04 iyul 2025 00:42
146

Yeni avtomobil yolları ölkəmizi tərəqqi və rahatlığa qovuşdur

İyulun 3-də açılışı baş tutan Əhmədbəyli-Füzuli-Şuşa yolu beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin tərkibinə aid olmaqla çox mühüm əhəmiyyətə malikdir

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı yol infrastrukturunun yenidən qurulması, yeni yolların çəkilişi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişatı ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir, dəyərli tövsiyə və tapşırıqlarını verir. Dövlət başçısının yol təsərrüfatının inkişafı ilə bağlı qəbul etdiyi proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub. Təsadüfi deyil ki, ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2004-2024-cü illər ərzində ölkədə 6 min 593,7 kilometr respublika əhəmiyyətli, 11 min 643,6 kilometr yerli əhəmiyyətli, 2 min 529,8 kilometr Bakı şəhər yolları olmaqla, ümumilkdə, 20 min 767,1 kilometr uzunluğunda yeni yollar çəkilib, yenidən qurulub və təmir edilib. Eyni zamanda, yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlər nəticəsində həm respublika əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Heç şübhəsiz, bu da öz növbəsində, rahat gediş-gəlişi təmin etmək, yük və sərnişin daşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırır.

Son 20 ildə ölkə ərazisində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2 min kilometrdən çox artaraq 2 min 189 kilometrə çatıb. Şimal – Cənub və Şərq – Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçən hissəsini təşkil edən magistral avtomobil yollarının birinci texniki səviyyədə yenidən qurulması, yollarda müxtəlif səviyyəli qovşaqların tikintisi hesabına nəqliyyat vasitələrinin təhlükəsiz və sürətli hərəkəti təmin edilib. Bunun da nəticəsində 2024-cü il ərzində beynəlxalq marşrutların ölkə ərazisindən keçən hissəsi ilə 7 milyon tondan çox yük daşınıb. Göründüyü kimi, ötən 20 ildən artıq bir müddətdə Prezident İlham Əliyev tərəfindən yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində işğaldan azad edilmiş ərazilərdə tikintisi başa çatmış avtomobil yolları da nəzərə alınmaqla dünya standartlarına tam cavab verən avtomobil yollarının uzunluğu 12 dəfəyədək artıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbə ölkəmizdə yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri və hədəfləri də yenilədi. Bu gün işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturu yaradılır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, eləcə də dövlətimizin başçısının imzaladığı sərəncamlar əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin sayı 44, avtomobil yollarının ümumi uzunluğu isə 3 min 40 kilometr təşkil edir. Ötən illərdə 7 yolun tikintisi başa çatdırılıb.

İyulun 3-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak etdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir. Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.

Bir məsələni də xatırladaq ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi dünya üzrə İnnovativ inşaat metodologiyası nominasiyasında 1-ci yeri tutub. 2024-cü il Avropa və Mərkəzi Asiya Regional Mükəmməllik Mükafatlarına təqdim edilən Əhmədbəyli-Füzuli-Şuşa Avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası (BYF Qlobal) tərəfindən İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, bu nüfuzlu mükafatın qalibi hər biri yollar və nəqliyyat sektoru ekspertləri olan müstəqil beynəlxalq münsiflər heyəti, hakimlər və BYF Qlobalın könüllülər rəhbərliyi tərəfindən qiymətləndirilərək seçilib.

Sevinc Azadi, “İki sahil”