“Volkswagen” şirkəti 16 min 500 avtomobili hava yastığındakı təhlükəli qüsura görə geri çağırır.
“İki sahil” “Spiegel” qəzetinə istinadla xəbər verir ki, qüsur daimi keyfiyyət yoxlamaları zamanı bir təchizatçının məlumatı əsasında aşkarlanıb və geri çağırılma profilaktik tədbir kimi həyata keçirilir. Hava yastığının qaz generatorundakı nasazlıq “Polo”, “Passat”, “Taigo”, “ID.7”, “ID.7 Tourer” və “ID.Buzz” modellərində aşkarlanıb. Şirkətin məlumatında qəzalar zamanı bu hissənin partlaması və tərkibindəki komponentlərin qoparaq sərnişinlərə ağır və ya ölümcül xəsarətlər yetirməsinin mümkünlüyü qeyd olunub.
Bu modellərin sahibləri şirkət tərəfindən məlumatlandırıldıqdan sonra rəsmi dilerlərlə əlaqə saxlayaraq avtomobillərini texniki baxışa aparmalıdırlar. Təmir prosesi zamanı ön hava yastığı deaktiv ediləcəyi bildirilib və ön sərnişin oturacağından istifadə edilməməsi tövsiyə olunub.