Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında sosial media sahəsində fəal olan partiya üzvləri və könüllülərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, təşkilatın əməkdaşları, YAP Sosial Media Qrupunun nümayəndələri, eləcə də sosial şəbəkələrdə aktiv olan fəallar iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Milli maraqlara əsaslanan prinsipial mövqe, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində aparılan siyasət həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.
Partiya üzvlərinin dövlət başçısının müəyyən etdiyi strateji xəttin cəmiyyətə düzgün və məqsədyönlü şəkildə çatdırılmasında ön sıralarda yer aldığı qeyd olunub. Bu baxımdan, sosial mediada aparılan təbliğat ümumi ideoloji mübarizənin ayrılmaz hissəsi kimi partiyanın cəmiyyətlə birbaşa əlaqələrinin güclənməsinə mühüm töhfə verir. Eyni zamanda, bu fəaliyyət partiya üzvlərinin ideoloji hazırlığını və milli məsuliyyət hissini də artırır.
YAP Sosial Media Qrupunun koordinatoru Rəsul Səlimzadə çıxışında sosial medianın bu gün informasiya savaşında milli maraqları qoruyan ideoloji sipərə çevrildiyini qeyd edib. Xarici təsirlərin və təxribat xarakterli məlumatların fonunda sosial şəbəkələrdə dövlət mövqeyinin qorunması strateji əhəmiyyət daşıyır. Partiya fəallarının, xüsusilə gənclərin, dezinformasiyalara qarşı çevik və prinsipial mövqe sərgiləməsi, milli-mənəvi dəyərlərin təbliğində fəallıq göstərməsi vacib amil kimi dəyərləndirilib. Bu istiqamətdə aparılan fəaliyyətin dövlətə bağlılığın real təzahürü olduğu vurğulanıb.
Daha sonra çıxış edən YAP Sosial Media Qrupunun nümayəndəsi Rəna Süleymanlı, informasiya mühitində milli maraqların müdafiəsinin və dövlət mövqeyinin sosial şəbəkələrdə güclü şəkildə təbliğinin partiya üzvləri üçün əsas prioritetlərdən biri olduğunu bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında keçirilən görüşdə YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov çıxış edərək gənclərin ideoloji işdəki fəallığını, hazırlığını və təşəbbüskarlığını yüksək qiymətləndirib. O, Yeni Azərbaycan Partiyasının gənc nəslin milli ideologiya əsasında formalaşmasına xüsusi önəm verdiyini vurğulayıb və sosial medianın bu istiqamətdə əsas platformalardan biri olduğunu qeyd edib.
Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Aynur Poluyeva çıxışında gənclərin ideoloji işdə verdiyi töhfəni vurğulayaraq, onların bu prosesdə daha fəal olmalarının vacibliyini qeyd edib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında keçirilən görüşün sonunda partiya fəalları təşəbbüsləri, təklifləri və sualları ilə çıxış ediblər. Bu, tədbirin interaktiv xarakter daşıdığını və iştirakçıların sosial media strategiyalarının inkişafı, gənclərin ideoloji işdə rolu və partiyanın siyasətinin təbliği kimi mövzularda aktiv iştirak etdiklərini göstərir.
Yekunda YAP-ın sosial şəbəkələrdə mövqeyinin daha çevik və peşəkar şəkildə təqdim olunması, milli ideologiyanın gənclər arasında təşviqi və sosial media fəallarının fəaliyyətinə dəstəyin gücləndirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.