11 iyun 2025 15:53
435

Milli Qurtuluşun tarixi missiyası: liderlik, güclü iradə, xalq dəstəyi

Elə tarixi günlər vardır ki, onlar xalqın və dövlətin taleyində dönüş nöqtəsi olmaqla böyük başlanğıcların möhkəm təməlini qoyur. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqı bu önəmli hadisənin 32-ci ildönümünü böyük qürur və dərin ehtiramla qeyd edir.

Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə  ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.

Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkəmizdə uzun illər davam edən gərginlik və qarşıdurmaya son qoyuldu, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Sonralar Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.

Ümummilli Lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Ölkənin ali qanunvericilik orqanı xalqın müxtəlif təbəqələrinin arzu və tələblərini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun tarixini əbədiləşdirdi. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmən təsdiqləndi.

Ötən illərdə Ümummilli Liderin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Ölkəmizdə dövlətçilik ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətləri olmuşdur. Onun yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşın təhlükəsizliyini qoruya biləcək qüdrətli dövlətə çevirmək olmuşdur. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Heydər Əliyev müdrikcəsinə demişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ideya və əməlləri hər zaman yaşayacaq, bizi daim irəliyə aparacaqdır. Onun uzaqgörən rəhbərliyi və misilsiz xidmətləri ölkəmizin inkişaf yolunu möhkəmləndirərək gələcək nəsillər üçün örnək olmuşdur. Ulu Öndərin ideya və prinsipləri bu gün də dövlətimizin güclənməsi və tərəqqisi üçün əsas dayaqlardan biridir.

Elşən Alıyev,
​YAP Daşkəsən rayon təşkilatının sədr müavini