28 iyun 2025 22:11
101

Taylandlılar Baş naziri istefaya çağırır

Cənub-Şərqi Asiya ölkələri - Tayland və Kamboca arasında ötən ay sərhəd xəttində yaşanan gərginlik səbəbilə başlayan siyasi böhran davam edir.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, Taylandın paytaxtı Banqkokda minlərlə insan Kamboca ilə sərhəd mübahisəsi səbəbindən hökumətə təzyiq göstərmək üçün küçələrə çıxıb. Pheu Thai Partiyasının 2023-cü ildə hakimiyyətə gəlməsindən bəri keçirilən ən böyük etiraz aksiyasında on minlərlə nümayişçi, Baş nazir Paetongtarn Şinavatranın Kambocanın sabiq lideri Hun Senə boyun əydiyini bildirərək istefasını tələb edib.

Banqkokun simvolik məkanlarından olan Zəfər Abidəsi ətrafında günorta saatlarında toplanan etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib. Tayland bayraqları daşıyan və əsasən milliyyətçi qruplardan ibarət olan kütlə “Baş nazir istefa” şüarları ilə narazılığını ifadə edərkən, səhnəyə çıxan müxalif çıxışçılar hökumətin sərhəd siyasətini, konstitusiya quruluşunu qorumaqda aciz qalmasını və Baş nazir Şinavatranın orduya münasibətini tənqid edib.

Ötən ay Tayland-Kamboca sərhədində baş verən qısamüddətli toqquşmadan sonra ictimaiyyətə sızdırılan telefon danışığı ölkədə siyasi gərginliyi daha da artırıb. Tayland Baş naziri Paetongtarn Şinavatra ilə Kambocanın sabiq Baş naziri Hun Sen arasında olduğu deyilən və təxminən 17 dəqiqə davam edən telefon danışığında Şinavatranın Hun Senə “əmi” deyə xitab etməsi və taylandlı bir ordu komandanını sərt tənqid etməsi ölkədə böyük əks-səda doğurub. Danışıqda Şinavatranın, “Bu məsələni Tayland ordusu yox, hökumət həll edəcək”, ifadəsini işlətməsi və sərhəddəki gərginliklə bağlı açıqlama verən taylandlı komandana istinad edərək Hun Senə, “qarşı tərəfi dinləməyin”, - deməsi ciddi tənqidlərə səbəb olub.

Etirazların böyüməsindən sonra ötən həftə ordu komandanları ilə birlikdə keçirdiyi mətbuat konfransında ictimaiyyətdən üzr istəyən Baş nazir Şinavatra, sözügedən danışığın ailəvi əlaqələr çərçivəsində şəxsi bir zəng olduğunu və rəsmi xarakter daşımadığını iddia edib. Şinavatra, bu telefon danışığının Kamboca tərəfindən mətbuata sızdırıldığını irəli sürərək, “İndi başa düşürəm ki, bu danışıq real danışıqlar üçün deyildi. Bu, siyasi teatr idi”, - deyib.

Kambocanın sabiq lideri və hazırkı Baş nazir Hun Manetin atası olan Hun Sen isə telefon danışığı ilə bağlı açıqlamasında qeyd edib ki, bu səs yazısını təxminən 80 nəfərlik səlahiyyətli qrupla bölüşüb və buna görə də sızmış ola bilər. 72 yaşlı Hun Sen daha sonra həmin səs yazısını öz sosial media hesabında da paylaşıb.

Tayland ilə Kamboca 817 kilometrlik quru sərhədinin bəzi hissələrində uzun müddətdir suverenlik mübahisəsi yaşayır. 2008-ci ildə tarixi bir məbəd ətrafında baş verən qarşıdurmalar iki ölkə arasında uzunmüddətli gərginliyin başlanğıcı olmuş, bu müddətdə bənzər sərhəd toqquşmaları vaxtaşırı təkrarlanmışdı. İki ölkə arasında 28 mayda sərhəddə baş verən toqquşmada bir kambocalı əsgərin ölməsindən sonra gərginlik yenidən artmışdı.

Məhərrəm Ağalaroğlu, “İki sahil”