Avropa Şurası Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
“İki sahil” xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Alen Berse Ermənistan mətbuatına müsahibəsində bildirib.
"Son aylarda Bakı və İrəvan arasında sülh prosesində kifayət qədər böyük irəliləyiş var. Məqsədimiz tərəflər arasında müzakirələri sülh sazişinin imzalanmasına qədər irəli aparmağa davam etməkdir. Bunun mümkün qədər tez baş verəcəyinə ümid edirəm", - A.Berse qeyd edib.
Baş katibin sözlərinə görə, o, sülh prosesini həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti ilə müzakirə edib.
Eyni zamanda, o, bu məsələni apreldə Türkiyədə müzakirə etdiyini vurğulayıb.
A.Berse hesab edir ki, sülh prosesi son vaxtlar bir qədər yavaşlasa da, irəliləyiş hiss olunur. "Prosesi imzalanma mərhələsinə çatdırmaq üçün bu tempi qoruyub saxlamaq lazımdır", - baş katib əlavə edib.
Xatırladaq ki, martın 13-də Azərbaycan və Ermənistan sülh sazişinin mətnini razılaşdırıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan sazişin razılaşdırılmamış son iki bəndi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini qəbul edib. Onun sözlərinə görə, növbəti mərhələdə Bakı İrəvandan hələ də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyaya düzəlişlər etməsini gözləyir.