14 iyul 2025 14:42
109

Türkiyəyə 41 ölkədən xarici jurnalistlər dəvət edilib

Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən doqquz il ötür.

Bu il ölkədə qeyd ediləcək “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçiriləcək tədbirlər çərçivəsində Ankara və İstanbulda genişmiqyaslı media proqramı təşkil olunub.

“İki sahil” xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti keçiriləcək tədbirlərlə bağlı açıqlama yayıb.

Məlumatda bildirilib ki, iyulun 14-dən 18-dək davam edəcək tədbirə Türkiyənin hər vilayətindən bir jurnalistlə yanaşı, 41 xarici ölkədən 120 jurnalist dəvət edilib.

Tədbirdə şəhidlərin xatirəsi yad olunacaq, bu tarixi zəfərin xalqın qətiyyəti ilə qazanıldığı bir daha vurğulanacaq. Türkiyənin çevriliş cəhdinə qarşı ortaya qoyduğu ortaq iradəyə diqqət çəkilərək, ictimai həmrəyliyin əhəmiyyəti ön plana çıxarılacaq. Beynəlxalq media nümayəndələrinə isə 15 iyul çevriliş cəhdindən əvvəl və sonra FETÖ ilə mübarizənin bütün aspektləri çatdırılacaq. Bu çərçivədə təkcə çevriliş cəhdindən deyil, həm də xalqın gələcəyinə sahib çıxmaq iradəsindən bəhs edilərək dünya ictimaiyyətinə mesaj veriləcək.

Bu tədbir keçmişi anarkən gələcəyə güclü bir mesaj vermək baxımından önəmli platforma olacaq.