02 iyun 2025 11:17
257

Azərbaycan, Pakistan və Türkiyəni ortaq dəyərlərə əsaslanan dərin tarix bir-birinə bağlayır

28.05.2025-ci ildə, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşünün keçirilməsi ölkələrimiz və xalqlarımız arasında olan dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının daha bir nümayişidir. Bu önəmli və mötəbər tədbirin 30 illik erməni işğalından sonra yenidən qurulan və sürətlə inkişaf edən  Laçında təşkil olunması isə xüsusi siyasi və mənəvi önəm daşıyır.

Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ölkələrimizin və xalqlarımızın bir-birinə bağlılığının əsasında birgə tarix, mədəniyyət və ortaq mənəvi dəyərlərin durması da əsil qardaşlıq münsibətlərinin formalaşmasını şərtləndirən ən mühüm amillərdən biridir. Bu üç qardaş ölkə daim bir-birinin yanında olub və bu gün də yanındadır. Azərbaycan xalqı 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi əsla heç zaman unutmayacaq. Azərbaycan da hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub. Türkiyədə PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir və Azərbaycan buna ən çox sevinən ölkələrdən biridir. Azərbaycan Pakistan və Hindistan arasında bu yaxınlarda yaşanmış son gərginliyi böyük narahatlıqla izləmiş və ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə etmişdir.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında-  müstəqilliyimizi təbrik etmiş və Azərbaycanla dostluq əlaqələrinin dərin köklərə malik olmasını vurğulamışdır. Türkiyənin əsrlərdir Azərbaycanın yanında olduğunu, hər zaman dəstəklədiyini xüsusilə öz çıxışında qeyd etmişdir.

Pakistan, Azərbaycan və Türkiyəni əsrlər boyu ortaq dəyərlər və qarşılıqlı dəstək nəticəsində formalaşan dərin tarixi bir-birinə bağlayır. Türkiyə və Azərbaycanın sarsılmaz qaya kimi ölkəsinin yanında olduğunu və belə qardaş ölkələrə sahib olduğu üçün şanslı olduğunu ifadə edən Şahbaz Şərif, əlaqələrin təkcə ölkələr arasında deyil, regionun hüdudlarından kənarda da sülhə və inkişafa töhfə verəcəyini qeyd edib.     "Bu üçtərəfli format bizim hamımız üçün böyük əhəmiyyət kəsb edir və məna kəsb edir", - Şahbaz Şərif bildirib. Şahbaz Şərif,  İlham Əliyev və Ərdoğan ilə üçtərəfli görüşdə iştirak etməkdən şərəf duyduğunu ifadə edərək "Bölgənin sakit gözəllikləri arasında burada dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını seyr edərkən qəlblərimiz böyük sevinc və qürurla doldu" ,-dedi. O, öz çıxışını bu sözlərlə yekunlaşdırdı: Yaşasın Pakistan! Yaşasın Pakistan-Azərbaycan-Türkiyə qardaşlığı!     Əsrlər boyu çətin sınaqlarla üzləşsələr də, dövlət və xalqlarımız bu çətinliklərin öhdəsindən gəlmək üçün bir-birinə əsl qardaşlıq göstərib.Düşünürəm ki, həm dövlət başçılarının, həm də sıravi vətəndaşların səyi nəticəsində bu dostluq münasibətləri uzun illərdir ki, davam edir, əsrlər boyu da davam edəcək.

Mahiyə Nəsibova,
Xətai rayonu 24 nömrəli tam orta məktəbin müəllimi