"Red Bull" komandasının sürücüsü Maks Ferstappen "Aston Martin" ilə 3 illik 300 milyon dollarlıq müqavilə imzalayacağına dair xəbərlər yayılıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.
Səudiyyə Ərəbistanının Suveren Fondu (PIF) komandanı kanadalı milyarder Lourens Strolldan alsa, sürücü Formula1 tarixinin ən bahalı müqaviləsinə imza ata bilər. PIF artıq avtomobil istehsalçısı "Aston Martin"də paya malikdir, Formula 1 komandasına sponsorluq edir.
Ferstappenin "Red Bull" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir. Müqavilədə cari mövsümün sonunda komandadan ayrılma imkanı bəndi var.
Qeyd edək ki, 27 yaşlı pilot ardıcıl dörd il Formula 1 çempionluğunu qazanıb. Bundan əlavə, bir mövsümdə ən çox qalibiyyət və ardıcıl Qran Pri qalibiyyət rekorduna sahibdir.