10 iyun 2025 10:57
151

Ulu Öndərin xilaskarlıq missiyası

Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü ildən bizi otuz iki il vaxt ayırır. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkənin inkişafının sarsılmaz təməlləri qoyuldu.

1991-1993-cü illər ərzində Azərbaycanda dövlətin suveren mövcudluğuna çoxsaylı təhdidlər yaranmışdı. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələnmişdi. Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin timsalında görürdü. Təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də Heydər Əliyevdən kömək istəməyə məcbur oldu.  Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edərək 1993-cü il iyunun 9-da Bakıya gəldi. Belə bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, xalq öz nicatını Ümummilli Liderimizin  hakimiyyətə qayıdışında tapdı. Ulu Öndər tarixi qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı qorudu.  Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli Liderin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi başlandı. Bununla da Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü il tariximizə Milli Qurtuluş Günü kimi yazıldı.

Ümummilli Lider zəngin idarəçilik təcrübəsinə söykənərək Azərbaycanın dövlət müstəqilliyini daimi və sarsılmaz etdi. Müstəqilliyimizin memarı kimi adını tarixə qızıl hərflərlə yazdıran Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi idi. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu. Ümummilli Liderin müəllifi olduğu milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Ölkəmizin ilk konstitusiyasının qəbul olunması və bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ümummilli Liderin qarşıya qoyduğu başlıca vəzifə oldu, ölkəmizin bütün resursları tarixi ədalətin bərpası üçün səfərbər edildi. Nəticədə 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil oldu. 2003-cü ildən etibarən isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb. Ölkəmiz ötən dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib.

Müstəqilliyimizi böyük təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı. Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. 1993-cü ildən bəri keçən tarix onu göstərir ki, Azərbaycanda qarşıya qoyulan məqsədlərə çatmağın ən düzgün strategiyasını Ulu Öndər Heydər Əliyev müəyyənləşdirib, cənab Prezidentimiz İlham Əliyev isə onu ustalıqla həyata keçirib.

Anar Məmmədov,

Milli Məclisin deputatı