Ankarada «Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi» mövzusunda beynəlxalq konfransın keçirilməsi göstərir ki, soydaşlarımızın doğma torpaqlarına dönüşü bütün türk dünyası üçün önəmlidir
Torpaqlarımız Ermənistanın işğalı altında qaldığı 30 ilə yaxın müddətdə «Nəyin, necə, nə vaxt» həll olunacağını dövlətçilik təcrübəsi ilə müəyyənləşdirən Prezident İlham Əliyev hələ o illərdə «Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» sözləri ilə Qərbi Azərbaycana qaydışın konturlarını də müəyyənləşdirirdi. «Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq» sözləri ilə soydaşlarımızın doğma torpağa qovuşmaq inamlarını alovlandırırdı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə soydaşlarımızın illərdən bəri həsrətində olduqları doğma torpaqlara qovuşmaq istəyini daha da yaxınlaşdırıdı.
Erməni daşnakların ötən əsrdə dəfələrlə törətdikləri soyqırımlar, etnik təmizləmələr, deportasiyalar nəticəsində doğma torpaqlarından zorla çıxarılan soydaşlarımız 1988- 1989-ci illərdə ata-baba yurdlarından son nəfərinədək vəhşiliklə qovuldular. O illərdə SSRİ-nin ilk və sonuncu Prezidenti, ermənipərəst Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq «islahatlarından» istifadə edən ermənilər Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında monoetnik dövlət siyasətlərini davam etdirdilər. Kütləvi hədələr, qətllər törətməklə azərbaycanlıların yaşadıqları kəndləri dağıtdılar. 70 nəfər soydaşımızın qətli ilə nəticələnən Qukark faciəsi, Vardenisdə, Masisdə, Kalinində, Qacaranda, Qafanda, Kirovakanda, Görusda, Sisianda, Amasyada, Alaverdidə törədilən qırğınlar nəticəsində 250 min soydaşımız Qərbi Azərbaycanı zorla tərk etməyə məcbur qaldı. 1948- 1953-cü illərin hadisələri təkrarlandı. Kremlin göstərişi ilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız Qarabağda deyil, çadır düşərgələrində yerləşdirildilər. Ermənilər isə «təkmillətli respublika» niyyətlərini, «Azərbaycanlılarsız Ermənistan!» ideyalarını gerçəkləşdirdilər. 1988-ci ildə şovinist «miatsum» hərəkatı ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlandı. Torpaqlarımızın 20 faizinin işğalı, zəbt olunmuş ərazilərimizdə yaşayan azərbaycanlıların doğma yurdların tərk etməsi günahsız azərbaycanlıların qətli, əlil olması ilə nəticələndi. Soydaşlarımızın kompakt yaşadıqları 300-dən çox şəhər və kənd boşaldıldı. Azərbaycanlı olduqları üçün 300 minə yaxın soydaşımız 3 il ərzində bir nəfər kimi Ermənistandan zorla çıxarıldı, öldürüldü, işgəncələrə məruz qaldı. İnsanlığa ləkə olan faciələrin Ermənistanın təcavüzkarlığı üçün şərait yaradan sovet hökumətinin gözü önündə baş verməsi ikiqat cinayət idi. Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz oldu. Amma xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, əyilmədi, doğma yurda qovuşacağına inamını itirmədi.
2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə o torpaqların xalqımıza məxsus olduğunu tarixi faktlarla açıqlayan, daşnakların törətdikləri soyqırımlarının əvəzsiz qalmayacağını bildirən Dövlət başçımızın «Doğma torpaqlara mütləq qayıdacağıq» çağırışı ürəklərdə öləziyən həsrəti alovlandırdı. Vətən müharibəsini Ermənistan üzərində Qələbə ilə başa çatdıran, 2023-cü ilin sentyabrında Qarabağda aparılan antiterror tədbirləri ilə suverenliyni tam bərpa edən, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə torpaqlarımızın simasını dəyişdirən Böyük Qayıdış Proqramının uğurlu davamı Qərbi Azərbaycana elliklə dönüşdür. Beynəlxalq ictimaiyyətə tarixin, faktların dili ilə çatdırıldı ki, ermənilər Azərbaycan torpaqlarına köçürülən, planlı şəkildə məskunlaşdırılan gəlmə toplumdur. «Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb» söyləyən Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının qarşısında qoyduğu əsas vəzifəyə uyğun hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında nəzərdə tutulan vəzifələr yerinə yetirilir. Hədəfi «İndi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz Böyük Qayıdış Proqramını da işləyəcəyik» sözləri ilə diqqətə çatdıran dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, dünya miqyasında tamamilə yeni bir vəziyyət yaradan Azərbaycan Orta Dəhliz layihəsinin əsas icraçısı olmaqla, Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarının bərpası istiqamətində qətiyyət göstərməklə xalqımızın itirilmiş inamlarının qaytarılması istiqamətində səylərini artırır. Vədlərinə sadiq Prezident İlham Əliyevin Böyük Qayıdışla bağlı göstərdiyi qətiyyət, Zəngəzur dəhlizinin bərpası bu inamın əbədi qarantıdır.
Soydaşlarımızın doğma torpaqlarına qayıdışının bütünlükdə türk dünyasının da başlıca istəyi olduğunu dəfələrlə qeyd edən Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin daha çox diqqət göstərdikləri Zəngəzur dəhlizinin açılması bilavasitə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışıdır.
Bu günlərdə qardaş ölkənin paytaxtı Ankarada «Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi”» mövzusunda beynəlxalq konfransın keçirilməsi də bu qətiyyətin davamıdır. Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd olunduğu kimi, Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olması yolunda çox əlamətdar hadisədir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təminatına möhkəm zəmin yaradır. Müraciətdə tarixi faktların xronologiyasının xatırladılması, soydaşlarımızın silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşaması kimi faktlara istinad etməklə erməni radikalizminin və ekstremizminin beynəxalq ictimaiyyətə çatdırılması Qərbi Azərbaycanla bağlı reallıqların təbliğidir. Xüsusilə 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədlərinə çatmaq üçün etnik təmizləmə aparan erməni millətçiləri Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişlər.
«2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir» sözlərinin yer aldığı müraciətdə haqlı olaraq qeyd olunur ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Təsadüfi deyil ki, «Qərbi Azərbaycan» və «Zəngəzur dəhlizi» ifadələri beynəlxalq status almış terminlərdir. Bu baxımdan Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olmasının vacib şərtdir.
Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, «böyük Ermənistan»” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalıdır. Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyət çatdırılması üçün UNESCO-nun monitorinq missiyası İcma ilə dialoqa başlamalıdır. «Ermənistan ərazisində «Qərbi Azərbaycan» olmadığı ilə bağlı sərsəm xəyallara qapılan Hayastanın baş naziri Nikol Paşinyanın «Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola da bilməz» sözlərinin cavabı soydaşlarımızın doğma torpaqlarımıza qayıdışı olacaq. «Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir» sözlərinin yer aldığı müraciətdə vuruğulandığı kimi, öz yurdlarına dönəcək soydaşlarımıza təhlükəsizlik zəmanəti də verilməlidir. «İnanırıq ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır» sözlərinin reallaşacağı isə şübhəsizdir.
Xuraman İsmayılqızı, «İki sahil»