23 aprel 2025 22:13
105

“Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” mövzusunda konfrans keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə 23 aprel 2025-ci il tarixində “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, Dövlət qurumlarının nümayəndələri, bələdiyyə sədrləri, elm xadimləri və media nümayəndələrinin iştirak etdiyi konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov konfransın əhəmiyyətinə toxunaraq, mövzunun aktuallığını qeyd edib. Azərbaycanın sürətli inkişaf yolundan danışan rektor, ölkəmizin hər sahədə yüksək göstəricilərinin olduğunu bildirib və əlavə edib ki, bu yeni dövlət idarəçilik texnologiyalarının tətbiqinin nəticəsidir.

Konfrans iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Akademiyanın gələcək idarəçilərin yetişdirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. O, Azərbaycanın müstəqilliyinin ilk illərini yada salaraq, ilk gündən qarşıya qoyulan əsas hədəfin insan kapitalının inkişafı olduğunu deyib.

Ailəni cəmiyyətin təməli, əsası adlandıran sədr, onunla dövlət arasında bağların önəmindən danışıb. B.Muradova, Dövlət Komitəsinin ailə siyasətinin həyata keçirilməsi sahəsində qurumlararası fəaliyyəti əlaqələndirən, siyasəti müəyyənləşdirən dövlət orqanı kimi ailə, onun qorunması, təhlükəsizliyinin təmin olunması və inkişafı məsələlərinə dair dövlət proqramlarını yerinə yetirdiyini diqqətə çatdırıb. O, dünyada gedən proseslərin çətinliklərinə daha çox məruz qalan ailənin mənafeyi, maraqları və problemlərinin aradan qaldırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və bələdiyyələrin bu sahədə rolunun artırılmasının vacibliyi, icmaların bu sahədə əhəmiyyətini qeyd edib. Urbanizasiyanın mənfi təsirləri, dəyərlərin böhranı kimi ailəni təhdid edən halların cəmiyyətə təsirindən danışan sədr, bu hallarla mübarizə məqsədilə həyata keçirilməsi vacib tədbirlərdən söz açıb, Dövlət Komitəsinin tərəfdaşları ilə birgə reallaşdırdığı layihələr haqqında məlumat verib.

Komitə rəsmisi bildirib ki, bələdiyyələr bir neçə istiqamətdə fərq yaratmaq imkanına malikdir və bu, ilk növbədə icma əsaslı sosial xidmətlərin göstərilməsi vasitəsilə özünü biruzə verə bilər: “Bələdiyyələr ailə məsələləri sahəsində maarifləndirmə layihələrini icra etməklə, gənc ailələrin dəstəklənməsi işinə dəstək verə bilərlər. Həmçinin risk altında olan həssas ailələrin monitorinqini apara, onların risk altında olmasının səbəblərini araşdıra, ailələrə sosial işçilər vasitəsilə dəstək göstərə bilər və bu problemləri təhlil edərək regional bir miqyasda proqramların reallaşmasının təşəbbüsçüsü kimi çıxış edə bilərlər” – deyə o əlavə edib.

O, Dövlət Komitəsinin bələdiyyə üzvlərinə yönəlik maarifləndirmə kampaniyaları haqqında geniş məlumatları diqqətə çatdıraraq, “Ailə Akademiyası” layihəsi və Bələdiyyələrdə yaradılmış Gender  Komissiyalarını xüsusilə vurğulayıb. Bildirib ki, gender komissiyaları icma üzvlərinin bələdiyyələrə əlçatanlığının artırılması, eləcə də  ailə və gender məsələlərinə həssaslığın gücləndirilməsi baxımından əhəmiyyətlidir. 

B. Muradova Dövlət Komitəsi ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında imzalancaq niyyət protokoluna diqqət çəkərək, üç ili əhatə edən bu sənədin vacib məsələlər üzrə müxtəlif fəaliyyət istiqamətlərini müəyyən etdiyini bildirib.Assosiasiyanın bu təşəbbüsləri koordinasiya və yaymaq baxımından körpü rolunu oynayacağını vurğulayan sədr,  bu prosesə sonrakı mərhələlərdə DİA kimi ixtisaslı elm və tədris mərkəzlərinin də qoşulmasını vacib hesab edib. Çünki Akademiyanın elm-tədris potensialı, nəzəri-praktik bazası və formalaşdırdığı kadr ehtiyatı, ailə yönümlü sosial təşəbbüslərin reallaşdırılması üçün olduqca mühüm intellektual imkanlar yaradır.

Çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qeyd edib ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün çoxsaylı sərəncamlar imzalanıb və qanunvericilik istiqamətində atılan addımlar öz müsbət təsirini göstərməkdədir. Yerli özünüidarəetmə orqanları icmalarda aztəminatlı və şəhid ailələrinə yardım göstərir, eyni zamanda münaqişə zəminində baş verən hadisələrin qarşısının alınmasında iştirak edir. Assosiasiya da bu sahədə bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün fəaliyyətini gücləndirir, bu sahədə qardaş ölkə Türkiyə təcrübəsinin öyrənilməsi üçün təcrübə mübadiləsi aparır. O diqqətə çatdırıb ki, Azərbaycanda 685 bələdiyyə üzvündən 240 nəfəri qadındır. Ötən illərlə müqayisədə bu çox yaxşı bir irəliləyişdir.

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov çıxışında bildirib ki, son illərdə bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlı islahatlar aparılıb, həmçinin qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Dövlət Komitəsi tərəfindən çoxsaylı layihələr həyata keçirildiyini bildirən deputat, Komitənin təşəbbüsü ilə bələdiyyələrdə yaradılmış gender komissiyalarının yaradıldılmasını əhəmiyyətini qeyd edib. Bələdiyyələrin vəzifələrindən birinin icmadaxili, ailələrarası münasibətlərin qorunması və təkmilləşdirilməsi kimi məsələlər olduğuna diqqət çəkən K.Bayramov əlavə edib ki, ailələrdə hər hansı bir problem, məişət zorakılığı olduqda vətəndaşlar ilk olaraq hüquq-mühafizə orqanlarına deyil, bələdiyyələrə müraciət etməlidirlər. Qısa müddət öncə ölkədə keçirilən bələdiyyə seçkilərinə diqqət çəkən deputat, yeni seçilmiş bələdiyyə üzvlərinin, xüsusilə qadınların və gənclərin həm gender komissiyalarının fəaliyətinin gücləndirilməsi, həm də ailə məsələlərinin həll edilməsi sahəsində daha geniş şəkildə fəaliyyət göstərəcəklərinə inamını ifadə edib.

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehdi Abdullayev qeyd edib ki, ölkəmizdə bələdiyyələrin yaradılması və inkişafı, strukturunun qurulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, bələdiyyələrin inkişafı və zamanın çağırışına uyğun fəaliyyət göstərməsi cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir. O bildirib ki, Ədliyyə Nazirliyinin inzibati nəzarət və metodoloji yardım olmaqla 2 istiqamətdə fəaliyyəti var.

“Möhkəm ailə-möhkəm dövlətdir” deyən Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri İsaxan Vəliyev uğurlu ailə siyasətindən və dövlət idarəçiliyində qadınların rolundan danışıb. O diqqətə çatdırıb ki, Ulu Öndər Azərbaycan ailəsini Avropadan fərqləndirmək üçün ailələrimizin fundamental əsasını qoruyan və mühafizə edən qanunvericilik bazasının yaradılmasına diqqət yetirirdi: “Ümummilli lider bununla bağlı azərbaycançılıq ideologiyasını irəli sürmüşdü və bu ideologiyanın isə əsas mahiyyəti milli kimliyin müəyyən edilməsi idi”- deyə o əlavə edib. Ailə siyasətinin formalaşmasında Dövlət Komitəsinin də fəaliyyətini yüksək qiymətləndirən İ. Vəliyev, bu istiqamətdə müvafiq təşkilatların birləşməsinin vacibliyini vurğulayıb. O, bələdiyyələrin də sosial öhdəliklər daşıdığını qeyd edərək, iki qurum arasında imzalanacaq anlaşma sənədinin ailə məsələləri istiqamətində problemlərin həllinə töhfə verəcəyini bildirib.

Daha sonra çıxış edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova yaradılan əlverişli şəraitdən və imkanlardan istifadə etməklə milli və ailə dəyərlərinin qorunması, qadınların icmalarda və idarəetmədə fəaliyyətinin artırılması, gender komissiyalarının işinin gücləndirilməsi istiqamətində yerli özünüidarəetmə orqanlarının müvafiq işləri həyata keçirəcəklərini diqqətə çatdırıb. 

Konfransın sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Əlaqələndirici koordinatoru Aydın Muradov tərəfindən Anlaşma Memorandumu imzalanıb.

Memorandum ailə və gender məsələlərinin dövlət siyasətinin prioritetlərindən olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinə və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Nizamnaməsinə uyğun olaraq, tərəflər arasında növbəti 3 il ərzində birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyəcəkdir.