Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.
“İki sahil” xəbər verir ki, mərasimdə Vatikanın rəsmiləri, diplomatik korpus təmsilçiləri, işgüzar dairələrin nümayəndələri, eləcə də İtaliyada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, 107 il əvvəl – 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edilərək müsəlman dünyasında ilk dünyəvi demokratik respublika Azərbaycanda yaradılıb. Qeyd edib ki, bu gün Azərbaycan xalqının yaddaşında böyük nailiyyətlərlə xatırlanır və ən böyük nailiyyətləri parlament demokratiyasının əsasıdır. 1918-ci ildə Azərbaycan müsəlman dünyasında, hətta bir çox Avropa ölkələrindən də tez qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkə olub.
Diplomat bildirib ki, sivilizasiyaların qovşağında yerləşən Azərbaycan Şərq və Qərb dəyərlərinin uzlaşdığı dinc yanaşı yaşama modelidir və çoxillik multikulturalizm, tolerantlıq və birlik ənənəsi xalqın gücünü və uğurlarını dəstəkləməkdə davam edir. Bunu Papa II İohann Pavel 2002-ci ildə və Papa Fransiskin 2016-cı il Azərbaycana səfərləri zamanı səsləndirdikləri fikirlərlə təsdiqləyiblər.
Səfir 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkəmizin Müqəddəs Taxt-Tacla siyasi, mədəni və digər sahələrdə əməkdaşlığının daha da artdığını bildirib
İlqar Muxtarov Heydər Əliyev Fondunun himayəsi ilə ölkəmizin xristian irsinin qorunması ilə bağlı bütün dünyada çoxsaylı layihələr həyata keçirdiyini və Vatikanın bu istiqamətdə dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Diplomat Azərbaycanın 2024-cü ildə COP29-a qürurla və uğurla ev sahibliyi etdiyini, ölkəmizin Qoşulmama Hərəkatının üzvü və sədri kimi beynəlxalq arenada fəal və konstruktiv rol oynadığını bildirib. Qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda sülhün tərəfdarıdır. Azərbaycan və Ermənistan arasında davamlı sülh təkcə mümkün deyil, həm də zəruridir.
Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti, kardinal Corc Yakob Kuvaqad ölkəmizin Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına firavanlıq, tərəqqi və əmin-amanlıq arzulayıb. O, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olmasının və hamı üçün konstitusiya ilə bərabər hüquqlar təsbit etməsinin əhəmiyyətini diqqətə çatdırıb.
“Azərbaycan dünyada qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk ölkələrdən biri və əksəriyyəti müsəlman olan ilk dövlətdir. Bundan başqa, həmin dövrdə ölkənin müxtəlif yerlərində qızlar üçün məktəblər, kəndlərdə xəstəxanalar, kitabxanalar, müəllimlər üçün kurslar yaradılıb. Daha bir mühüm təşəbbüs 1919-cu il sentyabrın 1-də ölkədə əsası qoyulmuş ilk müasir universitet olan Bakı Dövlət Universitetinin yaradılması olub. Bütün bu nailiyyətlərdə biz 1991-ci ildə müstəqilliyin yenidən bərqərar olması üçün mühüm təməl daşları görə bilərik”, - deyə Müqəddəs Taxt-Tac rəsmisi bildirib.
O, Müqəddəs Taxt-Tac ilə Azərbaycanın möhkəm dostluq münasibəti ilə bir-birinə bağlı olduğunu vurğulayıb.
Corc Yakob Kuvaqad, eyni zamanda, hər kəsin körpülərin, sülh körpülərinin, qarşılıqlı qəbulun və sevginin əsl qurucuları olacağına ümidvar olduğunu deyib: “Çünki bu şəkildə, heç şübhəsiz ki, bizim bəşər ailəmizin tərəqqisinə heç vaxt daha böyük töhfə verməyəcək”.
Mərasimdə ölkəmizlə Müqəddəs Taxt-Tac əlaqələrinə dair fotosərgi nümayiş edilib, Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadənin dirijoru və solisti olduğu qrupun konserti təqdim olunub.