Qazaxıstanın Almatı vilayəti Jambıl rayonunun Ulken kəndində tikintisi planlaşdırılan 2,4 QVt gücündə ilk Atom Elektrik Stansiyasının (AES) dəyəri azı 14 milyard dollar təşkil edəcək.
“İki sahil” Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə respublikanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat verib. O qeyd edib: “Qiymət texniki-iqtisadi əsaslandırma əsasında müəyyən ediləcək. İndi bizdə vendorların müsabiqə prosedurlarında iştirakının bir hissəsi kimi təqdim etdikləri göstərici parametrlər var. Biz onları indi elan edə bilmərik, çünki tenderdə iştirakla bağlı məxfilik müqavilələrlə qorunur. Amma ümumilikdə, dünya təcrübəsinə əsasən, bu səviyyəli stansiyanın qiyməti azı 14 milyard dollardır”.
Xatırladaq ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası ilk AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun lideri müəyyən edilib.