1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ciddi təhlükə altında idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi xaos, iqtisadi tənəzzül, vətəndaş qarşıdurmaları hökm sürür, dövlət institutları fəaliyyətini itirmiş, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Belə bir böhranlı dövrdə xalqın israrlı tələbi ilə 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun hakimiyyətə dönüşü Azərbaycanı yalnız xaosdan xilas etmədi, həm də gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Dahi Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, qanunçuluq və hüquq qaydaları bərpa olundu, iqtisadi islahatlara start verildi, beynəlxalq aləmlə fəal əməkdaşlıq quruldu. Bu səbəbdən 15 iyun tarixi yalnız bir liderin qayıdışı deyil, bütöv bir xalqın dirçəlişidir və bu gün haqlı olaraq xalqımız tərəfindən "Milli Qurtuluş Günü" kimi böyük qürurla qeyd olunur.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin təməl prinsiplərindən ən mühüm olanı ölkədə sabitliyin təmin olunması idir. O deyirdi ki: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Tarix bir daha Ulu Öndərin haqlı olduğunu sübut etdi! Məhz onun zəngin siyasi təcrübəsinin və dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.
Bir məsələni də unutmaq olmaz ki, müstəqilliyə nail olmuş digər postsovet respublikalarından fərqli olaraq 1991-1993-cü illərdə Azərbaycan Respublikası iqtisadi böhranla yanaşı, siyasi böhranla da üzləşmişdir. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə ölkəni vətəndaş müharibəsi həddinə çatdırıb və dövləti dərin böhran vəziyyətinə salmışdı. Bu daxili amillərlə yanaşı, Azərbaycan Respublikası həm də geosiyasi mövqeyinə görə dünya dövlətlərinin gərgin mübarizə və maraq obyektinə çevrilmişdi. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycan Respublikasının zəngin neft ehtiyatları idi. 19-cu əsrin ikinci yarısından etibarən xarici şirkətlər Azərbaycanın “qara qızıl”ının əsl qiymətini bilirdilər. Və belə bir çətin dövrdə Ulu Öndər Heydər Əliyev təzyiqlərə baxmayaraq, tam sərbəst və bərabərhüquqlu tərəfdaş kimi müqavilənin imzalanmasına nail oldu. Heydər Əliyevin müəllifi olduğu “Yeni Neft Strategiyası” Azərbaycanın öz milli sərvətlərinin sahibinə çevrilməsinin, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkənin 90-cı illərin əvvəllərindəki siyasi, iqtisadi və sosial böhranlardan çıxmasının rəmzidir. Ən əsası isə XXI əsrin astanasında yüksək inkişaf etmiş, güclü və demokratik Azərbaycan dövlətinin yaradılmasıdır. Bu, əsas vəzifə idi, iqtisadi artım sayəsində Azərbaycan üçün yeni imkanlar yarandı.
1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycan cəmiyyətinin sabitliyə, milli birliyə və əmin-amanlığa ehtiyacı var idi. Bu zərurətdən doğaraq, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası yaradıldı. Ziyalıların təşəbbüsü və Heydər Əliyevin rəhbərliyi ilə formalaşan bu siyasi təşkilat qısa müddət ərzində xalqın etimadını qazandı və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.Yeni Azərbaycan Partiyasının formalaşması, bütövlükdə ölkədə siyasi sistemin demokratik əsaslarla qurulmasına, çoxpartiyalı sistemin inkişafına, vətəndaşların ictimai-siyasi proseslərə cəlb olunmasına böyük təkan verdi. Eyni zamanda, bu partiya cəmiyyətin bütün təbəqələrini birləşdirərək, milli ideologiyanın daşıyıcısına və dövlətçilik təfəkkürünün yayılmasında aparıcı rola malik qüvvəyə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən dövlət siyasətində ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin yaşadılması, qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə fəal mövqe tutması daim diqqət mərkəzində olmuş, bu sahələr dövlət quruculuğunun mənəvi dayaqlarından biri kimi ön plana çəkilmişdir. Ulu Öndər qeyd edirdi ki, “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Məhz onun təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyada qadınların hüquq bərabərliyi təsbit olunmuş, Azərbaycan Respublikası BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" barədə Konvensiyasına qoşulmuşdur. 1998-ci ildə isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması qadın siyasətində yeni mərhələnin əsasını qoymuşdur. Bu təşəbbüs Azərbaycanda qadınların daha fəal şəkildə cəmiyyətin bütün sahələrində iştirakına, onların hüquq və maraqlarının müdafiəsinə mühüm töhfə vermişdir.
Hər bir xalqın varlığını davam etdirən, sabahını təmin edən ən böyük sərvəti onun uşaqlarıdır. Məhz bu səbəbdən də uşaqların hüquqlarının qorunması və onların sağlam böyüməsi dövlət siyasətinin əsas istiqamətini təşkil edir. Müstəqilliyin ilk illərində iqtisadi və mənəvi böhran, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkə daxilində yaranmış gərginlik uşaqların da taleyinə təsirsiz ötüşməmişdir. Həmin dövrdə uşaqlar arasında təhsildən yayınma, dilənçilik halları cəmiyyətdə ciddi narahatlıq doğurmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, daha sonra “Uşaq hüquqları haqqında” Qanun qəbul olunmuşdur. Hazırda bu sahədə formalaşmış müasir qanunvericilik bazası və dövlət proqramları uşaq siyasətində strateji inkişafın təməlidir.
Bu istiqamətdə möhtərəm Prezident cənab İlham Əliyevin Sərəncam və Fərmanları ilə imzalanan onlarla Qanun və Dövlət Proqramları uşaqların hüquqlarının müdafiəsinə və rifahının yüksəldilməsinə yönəlmiş dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr – məktəblərin, uşaq bağçalarının, səhiyyə ocaqlarının inşası və bərpası – bu qayğının praktiki təzahürüdür.
Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə böyük qayğı ilə yanaşmış, ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirmişdir. Onun "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir" fikirləri bu istiqamətdə atılan addımların ideoloji əsasını təşkil etmişdir. Müstəqil dövlətimizin Konstitusiyasında ailə institutunun mahiyyəti, ailə üzvlərinin hüquq və vəzifələri xüsusi olaraq qeyd olunmuş, 2000-ci ildə qəbul olunmuş Ailə Məcəlləsi isə bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsində mühüm rol oynamışdır.
Ailə siyasətində mühüm aspektlərdən biri də ailə üzvlərinin, xüsusilə ana və uşaqların sağlamlığının qorunması məsələsidir. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun bu istiqamətdə hüquqi və institusional çərçivəni müəyyən etmişdir. Çünki sağlam ailə – sağlam nəsil, sağlam gələcək deməkdir.
Bu siyasətin ardıcıl və məqsədyönlü davamı olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Ailə Məcəlləsində qadın və kişilər üçün nikah yaşının bərabərləşdirilməsi (18 yaş), və nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması, qohum nikahların qadağan edilməsi, nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq yetkinlik yaşına çatmayanlarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması, yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri üçün məsuliyyətin müəyyən edilməsi, belə toy məclislərinin təşkil olunduğu məkan sahibləri üçün məsuliyyətin nəzərdə tutulması gender bərabərliyi və qadın hüquqlarının müdafiəsində ciddi irəliləyişlərin göstəricisidir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-humanitar layihələr ailə, qadın və uşaq hüquqlarının qorunmasına və sosial rifahın yüksəldilməsinə xidmət edir.
Azərbaycan Respublikasında müstəqillik əldə olunandan sonra cəmiyyətin mühüm təməl prinsiplərindən biri olan ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaqların hüquqlarının qorunması daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu davamlı və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan regionda ailə, qadın və uşaq məsələləri üzrə qabaqcıl mövqedə dayanır, müasir və dayanıqlı qanunvericilik bazasına, institusional mexanizmlərə və sosial siyasətə malikdir.
Qeyd etmək yerinə düşər ki, bu mühüm dəyişikliklərin və qanunların qəbulunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi dəstəyi və təşəbbüsləri olmuşdur. Mehriban xanım Əliyeva bu gün həm də Azərbaycan qadın hərəkatının lideri kimi ölkəmizin inkişafı naminə ardıcıl və prinsipial fəaliyyət göstərir.
Müasir, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımıza və dövlətimizə vəsiyyət etdiyi ən böyük arzu – Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın azad olunması – artıq reallığa çevrilmişdir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq Qarabağda tarixi ədaləti bərpa etmişdir. Bu gün azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən nəhəng bərpa-quruculuq işləri Azərbaycan dövlətinin və xalqının yenilməz iradəsini və inkişaf potensialını bir daha sübut edir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz qurub-yaradan xalqıq və azad Qarabağda həyat yenidən canlanır.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı, vətəndaş cəmiyyətinin banisi kimi özündən sonar qoyduğu böyük siyasi irs cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın regional lider kimi mövqelərini daha da möhkəmləndiri,qlobal miqyasda nüfuzu artır. Ümummilli Liderin müəyyən etdiyi strategiya ölkəmizi sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəli aparır. Dövlətimizin sosial-iqtisadi inkişafı, beynəlxalq layihələrdə iştirakı, ordu quruculuğu sahəsində qazandığı uğurlar məhz 15 iyunda başlayan siyasi iradənin nəticəsidir. Vaxtı ilə Ümummilli Lİder Heydər Əliyev deyirdi ki: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”. Bu gün Azərbaycan müstəqil dövlət, XXI əsrdə ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən bir ölkə olaraq möhkəm, sağlam təməllər üzərində inkişaf edir. Əminik ki, Azərbaycan dövlətinin dirçəlişinə rəhbərlik edən tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri daim qürurla yad olunacaq, onun irsi Azərbaycan dövlətinin möhkəmlənməsi və daha da inkişaf etməsi üçün əsas yol göstərici olacaqdır.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor