İlahə Həbib – “Özün olmağı bacar” kitabının müəllifi
Bəzən bir məğlubiyyət insanın içində elə bir güc oyadır ki, o güc onun bütün həyatını dəyişdirə bilir. Mən məğlub oldum… Amma həmin məğlubiyyətin içində bir qalib doğuldu – mən. Bu hekayə qaranlıqdan işığa, ümidsizlikdən inama uzanan yolun, yəni, mənim həqiqi həyat hekayəmdir. Abituriyent vaxtı ilk il universitetə qəbul oluna bilmədim. Bu, mənim üçün ciddi sarsıntı idi. Yenidən hazırlaşmaq istəmirdim, çünki inandığım nəticəni əldə etməmişdim və sanki bütün əziyyətim boşa getmişdi. Amma sonra fərqinə vardım ki, əslində kifayət qədər səy göstərməmişəm. Bunu dərk etdikdən sonra özümə söz verdim: nə olursa-olsun, istədiyim hədəfə çatmaq üçün yenidən hazırlaşacağam!
Hazırlıq mərhələsi yorucu və əziyyətli keçdi. Artıq üç deyil, beş dəfə çalışırdım. Yol çətin olsa da, qaranlığın içində bir işıq görürdüm. İkinci il ilk hazırlıq günündə statusumda şəklimi paylaşaraq belə yazdım: “Hər son yeni bir başlanğıcdır.” Bu mesajı sadəcə yazmadım – qəlbimdə hiss edərək yazdım. Və bu yazı gerçəkləşdi – mən universitetə qəbul olundum. Qabiliyyət imtahanına getdiyim gün bizə üç esse mövzusu təqdim olundu və istədiyimizi seçməyimiz istəndi. Mövzulardan biri dərhal diqqətimi çəkdi. Bu hadisənin üzərindən illər keçsə də, həmin mövzu hələ də yadımdadır və həmişə yaddaşımda qalacaq. Çünki o mövzu elə bil ki, mənim onu yazmağımı gözləyirdi: “Min kilometrlik yol, kiçik bir addımla başlayar.” Bu mövzunu düşünmədən seçdim. Sadəcə kağız üzərində deyil, həyatda da bu mövzunu yaşadım və həyata keçirdim.
Bununla da dayanmadım. Qarşımdakı daha böyük arzum – öz kitabımı yazmaq və nəşr etdirmək idi. Yazmağa 11 yaşımda başlamışdım. Məktəbdə esse və şeirlər yazırdım. Amma səmimi deyirəm – uşaqlıqda müəllif olmaq kimi bir xəyalım yox idi. Yəni, bəziləri kimi süni cümlələrlə “uşaqlıq arzum idi” deməyəcəyəm. Müəllif olmaq, yazdıqlarımın oxunması və ən əsası – hiss olunması, mənim üçün məhz o məğlubiyyətdən sonra yaranan bir arzuydu. Və böyük qürurla deyə bilərəm ki, artıq “Özün olmağı bacar” kitabının müəllifiyəm.
Bu kitab motivasiya janrında yazılıb və oxucu ilə səmimi söhbət formasında qurulub. Kitabı oxuyanda sanki qarşınızda bir insan dayanır və sizinlə danışır. Bu, bəzən şəfqətli, bəzən acı, amma hər zaman dürüstlük üzərində qurulmuş bir kitabdır. Hədəfim oxucunun düşüncə və hiss dünyasına toxunmaq, onu özünü dərk etməyə və potensialını kəşf etməyə sövq etmək idi.
Mesajım aydındır: Qaranlıqda da işıq tap, əgər tapmasan – onu özün yarat. Və unutma: öz dəyərini başqalarının sənə verdiyi dəyərlə ölçmə. İnanın ki, hər kəsin yazıya çevrilə biləcək bir həyatı var. Şərt deyil ki, bu yazı kitab olsun. Bəzən ürəyinizdə reallaşdırdığınız bir arzu da sizin “yazınız”dır. Qoy o yazı sizin hərəkətə keçməyiniz və müvəffəqiyyətiniz olsun.
Kitabımın imza günləri keçirildi və çoxsaylı oxucu rəyləri aldım. O rəylər mənə göstərdi ki, artıq arzuma doğru yolda ciddi bir addım atmışam. Bu yolda tənqid edənlər, ruhdan salmaq istəyənlər də oldu. Amma mən artıq cəsarətlə kitab yazmış və onu nəşr etdirmişdim. Təbii ki, hər kəs bu əziyyəti və cəsarəti qiymətləndirə bilməz. Amma mən sağlam tənqidlərə açıq idim. Onları not dəftərimə qeyd etdim – növbəti kitablarım üçün bu çox önəmlidir. Lakin sizi yalnız “sənin yaxşılığın üçündür” deyə tənqid edən və əngəlləyən insanlar olacaq. Onları görün və keçin. Ən gözəl cavab – növbəti uğurunuzdur. Unutmayın, uğurlu insanları hər kəs sevmir. Çünki uğur qazanmaq çətindir və bu, bəzilərində qısqanclıq yaradır.
Başqalarının sizi bəyənməməsi sizin yox, onların problemidir. Amma nə olursa, olsun – səmimiyyətinizi itirməyin. Olduğunuz kimi qalın. Başqalarının obrazına düşməyə və onlara bənzəməyə çalışmayın. Özünüzü başqaları ilə yox, yalnız dünənki və sabahkı özünüzlə müqayisə edin. Ən sağlam rəqabət budur. Kitabımın arxa hissəsində bu cümlələri yazdım: “Ən böyük uğursuzluq – cəhd etməməkdir. Cəhdin özü bir uğurdur.” Bu cümlələri həyatımın əsas qayəsinə çevirmişəm. Hər müsahibədə “Niyə sən” sualına cavab olaraq məhz bu fikri deyirəm. Siz də cəhd edin. Qoy uğursuz alınsın – amma təcrübə qazanın. Bəzən insana uğurdan çox uğursuzluq öyrədir…
İlahə Həbib,
Bakı Slavyan Universiteti,
Sosial elmlər fakültəsi,
Jurnalistika ixtisası, 3-cü kurs tələbəsi