12 may 2025 14:33
114

Birinci sinfə qəbulda prioritet tətbiq olunan məktəblər üzrə 2335 sorğu emal edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində müəyyən zaman müddətində prioritet (üstünlük hüququ) tətbiq olunan məktəblərə yerləşdirilən 2335 sorğu emal edilib.

İdarədən "İki sahil"ə bildirilib ki, həmin sorğulardan 1706-sı müvafiq üstünlük hüququna (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə qeydiyyatı olması, bacı-qardaşın həmin məktəbdə hazırda təhsil alması, valideynlərindən birinin həmin məktəbdə çalışması) əsasən təsdiq edilib. Hazırda valideynlər tərəfindən yerləşdirilmiş 629 sorğu isə emal mərhələsindədir.

Qeyd edək ki, sıxlıq müşahidə olunan məktəblərə müvafiq üstünlük hüququna əsasən sorğu yerləşdirilir. Sorğular 5 iş günü müddətində emal edilərək cavablandırılır. Valideyn tərəfindən qeyd edilmiş müvafiq üstünlük hüququ uyğun gələn uşaqların sorğuları təsdiqlənir, müvafiq səbəblərə görə sorğulara imtina verildikdə isə sistemdə vakant şagird yerləri yaranır. Bunları nəzərə alaraq, üstünlük hüququ olan, lakin müvafiq səbəblərdən sorğu yerləşdirə bilməyən valideynlərə müntəzəm olaraq sistemi izləmək tövsiyə edilir.

Onu da qeyd edək ki, ümumi təhsil məktəblərinin I sinfinə elektron qeydiyyat prosesi sentyabrın 12-dək davam edəcək.