09 iyun 2025 14:35
110

Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir

Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin hüdudlarından kənarda investisiya layihələrinin həyata keçirilməsi təklif edilir.

“İki sahil” xəbər verir ki, bu fikirlər Azərbaycanın ər-Riyaddakı səfiri Şahin Abdullayevin Səudiyyə Ərəbistanının Londonda nəşr olunan “əş-Şarq əl-Avsət” qəzetinə müsahibəsində yer alıb.

Cari ilin aprel ayında ər-Riyadda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının 8-ci iclasının keçirildiyini bildirən səfir, bu iclasın nəticələrinin reallaşdırılması ilə daha çox faydalı əməkdaşlığın gözləndiyini vurğulayıb. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə keçən həmin iclasda enerji, nəqliyyat, logistika və su resursları sahələrində əməkdaşlıqla bağlı bir neçə Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 6-cı iclasının tövsiyələri qəbul edilib.

Müsahibədə, həmçinin qeyd olunur ki, son illərdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında, xüsusilə iqtisadiyyat, investisiya, enerji, turizm və mədəniyyət sahələrində əlaqələrdə nəzərəçarpan inkişaf müşahidə olunur. Bildirilir ki, Səudiyyə Ərəbistanının "Aqua Power" şirkəti Azərbaycanda bərpaolunan enerji sahəsindəki ən önəmli investorlardan biridir.

Eyni zamanda, müsahibədə xatırladılır ki, ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) əsnasında bərpaolunan enerjinin inkişafı və ötürülməsi sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədilə birgə icra proqramı imzalanıb. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Bundan başqa, yazıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəmində prioritet sahələrə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürülüb.

Eyni zamanda, müsahibədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə imzalanmış müqavilənin əhəmiyyəti vurğulanır və Azərbaycanda azad iqtisadi zonalara sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlərin təqdim olunduğu bildirilir.

Müsahibəsində turizm sahəsində də əməkdaşlığa toxunan səfir, ötən il Azərbaycana 100 mindən çox səudiyyəli turistin gəldiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu rəqəm 2023-cü illə müqayisədə 31 faizdən çox artım deməkdir. Vurğulanır ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə və birgə turizm proqramlarının inkişafına, davamlı turizm sahəsində təcrübə mübadiləsinə, eləcə də müştərək turizm tədbirlərinin və sərgilərin təşkilinə diqqət yetiriləcək.

Həmçinin müsahibədə Azərbaycanın neft strategiyası, regional və beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu, bu sahədə həyata keçirilmiş iri layihələr qeyd olunur.

Bundan başqa, ölkəmizin uğurla ev sahibliyi etdiyi COP29 konfransı və bu tədbir çərçivəsində əldə edilmiş nailiyyətlər, o cümlədən iqlim maliyyələşməsi barədə razılıq müsahibədə diqqət mərkəzində olub.

Səfir Ş.Abdullayev Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin tarixi və qardaşlıq əlaqələri əsasında qurulduğunu, qarşılıqlı hörmət və ortaq maraqlara dayandığını vurğulayıb.

Diplomat, həmçinin Səudiyyə Ərəbistanının Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığını yüksək qiymətləndirib. Qeyd olunub ki, bu məqsədlə 2024-cü il yanvarın 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Kral Salman Humanitar Yardım Mərkəzi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb. (AZƏRTAC)