28 iyun 2025 18:18
126

Çinin Guicou vilayətində yenidən fövqəladə vəziyyət elan edilib

Çinin cənub-qərbində yerləşən Guicou vilayətində həftənin əvvəlində baş vermiş sel fəlakətindən sonra artan yağıntı və yüksələn su səviyyəsi səbəbindən yenidən fövqəladə vəziyyət elan olunub.

İki sahil” xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, Çiendunqan Miao və Donq muxtar prefekturasında sel fəlakəti yaşanan Ronçianq mahalının mərkəzindən keçən Duliu çayında bu səhər su səviyyəsinin 253,5 metrə yaxınlaşdığı bildirilib.

Su səviyyəsinin sel üçün maksimum hədd olan 251,5 metri keçməsi səbəbindən, dünən suların çəkilməsi ilə azaldılan fövqəladə vəziyyət səviyyəsi yenidən ən yüksək – 1-ci səviyyəyə qaldırılıb.

Ayın əvvəlində Vutip tayfunu zamanı şiddətli yağış yağan Çinin cənubunda, erkən musson yağışlarının başlamasıyla sel təhlükəsi daha da artmışdı.

İnci çayının yuxarı axar qollarının kəsişdiyi bölgədə yerləşən Guicou vilayətində 24 iyun tarixindən etibarən baş verən sellər nəticəsində 80 mindən çox insan təxliyə olunub.

Quru yolları, körpülər, rabitə və elektrik xətləri kimi həyati infrastruktur ziyan görüb, sel fəlakəti nəticəsində 6 nəfər həlak olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”