10 may Azərbaycan tarixində sadəcə bir doğum günü deyil, bu, böyük bir liderin millətinə bağışlandığı gündür. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusu və qoruyucusu kimi xalqın qəlbində dərin iz buraxıb. Onun doğum günü hər il ehtiramla qeyd olunur və gənc nəsil üçün vətənpərvərlik dərsi rolunu oynayır. Onun xidmətlərini bir neçə istiqamətdə xatırlamaq olar. Əvvəla, Ulu Öndər 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. O, həmdə milli həmrəyliyi təmin etdi. İkincisi, Azərbaycanın müstəqil enerji siyasətinin əsasını qoydu və ölkənin beynəlxalq nüfuzunu artırdı. Heydər Əliyevin ən böyük xidməti Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və onu möhkəmləndirmək olub.
1993-cü ildə ölkədə dərin siyasi və iqtisadi böhran var idi. Onun hakimiyyətə qayıdışı ilə sabitlik bərpa olundu və dövlətçiliyin əsasları qoyuldu. Heydər Əliyev dövründə Azərbaycan iqtisadiyyatı yenidən qurulmağa başladı. Ən mühüm addımlardan biri 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” idi. Bu müqavilə vasitəsilə ölkəyə xarici sərmayələr cəlb olundu və neft sənayesinin inkişafı təmin edildi. Bu, həm də Azərbaycanın dünya arenasına çıxışını sürətləndirdi. Dövlətin təhlüsəsizliyinin əsas təminatçısı olan ordu o dövrdə tamamilə nizamsız vəziyyətdə idi. Heydər Əliyev peşəkar ordu quruculuğuna başladı, silahlı qüvvələrdə islahatlar həyata keçirdi. Bu gün Azərbaycan ordusunun güclü olması həmin dövrdə atılan təməl addımların nəticəsidir. O, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verirdi. Təhsil sistemində islahatlar aparıldı, xaricdə təhsil proqramlarının əsası qoyuldu. Bu gün minlərlə azərbaycanlı gəncin dünyada tanınmış universitetlərdə təhsil alması o siyasətin davamıdır. Onun mirası təkcə siyasi deyil, həm də mənəvi bir irsdir. Azərbaycan dövlətinin müstəqil və güclü olması üçün qoyduğu təməllər bu gün də davam etdirilir. O, sadəcə siyasi lider deyil, xalqın yaddaşında əbədi qalacaq örnək insandır. Hər il bu tarixdə Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət olunur, ölkənin hər yerində, Heydər Əliyev Mərkəzlərində tədbirlər, konfranslar, ədəbi-bədii gecələr təşkil olunur. Məktəblilər və tələbələr onun həyat və fəaliyyətini daha dərindən öyrənir, müxtəlif inşa və esse müsabiqələri keçirilir. O, daim gənclərə güvənirdi. "Gənclər bizim gələcəyimizdir" – deyirdi.
Bu gün də onun ideyaları əsasında gənclərin inkişafı, təhsili və dövlət quruculuğunda iştirakı üçün geniş imkanlar yaradılıb. 10 may, eyni zamanda, gənclərin liderlik nümunəsini tanıdığı bir gündür. 10 may – təkcə bir tarix deyil, milli yaddaş günüdür. Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. Onun ideyaları bu gün də yaşayır və gələcək nəsillərə yol göstərir. Bu gün biz azərbaycanlı olaraq çox qürürluyuq dünyanın hər yerində öz kimliyimizlə fəxr edirik. Bu qüruru bizə yaşadan ümummilli lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin davam etdirdiyi siyasi xətdir.
Onun "mən fəxr edirəmki mən azərbaycanlıyam",-devizi hər birimizin həyat fəlsəfəsidir.
Heydər Əliyev Azərbaycan tarixində və xalqımızın qəlbində daim yaşayacaq...
Bəhruz Məmmədzadə,
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri