Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti kimi müasir beynəlxalq münasibətlər sistemində mövqelərini olduqca möhkəmləndirib. Ölkəmiz dünyanın aparıcı güc mərkəzləri, o cümlədən Çin Xalq Respublikası ilə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı tərəfdaşlığa əsaslanan əlaqələri uğurla inkişaf etdirir. Dövlətimizin başçısının Çinin aparıcı xəbər agentliklərindən biri olan Sinxua agentliyinə verdiyi məxsusi müsahibə də bu reallığı bir daha təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə etmişlər. Prezident İlham Əliyev sözügedən müsahibəsində Birgə Bəyannamənin tarixi əhəmiyyət daşıdığını diqqətə çatdıraraq bu sənədin Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını qeyd edib.
Azərbaycanın və Çinin qarşılıqlı maraqları nəzərə alınmaqla müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının reallaşdırılması həm regional, həm də beynəlxalq səviyyədə mühüm nəticələr verəcəkdir. Ticarət, investisiya, kənd təsərrüfatı, alternativ enerji və yüksək texnologiyalar kimi sahələrdə işbirliyi potensialı kifayət qədər genişdir. Bu imkanlardan səmərəli istifadə olunması hər iki ölkənin iqtisadi inkişafına töhfə olmaqla bərabər, regionda sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir.
İki dövlət beynəlxalq müstəvidə də uğurlu əməkdaşlıq münasibətləri qurub, xüsusilə nəqliyyat-logistika sahəsində əlaqələr bu ölkələri daha da yaxınlaşdırır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutları bu əməkdaşlıq üçün etibarlı platforma yaradır. Eyni zamanda, Azərbaycan Çinin qlobal təşəbbüsü olan “Kəmər və yol” layihəsini dəstəkləyən ilk dövlətlərdən biri olub. Bu təşəbbüs çərçivəsində Azərbaycan həm Çin, həm də digər Asiya və Avropa ölkələri üçün strateji tranzit ölkəsinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat infrastrukturları bu istiqamətdə əməkdaşlığın texniki və logistik əsaslarını təmin edir.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək Çinin ərazi bütövlüyünə dəstəyini daim ifadə etməkdədir. Öz növbəsində, Çin Xalq Respublikasının Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi xüsusi vurğulanmalıdır. Azərbaycan və Çin, eyni zamanda ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasının tərəfdarıdır. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi diqqət ayıraraq bildirib ki, Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub: “Bizim sədrliyimiz dövründə Qlobal Cənub ölkələrini birləşdirən bu vacib platformanın rolunun və statusunun artırılması istiqamətində bir sıra ardıcıl səylər göstərilib. Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülərin qurulması bizim COP29-da sədrliyimiz çərçivəsində ideyalardan biri olub”.
Bütövlükdə, Azərbaycan ilə Çin arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri beynəlxalq səviyyədə əhəmiyyətli faktordur. Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə bu münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirib. Əlaqələrin genişlənməsi regionda sabitlik, davamlı inkişaf və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın təməlini möhkəmləndirir.
Mahir Süleymanlı,
Milli Məclisin deputatı