Uzun illər Azərbaycan Neft Sənayesində çalışmış neftçi-geoloq Rafiq Abdullayevin “Azərbaycan nefti - tarixə baxış” II cildlik kitabı nəşr olunmuşdur
Dünya tarixinin, o cümlədən qədim və zəngin Azərbaycan tarixinin çox mühüm dövrünü enerji resurslarının, ilk növbədə, ən qiymətli təbii sərvətlərdən biri sayılan neftin kəşf olunması, hasilatı, emalı və istifadəsi tarixi təşkil edir. Azərbaycan istər quruda və istərsə də dənizdə neftşıxarmanın vətəni sayılır. Neft bir təbii sərvət olaraq əcdadlarımıza neolit dövründən məlumdur. Dünya elmi neft və qaz kimi təbii sərvətlərin insanlara təxminən 8000 il bundan öncə məlum olduğunu təsdiq edir.
Qədim şumerlər nefti “esir” adlandırırdılar ki, onun da mənası “nurlu su” deməkdir. Dünya neft və qaz sənayesinin inkişafında Vətənimiz Azərbaycanın müstəsna rolu olmuş və bu gün də belədir. Təsadüfi deyildir ki, neft-qaz sənayesinin tarixində “ilk dəfə” sözünün ən mühümləri bizim ölkəmizə aiddir.Təbii sərvətlərlə çox zəngin olan Azərbaycan torpağı tarixin bütün mərhələlərində qonşu xalqların və dövlətlərin maraq dairəsində olmuş və bunun nəticəsi olaraq çoxsaylı hərbi təcavüzlərin və işğalların obyektinə çevrilmişdir. Bu hərbi təcavüz və işğallar zamanı neft və ondan alınan müxtəlif məhsullar xalqımızın düşmənlər üzərində əldə etdiyi qələbədə həlledici rol oynamışdır. Qeyd etmək lazımdır ki, XIX əsrin ikinci yarısından başlayaraq neft, xüsusilə Azərbaycan nefti ölkələri özlərinin müstəmləkələrinə çevirən böyük dövlətlər və onların maliyyə maqnatlarının əsas rəqabət sahəsinə çevrilir və onlar Azərbaycan nefinə böyük maraq göstərməyə başlayırlar. 1873-cü ildən başlayaraq Bakı neftinə maraq göstərən Avropa dövlətlərinin maliyyə dairələi, ilk növbədə Nobellər, Rotşildlər, ingilis kapitalı, çar Rusiyasının və o cümlədən, milli kaptalın nümayəndələri buraya yatırım qoyur və bu maraq hətta ABŞ-ın ən böyük maliyyə maqnatı Con Pokfellerin də diqqətini cəlb edir. Artıq hamıya məlumdur ki, XIX əsrin əvvəlində Bakı nefti dünya neft hasilatının 52 faizini, çar Rusiyasında hasil edilən neftin 95 faizini verirdi. O dövrdə çar Rusiyasının maliyyə naziri olmuş Sergey Vittenin sözləri ilə desək: “Bakı nefti çar Rusiyası iqtisadiyyatı üçün məlhəm rolunu oynayırdı” və təbii olaraq sual olunur: Bu təbii sərvətin yerləşdiyi yer və ərazi necə müəyyən edilir, necə hasil edilir və bu sahə ilə məşğul olan elm sahəsi necə adlanırdı? Qeyd etməliyik ki, bütün bu sualların cavabı Azərbaycan milli neft sənayesində uzun illər ərzində çalışan, öz ixtisasının mükəmməl bilicisi olan, milli tariximizin qızıl səhifəsi sayılan Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və həyata keçirilən neft strategiyasının - “Əsrin müqaviləsi”nin hazırlanması və imzalanması prosesinin bilavasitə iştirakçısı olmuş neftçi-geoloq, çox istedadlı və fədakar tədqiqatçı Rafiq Abdullayev tərəfindən yazılıb hazırlanan “Azərbaycan nefti-tarixə baxış” iki cildlik əsərində verilmişdir. Ensiklopedik xarakter daşıyan bu əsərin I cildi V ikinci cildi isə IV fəsildən ibarətdir.
I cildin “Giriş” hissəsi və buraya daxil edilən V fəslin hər birisi bir neçə yarımfəsillər şəklində yazılmışdır. Əsərin II cildi isə VI fəsildən başlayır və buraya tarixi xronologiya, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələrdən ibarət 1209 səhifəlik ikicildlik bu əsərdə Azərbaycanda neft sənayesinin bütün sahələrinin tarixi xronoliji ardıcıllıqla öz əksini tapmışdır. Müəllif bu əsəri yazarkən bütün mənbələrdən, ilk növbədə, bu sahənin bütün xüsusiyyətlərini bilən professional mütəxəssis kimi yanaşaraq mövcüd elmi ədəbiyyatdan,rəsmi dövlət və arxiv sənədlərindən, bütün dövrlərə aid mətbuat materiallarından istifadə etməklə böyük əmək sərf edərək möhtəşəm bir elmi işi başa çatdıra bilmişdir. Monoqrafiyanın 611 səifəlik I cildində müəllif Azərbaycan neft geologiyası və geofizikasının, qazma sənayesinin, neft emalı, neft-kimya sahələrinin, neftin və qazın nəqlinin və digər infrastruktur sahələırinin yaranması və inkişafı tarixinin çox geniş mənzərəsini yaratmışdır. Əsərin I fəsli “Azərbaycanda neft geologiyasının yaranması və inkişafı” adlanır və bu fəsil 17 paraqrafdan ibarətdir. Bu fəsildə müəllif ən qədim zamanlardan bu günədək həm dünyada geoloji biliklərin meydana gəlməsi,bu geoloji biliklər haqqında məlumat verən qədim, antik, ilk və orta əsrlər və yeni və ən yeni dövr müəllifləri: qədim yunan,roma,ərəb fars türk və Avropa müəllifləri haqqında məlumatlar verməklə yanaşı, geologiyanın bir elm sahəsi kimi yaranması və formalaşması haqqında, həm də neft-qaz geologiyasının, xüsusilə Şimali Azərdaycanda bu elm sahəsinin XIX-XX əslərdə müstəqil bir elm sahəsi kimi yaranması və inkişafı tarixini bütün təfərrüatı ilə istinad etdiyi mənbələr və sənədlər əsasında verə bilmişdir. Monoqrafiyanın I cildində müəllif, XIX əsrin II yarısından başlayaraq çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet Rusiyası və SSRİ dövləti hakimiyyəti və dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında neft-qaz geologiyası elm sahəsinin yaranması, formalaşması və inkişafı prosesini, Azərbaycan Respublikasında həm quruda və həm də Xəzər dənizi sularının təkində neft və qaz yataqlarının yaranması, Abşeron yarmadasında palçıq vulkanlarının meydana gəlməsi və burada “Yanardağ” və “Qırməki” təbiət abidələrindən, onların yaranmasından bəhs edir. Monoqrafiyanın II fəsli “Azərbaycanda neft geofizikası sahəsinin yaranması və inkişafı” adlanır və o, 3 paraqrafdan ibarətdir. Burada müəllif XIX əsrin II yarısından başlayaraq bu günədək Şimali Azərbaycanda neft-qaz geofizikası elm sahəsinin yaranması və inkişafı tarixinin bütün mərhələlərini tarixi-xronoloji ardıcıllıqla vermişdir.
Monoqrafiyanın I cildinin III fəsli “Azərbaycanda neft quyularının qazılmasının tarixi” adlanır və 6 paraqrafdan ibarətdir. Abşeron yarımadasında neft quyularının mövcudluğu barədə hələ IX əsrdə ərəb mənbələrində rast gəlinsə də, lakin bu quyuların daha qədim dövrlərdə qazıldığı və istifadə olunduğu heç bir şübhə doğurmur. Əsrlərdən neftin əldə edilməsi üçün quyuların qazılmasında kankan üsulunun texnikası o dövr üçün yüksək səviyyəyə çatdırılsa da, yüzillərlə dəyişməz olaraq qalırdı.Bu fəsildə müəllif Şimali Azərbaycanda neft quyularının qazılmasının ən sadə üsullarından başlayaraq bu günədək tətbiq edilən ən müasir texnologiyanın verdiyi nəticələrdən bəhs edir və ilk dəfə dünyada neft quyularının həm quruda və həm də dənizdə məhz Azərbaycanda həyata keçirildiyini ayrıca olaraq qeyd edir. Monoqrafiyanın IV fəsli “Azərbaycanda neftin və qazın emalının tarixi” adlanır və bu fəsil 5 paraqrafdan ibarət olub adından da göründüyü kimi, Azərbaycanda neft-qazın emalı sənayesinin yaranması və inkişafı tarixinə həsr olunmuşdur. Ərəb mənbələri Abşeronda neft emalının hələ XII əsrin əvvəllərində mövcud olduğunu qeyd etmişlər. Bu fəsildə müəllif Azərbaycan Milli Neft Sənayesinin bu sahəsinin yaranması ilə bərabər, həm də dünya ölkələrində neft emalı sənayesinin yaranması və inkişafı tarixinə də yer vermişdir. Nəşr olunmuş monoqrafiyanın I cildinin V fəsli “Azərbaycanda kimya və neft-kimya sənayesinin inkişafı tarixi” adlanır. Bu fəsil Azərbaycanda Milli Neft Sənayesinin yeni sahəsinin - neft-kimya sənayesinin yaranması və inkişafı tarixinə həsr edilmişdir. Bu fəsilə müəllif qədim və orta əsrlərdə Şərq və Avropa olkələrində əlkimya adladan dövrdən əvvəl, onun mövcüd olduğu dövr və ənənəvi kimya ilə məşğul olan orta əsr vəXIX əsr daxil olmaqla yeni dövr Şərq və Avropa müəllifləri haqqında çox dəqiq və sanballı məlumatlar verə bilmişdir. Bu fəsildə müəllif həm də bu sahənin mühüm bir istiqamətinın-neft-kimya elminin yaranması və inkişafı tarixini də əlavə etmişdir.
Əsərin II cildi VI fəslillə başlayır və o “Azərbaycanda neftin, neft məhsullarının və qazın nəqli və saxlanılması tarixi” adlanır . 13 paraqrafdan ibarət bu fəsildə müəllif Şimali Azərbaycanda ən qədim zamanlardan başlayaraq bu günədək hasil edilən neft və neft məhsullarının ölkə daxilində və dünya bazarlarına ixracı tarixinə həsr etmişdir. Burada müəllif, tarixi İpək Yolundan başlayaraq müasir beynəlxalq Əsas İxrac Neft kəmərləri vasitəsilə Azərbaycandan neft və neft məhsullarının nəqli məsələlərinin tarixinə geniş yer vermişdir. Müəllif bu fəsildə neft və neft məhsullarının nəqlinin əsasən dənizlə, dəmir yolları, yük maşınları və habelə, boru kəmərləri vasitəsilə daşınması və ixracı məsələləri tarixini bütün genişliyi ilə dərindən araşdırmışdır. Təqdim olunan əsərin diqqəti cəlb edən xüsusiyyətlərindən biri odur ki, burada müəllif Azərbaycan Milli Neft Sənayesinin bütün sahələrinin inkişaf tarixinə tarixi-xronoloji ardıcıllıq prinsipini gözləmək şərtilə nəzər salmış və obyektiv elmi fikir söyləyə bilmişdir.
Monoqrafiyanın VII fəsli şox maraqlı məsələyə: böyük dövlətlər arasında enerji resursları uğrunda mübarizə tarixinə həsr edilmişdir və bu belə də adlanır: “Neft və qaz bazarları uğrunda mübarizə”. Bu fəsil neft tarixinin iki dövrünü əhatə edir: XIX əsrin 80-ci illəri - XX əsrin 20-ci illərinədək Azərbaycan neftinin və neft məsullarının dünya bazarındakı rolunu və müstəqillik əldə etdikdən sonra müasir dövrdə Azərbaycan nefti və qazının dünya neft bazarlarında oynadığı mühüm rolu ehtiva edir. Bu fəsildə müəllif dünya ölkələrinin Azərbaycan neftinə olan maraqlarından, onun neft və qaz satışı bazarlarına çıxarılmasından bəhs edir və son 150 il ərzində bu sərvətlərin Azərbaycan xalqının siyasi və sosial həyatında və müasir dövrdə Azərbaycan Respublikasının enerji ehtiyatlarının dünya ölkələrinin iqtisadi həyatında oynadığı rola geniş yer vermişdir.
Monoqrafiyanın II cildinin VIII fəsli “Neftin və qazın qədimdə istifadəsi tarixi” adlanır və o, 3 paraqrafdan ibarətdir. Burada müəllif təbii ki, ilk dəfə neft və qazdan istifadə işinin qədim, antik, orta əsrlər, yeni və ən yeni dövrlərdə bu enerji resurslarının məkanı kimi Azərbaycan Respublikasında da həyata keçirildiyini ön plana çəkir və bu işin hazırda dünya iqtisadiyyatına, siyasətinə və beynəlxalq münasibətlərə necə təsir etdiyini qeyd edir.
Əsərin II cildinin sonuncu - IX fəsli “Neft və qaz amilinin neft-qaz sənayesinin digər sahələrinə və infrastrukturunun inkişafına, habelə sənayenin başqa sahələrinin inkişafına təsiri” adlanır. Bu fəsildə müəllif onun adından da göründüyü kimi, neft-qaz sənayesinin Azərbaycan Respublikasının iqtisadi həyatında oynadığı rol, onun ölkə iqtisadiyyatının başqa sahələrinə göstərdiyi təsirdən bəhs edir. Azərbaycan Respublikasında neft-maşınqayırma, energetika, metallurgiya və digər. sənaye sahələrinin yüksək sürətlə və əsaslı təşəkkül tapması və inkişafı bir başa neft-qaz sənayesi ilə bağlı olduğunu qeyd edir və bu proses gün də davam edir.Bütövlükdə isə neftçi –geoloq və bu sahənin istedadlı tədqiqatçısı Rafiq Abdullayevin çap olunmuş II cildlik “Azərbaycan nefti- tarixə baxış” kitabı milli neft elmi tariximizin, milli neft sənayemizin yaranması və inkişafı tarixinə həsr olunmuş ilk sanballı ensiklopedik əsərdir. Bu əsər müəllif tərəfindən aparılmış geniş və hərtərəfli tədqiqat nəticəsində ərsəyə gəlmişdir. SOCAR-ın maliyyə yardımı ilə nəşr olunmuş bu II cildlik monoqrafiya Azərbaycan Milli Neft Sənayesinin tarixinə həsr olunacaq əsərlər yazılarkən bir mənbə olaraq və həm də ali və orta təhsil ocaqlarında tədris olunan dərs vəsaitlərində isifadə oluna bilər. Bu məqamda əsərin nəşr olunması və bu əsər əsasında vaxtilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azəbaycan Neft muzeyinin yaradılması ilə bağlı 4 fevral 2008-ci tarixli Sərəncamını qeyd etmək istəyirik. Cənab Prezidentin imzaladığı Sərəncamda deyilir: “Azərbaycanda neft sənayesinin təşəkkülünü, zəngin ənənələrini, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində və bu gün davamlı artan potensialının əldə olunmasında müstəsna əhəmiyyətini, o cümlədən bəşər tarixinə verdiyi əvəzsiz töhfələri nəzərə alaraq, respublikamızın neft salnaməsinin öyrənilməsini və təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Neft muzeyi yaradılsın.
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Neft muzeyinin yaradılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.”
Bütün bunları nəzərə alaraq hesab edirik ki, Rafiq Abdullayevin çapa hazırladığı “Azərbaycan nefti - tarixə baxış” adlı monoqrafiyası nəinki bu sahənin mütəxəssisləri, habelə neft tariximizə maraq göstərən geniş oxucu dairəsi tərəfindən də rəğbətlə qarşılanacaqdır. “Bu Sərəncam imzalandıqdan sonra 2008-ci il mart ayının 29-da Sərəncamdan irəli gələn məsələlər ARDNŞ-də müzakirə olunmuş və muzeyin yaradılması ilə bağlı əsas istiqamətlər müəyyən edilmişdir. Onu da qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı indi də qüvvədədir və onun yerinə yetirilməsi siyasi, elmi vətarixi əhəmiyyət kəsb edir. Bu muzeyin yaradılmasında Rafiq Abdullayevin nəşr olunmuş II cildlik “Azərbaycan nefti-tarixə baxış” kitabından tarixi-xronoloji ardıcıllığı gözləmək şərti ilə istifadə olunsa çox zəngin materiallar əsasında bütün dövrlər ,sahələr və istiqamətlər üzrə ekpozisiyaların yalaradılması mümkündür.
İ.S.Quliyev,
AMEA-nın vitse-prezidenti, akademik
C.Ə.Bəhramov,
t.ü.f.d., dosent