İyunun 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, komitənin sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin - “Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin, “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini söyləyib.
Sadiq Qurbanov əvvəlcə “Qaz təchizatı haqqında“ Azərbaycan Respublikası qanununun layihəsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləyir və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Sonra energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək təqdim olunan qanun layihəsinin ölkə Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq hazırlandığını söyləyib. O, sənəddə dövlətimizin başçısının digər Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın Tədbirlər Planına əsasən qaz təchizatı sahəsində nəql, paylanma, satış fəaliyyətlərinin təmin olunması ilə bağlı müvafiq tədbirlərin hüquqi və idarəçilik mexanizmlərinin təsbit olunduğunu deyib.
Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev qanun layihəsinin müasir tələblərə uyğun olaraq hazırlandığını, bazar iqtisadiyyatı mühitinin formalaşmasına xidmət etdiyini, qaz təchizatı obyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, enerji resurslarındansəmərəli istifadənin təşviq edilməsi baxımından əhəmiyyətindən söhbət açıb.
Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov qeyd edib ki, qanun layihəsi hazırlanarkən mövcud qaz təchizatı sisteminin aparılmış diaqnostikasının nəticələri əsasında qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla istehlakçı məmnunluğunun artırılması, idarəetmə və tənzimləyici çərçivənin təkmilləşdirilməsi əsas istiqamətlər olaraq müəyyən edilib.
Enerji Məsələlərini tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov layihədə qiymətlərin tənzimləməsi, tariflərin müəyyən edilməsi qaydaları ilə bağlı məqamlara toxunub.
İclasda çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov ölkənin qaz təsərrüfatı sahəsində hazırkı durum barədə söhbət açıb. O, habelə qanun layihəsində qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektlərinin fəaliyyəti, bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əks olunan məqamlar barədə öz fikirlərini açıqlayıb.
SOCAR-ın Qaz paylanması departamentinin rəisi Orxan Səlimov təqdim edilən sənəddə qaz təchizatı sektorunda tənzimləyici qurumun yaradılmasının nəzərdə tutulduğunu və onun səlahiyyətlərinin müəyyən edildiyini söyləyib, qaz təchizatı sektorunda qiymətlərin tənzimlənməsi ilə bağlı müddəaların mahiyyəti barədə danışıb.
Çıxışlarda, həmçinin layihədə təsbit olunan qaz təchizatı, qazdan istifadə, qaz təchizatı obyektlərinin istismarı və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaydalar, qaz təchizatı sektorunda insanların sağlamlığının, əmlakının və ətraf mühitin qorunmasına dair tələblər barədə söhbət açılıb.
Qanun layihəsi ətrafında müzakirələrdə komitə üzvləri çıxış edərək öz fikirlərini, bəzi qeyd və suallarını səsləndiriblər. Qaldırılan məsələlərə aidiyyəti qurumların nümayəndələri tərəfindən aydınlıq gətirilib.
Sonra iclasda “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Layihə elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Sənəddə sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edilir. Layihədə, həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənir.
Komitədə, habelə Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi nəzərdən keçirilib. Komitə sədri Sadiq Qurbanov diqqətə çatdırıb ki, prezidentin 2024-cü il 28 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydalarında akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilir. Bununla əlaqədar olaraq, layihədə müvafiq dəyişikliklərin edilməsi təklif olunur.
Müzakirəyə çıxarılan hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.