əsassız olduğunu «Halbuki bu dırnaq­arası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır» sözləri ilə inkar edən   Prezident İlham Əliyev dəfələrlə   Ermənistanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırıb. Açıq-aşkar bildirib ki,  biz  Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana  müxtəlif, başqa yollarla getməyə məcbur deyilik. Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına salmır.  Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Alternativ kimi İrandan yol açılmasına dair razılaşma əldə olunsa da  təkcə Azərbaycan üçün deyil, Orta  Dəhliz layihəsinin bütün tərəfdarları üçün Zəngəzur dəhlizi ən optimal variantdır. Şuşada keçirilən «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə»” mövzusuna həs olunmuş konfransda da   Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti  barədə ətraflı danışılmışdır. Qeyd olunmuşdur ki,  daha böyük həcmdə yüklərin  tez və sərfəli qiymətlə daşınması üçün   böyük potensiala malik Orta Dəhlizin tərkib hissəsi olan, beynəlxalq əhəmiyyətli  Zəngəzur dəhlizi bərpa edilməlidir.  Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun davamı olan Zəngəzur dəhlizi  «Bir kəmər, bir yol»” layihəsinin və ya Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi ola bilər.

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BBƏ) Əbu-Dabi şəhərində Prezident İlham Əliyev  ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüş bu baxımdan tarixi hadisə kimi yadda qaldı.  Qeyd edək ki, danışıqlar üçün məkanın Azərbaycanın təklifinə  uyğun  Əbu-Dabinin  seçilməsinin  rəmzi mənası var idi. Qalib ölkə kimi sülh sazişi üçün şərtləri diktə edən Azərbaycan siyasi , iqtisadi, hərbi sahələrdə güclü tərəf olduğunu təsdiqləyir.  Bu vaxta qədər  Moskvada,  Brüsseldə,  Vaşinqtonda baş tutan görüşlərdə  sülh sazişi ilə bağlı istənilən nəticə alınmayıb.  Kosmetik  razılıqlar  əldə edilsə də, yekun sülhə nail olunmayıb. O baxımdan həm Ermənistanın, həm də Azərbaycanın razı ola biləcəyi  Əbu-Dabi  kimi neytral, təhlükəsiz və mübahisəsiz məkana ehtiyac duyulurdu. Həmçinin BƏƏ-nin tərəflər üçün heç bir tarixi kompleks və ya imperial ambisiyası yoxdur. Bu da  Birəşmiş Ərəb Əmiriliklərinin  neytral zona  önəmini artırırdı.

 Xatırladaq ki, Zəngəzur dəhlizinə nəzarətdə maraqlı olan tərəflər  də  Əbu-Dabi görüşünü məqbul hesab edirdilər. Gündəmdə olan  Zəngəzur dəhlizi, maneəsiz hərəkətin təmin edilməsi və təbii ki, sülh müqaviləsi ilə bağlı beş saat davam edən   danışıqlarda hər  iki tərəfin maraqlarına uyğun  məsələlər müzakirə olunub. Dəhlizə nəzarətlə bağlı  ABŞ-ın, Rusiyanın   və Qərbin təklifləri nəzərə alınıb. Bu cür təkliflərin  qəbul olunub-olunmayacağı hələlik sual olaraq qalır. Əsas məsələ odur ki, dəhliz Azərbaycan üçün sırf texniki deyil, siyasi əhəmiyyətli məsələdir. Bu,  yolun açılması hər şeydən öncə ölkənin geoiqtisadi mərkəzə çevrilməsi, siyasi əhəmiyyəti baxımından vacibdir. Bu yolun açılması  Türkiyə ilə birbaşa əlaqənin yaradılması, bütünlükdə türk dünyasının birliyi baxımından da önəmlidir.

Əbu-Dabi görüşündə  danışıqların ikitərəfəli, vasitəçisiz  təşkilində də məqsəd kənar qüvvələrin  sülh  sazişinin imzalanmasına müdaxiləsinin qarşısına almaqlır.  Əbu Dabi şəhərində keçirilən ikitərəfli görüş birmənalı olaraq sülh sazişinin əldə olunması istiqamətində atılan mühüm addımdır. Regionda geosiyasi maraqları olmayan Birləşmiş Ərəb Əmirliklərinin ərazisində görüşün bu formatda keçirilməsi sülhün əldə olunmasını sürətləndirə də bilər”. Amma Ermənistanda keçiriləcək parlament seçkilərindən bir neçə ay əvvəl , «Çərçivə Sülh Sazişi»nin imzalanması ilə  Ermənistan Zəngəzur dəhlizinin açılmasına və Minsk qrupunun ləğv olunmasına razılıq verəcəyi ehtimal olunur. Demarkasiya prosesi isə daha da sürətlə davam edəcək.    Belə ki,  Nikol Paşinyanın Türkiyəyə rəsmi səfərindən sonra bölgədə   sülh sazişinin imzalanması üçün  yaranan xəfif ümidlər Əbu-Dabidə  nisbətən  «istiləşdi.» Təbii ki,  Ermənistanın baş nazirinin  Ankara görüşünün  də bu proseslərə aktiv təsir olub. Azərbaycan  bu cür  addımlarla nümayiş etdirir ki, Paşinyandan başqa kimsə ilə müzakirə aparmaq niyyəti yoxdur. Beləliklə, Paşinyan baş nazir kimi fəaliyyətini davam etdirdiyi müddətdə  qalan problemlər, o cümlədən Qərbi Azərbaycana qayıdış məsələləri  daha aktiv müzakirələr yolu ilə həllini tapacaq. Sülh sazişi yalnız Azərbaycan tərəfinin bütün tələbləri yerinə yetiriləndən sonr imzalana bilər”.

Dövlətimizin başçısı BƏƏ görüşü ilə  təkcə Ermənistana deyil, bu ölkənin arxasında dayanan beynəlxalq güclərə də  haqlı tərəf olduğunu  sübut etdi.  Prezident İlham Əliyev siyasi iradəsi ilə  göstərdi ki,  heç bir  tərəf Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə edə,  öz maraqlarına uyğun «tövsiyə» verə, istiqamət göstərə bilməz.

Ümumiyyətlə,  Cənubi Qafqazla bağlı   məsələlərdə də regionun qalib dövləti,  regional və hətta qlobal səviyyəli problemlərin həllində öz konstruktiv mövqeyi və baxışları ilə digər dövlətlərə  istiqamət verən   Azərbaycanın rəyi ilə hasablaşmaq lazımdır.  Bu görüşdə mövqelərin son dərəcə yaxınlaşması gələcək çoxsaylı müzakirələr, daha intensiv danışıqlar üçün  etibarlı zəmin formalaşdı.

Xuraman İsmayılqızı, "İki sahil"