Hazırda regionun söz və nüfuz sahibi olan Azərbaycan daha bir tarixi gün ərəfəsindədir. Bu, 15 İyun Milli Qurtuluş günüdür. Milli Qurtuluş Günü yenicə müstəqillik qazanmış dövlətimizin var olmasında dönüş nöqtəsi idi. Eyni zamanda, həmin tarix xalqın öz taleyinə sahib çıxmasının və dövlətin məhv olmaq təhlükəsindən xilas olmasının bir təntənəsi idi. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, bu illər heç də arzuolunan sabitlik və inkişafla müşayiət olunmadı. AXC-Müsavat cütlüyünün səriştəsiz və avantürist idarəçiliyi ölkəni dərin siyasi, iqtisadi və sosial böhranlara sürüklədi. Dövlətçilik ənənələri pozuldu, silahlı dəstələrin hökmranlığı, regionlarda separatizmin baş qaldırması, cəbhədə ardıcıl məğlubiyyətlər və əhalinin səfalət içində yaşaması Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoydu. Belə bir ağır və taleyüklü zamanda xalqın səsi yalnız bir ünvanı çağırdı – Ulu öndər Heydər Əliyevi. Çünki Azərbaycan cəmiyyətində artıq belə bir ümumi fikir formalaşmışdı: bu ölkəni böhrandan çıxara biləcək, xalqı arxasınca aparmağa qadir yeganə lider yalnız Ulu Öndər Heydər Əliyevdir.
Ulu Öndərin 1993-cü ilin iyununda Bakıya qayıdışı və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədə yeni bir mərhələnin başlanğıcı oldu. Qısa müddət ərzində dövlətçiliyin əsasları möhkəmləndirildi, ictimai-siyasi sabitlik təmin olundu, ordu quruculuğuna start verildi, Azərbaycanın beynəlxalq mövqeyi bərpa edildi. Heydər Əliyevin siyasi uzaqgörənliyi, prinsipial mövqeyi və böyük idarəçilik təcrübəsi ölkəni anarxiyadan çıxarıb sabitliyə, sabitlikdən isə inkişaf və tərəqqi yoluna apardı. Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabr prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanması, onun xalqa verdiyi vəd – “Həyatımın qalan hissəsini xalqıma xidmətə həsr edəcəyəm” – siyasi iradəsinin, fədakarlığının və vətənə olan sədaqətinin sübutu idi. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü təkcə siyasi böhranın qarşısının alınması ilə deyil, həm də Azərbaycanın gələcəyinin xilası ilə əlamətdar oldu. Əgər Heydər Əliyevin qətiyyətli liderliyi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti dünya siyasi xəritəsində yer almaya bilərdi. Bugünkü qüdrətli, sabit və inkişaf edən Azərbaycan dövlətinin təməlində məhz 15 İyun Qurtuluş Günü dayanır.
Bəli məhz bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Bütün bunlara səbəb Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti, Heydər Əliyevə olan möhkəm, sarsılmaz inam, Vətəninə sonsuz və təmənnasız sevgisi idi.
Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 55 ordusu sırasında yer almasının səbəbidir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərəzi bütövlıyının və suverenliyinin bərqərar olması idi. Məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir belə idi: «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik»;»
Ulu Öndərin arzuları 27 ildən sonra gerçəkləşdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Ölkəmizin başçısı bu barədə demişdir: «Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.»
Prezident İlham Əliyev postmüharibə dövründə azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Qarabağ günü-gündən inkişaf edəcək. Mədəniyyətin, elm və təhsilin, turizmin vəhdət şəklində inkişafı xalqımızın rifahına öz müsbət təsirini göstərəcək.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri